PUTİN-ƏRDOĞAN İTTİFAQI? – “Türkiyə prezidenti paralel ordu yaradır”

0
299

Vladimir Putin, turistlərdən sonra növbənin təbii qaza çatacağını əsas götürərək, Rusiya turizm kanalını yenidən Türkiyənin üzünə açıb. Bundan başqa o, noyabr ayında türk meyvə və tərəvəzi üçün qoyduğu embarqonun tezliklə götürülməsinə də söz verib.

Rusiya lideri türk həmkarı ilə görüşün yekununu belə dəyərləndirib: “Prioritet – ikitərəfli əməkdaşlığın böhrandan əvvəlkil səviyyəsinə çıxmasıdır”.

24 noyabr tarixində Suriya sərhəddində Rusiyanın “Su-24” bombardmançısının türk təyyarəsi tərəfindən düşürülməsi hadisəsi, yalnız xoşagələməz xatirə olaraq qalıb. Rəcəb Tayyib Ərdoğanın və Vladimir Putinin Sankt-Peterburq görüşü, Ankara və Moskvanın sürətlə istiləşən münasibətlərini möhkəmləndirib. Qərb düşərgəsi ilə soyuqlaşan əlaqələr indi hər iki tərəfi birləşdirir. Onların ziyan görmüş iqtisadiyyatı üçün, formalaşmış mövcud gərgin diplomatik təcridin yırtılması çox vacibdir.

Ərdoğan Konstantinsk sarayına, onu gözləyən Putinlə görüşə bir saat gecikmə ilə gəlib. İki dəqiqə ərzində Rusiya televiziyası Putinin sakit üz ifadəsi ilə danışıqlar zalında türk həmkarını gözləməsini göstəriblər. Əl sıxışmasından sonra, onlar mətbuatla qısa görüş keçiriblər.

Ərdoğan iki ölkənin əhəmiyyətini xüsusi qeyd edib: ”Bizim əməkdaşlığımız regiondakı bir çox problemlərin həll olunmasına böyük töhfə verib”.

– İki saatlıq görüş

Sonra Ərdoğan Vladimir Putinin sürətli davranışını tərifləyib: ”15 iyuldakı dövlət çevrilişinə cəhddən dərhal sonra sizin zəng vurmağınız, nəinki məni, həmçinin mənim həmkarlarımı və xalqı sevindirmişdir”. Putin də bunu təsdiq edərək deyib: ”Mən dövlət çevrilişinə cəhdlə əlaqədar, prezidentə zəng edərək, daxili siyasi böhranın aşılmasında onlara ilk dəstək verənlərdən biri oldum”.

Ankaranın təsəvvüründə bu addım, Rusiya ilə müqayisədə Qərb dövlətlərinin nə qədər soyuq olduğunu göstərir. Prezidentlər çox tezliklə mətbuat nümayəndələrini tərk edərək, iki saatlıq söhbətə yollandılar. Onların bu görüşünün ardından, geniş formatlı iki saatlıq görüş keçirilib.

Nümayəndə heyətinin tərkibi iki ölkə arasındakı münasibətlərin məğzini göstərir. Türkiyə tərəfindən xarici işlər, iqtisadiyyat, energetika, kənd təsərrüfatı, nəqliyyat naziriləri və həmçinin də müdafiə sənayesi üzrə dövlət katibi İsmayıl Dəmir iştirak edirdi. Rusiyanı isə xarici işlər, nəqliyyat və energetika nazirləri, Rusiyanın Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev və “Qazprom”un rəhbəri Aleksey Miller təmsil edib.

Görüş ərəfəsində Kremldən bildirilib ki, yekun olaraq, hər hansı sənədlərin imzalanması planlaşdırılmır. Bütün ekspertlərin gözlədiyi kimi, mətbuat konfransında hər iki dövlət başçısı ticarət əlaqələrinin tədricən normallaşacağını təsdiq ediblər. Vladimir Putin milyonlarla rusiyalının Türkiyədə istirahət etməsinə imkan yaradan çarter reyslərinin təşkilinə yaxın zamanlarda icazə veriləcəyini söz verib. Digər tərəfdən isə ərzaq məhsullarının idxalına qoyulmuş embarqo da bu ilin sonuna kimi tam şəkildə götürüləcək.

Ərdoğan isə öz tərəfindən “Qazprom”un “Türk axını” layihəsinə olan marağını təsdiq edib. Həmin layihənin necəliyi tam aydın deyil, lakin Kreml bundan möhkəm yapışıb. Türkiyə Almaniyadan sonra “Qazprom”un ikinci mühüm xarici müştərisidir. Başqa yandan isə, belə qəbul edilib ki, “Türk axını” Rusiya şirkətlərinin Avropanın cənubundakı mövqeyini gücləndirəcək. İkitərəfli münasibətlərdə əsas məsələlərdən biri olan və hələlik dondurulmuş “Akkuyu” Atom Elektrik Stansiyası layihəsi də diqqətlərdən kənarda qalmayıb. Türk lideri, tikilməsi və maliyyələşdirilməsi “Rosatom” tərəfindən təmin edilən elektrostansiyaya ”strateji investisiya statusu” veriləcəyini bildirib.

Dövlət başçılarından Suriya barəsində bəyanat gözləyirdilər, lakin onlar danışıqların nəticələri haqqında fikir bildirməyi gələcəyə saxlayıblar. Rusiya mətbuatı Suriyada gələcəkdə baş verə biləcək hadisələrin qarşısının alınması üçün Rusiya və Türkiyə silahlı qüvvələri arasında əlaqələrin bərpa olunmasını qeyd edib. Baş tutmayan çevrilişlə əlaqədar mövqeyi laxlamış Türkiyə kəşfiyyatının başçısı Hakan Fidanın Sankt-Peterburqda iştirak etməsi bununla bağlıdır. Burada o, Rusiya silahlı qüvvələrinin baş gərargah rəisi Valeri Gerasimovla söhbətləşib. Bu arada isə, müdafiə sənayesi üzrə dövlət katibi İsmayıl Dəmirin iştirakı gözlənilməz olub.

Strateji analiz və texnologiya mərkəzinin direktoru Ruslan Puxov güman edir ki, NATO üzvü olmasına baxmayaraq, Türkiyə Rusiya texnologiyasına maraq göstərə bilər. O deyib:”Ərdoğan prezident qvardiyasına bənzər paralel ordu yaradır və onu silahlandırmaq lazımdır. Bundan əlavə Ərdoğan “okeanomaniya”ya mübtəla olub və öz ölkəsini böyük dəniz dövləti etmək istəyir. Məsələ ondadır ki, Moskva Ankaraya silah satmağa hazırdırmı?”

(“Le Figaro”)

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

twenty − eighteen =