Oktyabrın sonunda Dağıstanın Buynaksk rayon məhkəməsi kənd həkimiDaniyal Alkhasov-un “sələfi” kimi qeydiyyata alınmasını qanunsuz sayıb.
Məhkəmə Daxili İşlər Nazirliyinin Buynaksk rayon şöbəsinə onu “potensial ekstremistlər” siyahısından çıxarmağı da tapşırıb.
Məhkəmənin bu qərarı ilə razılaşmayan polis şöbəsi apellyasiya şikayəti ilə Dağıstanın Ali Məhkəməsinə üz tutsa da, Ali Məhkəmə də Buynaksk rayon məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Erpeli kəndinin sahə həkimi Daniyal Alkhasov-a təzyiqlər hələ 2014-cü ildə başlanıb. Polisin “xüsusi qeydiyyatında” olmasını Alkhasov təsadüfən, yol-patrul xidməti (YPX) sənədlərini yoxlamaq üçün saxlarkən öyrənib. Sankt-Peterburq Hərbi Tibb Akademiyasının məzunu olan Alkhasov bir neçə il həkim çalışandan sonra 2010-cu ildə Dağıstana qayıdaraq, burada çox adi həyat yaşayıb.
O, terapevt – can həkimi kimi işə düzəlib və eyni zamanda Buynaksk rayon xəstəxanasında təcili yardım həkimi çalışıb.
Bir dəfə kənddə futbol oynarkən…
YPX postunda baş verən olayadək polisin Alkhasova heç bir iddiası olmayıb. Ancaq bir dəfə kənddə keçirilən futbol oyununda polis onun saqqalına irad tutub.
“Mən kəndimizin komandasında oynayırdım, hər şey normal idi. Yarışa Buynaksk rayon daxili işlər şöbəsinin rəisi Zaur Yahyayev də qatılmışdı. Bir polis əməkdaşı mənə yaxınlaşıb dedi ki, saqqalımı qırxmalıyam, çünki Yahyayev saqqallıları sevmir”, – Alkhasov-un sözləridir.
Polis xəbərdarlıq da edib ki, saqqala görə Alkhasov-u vəhhabi kimi qeydiyyata sala bilərlər.
Bundan sonra həkimi dəfələrlə rayon daxili işlər şöbəsinə gətirərək zorla saqqalını qırxmağa çalışıblar. Onu hədələyərək terrorçu təşkilatları dəstəkləməkdə suçlayaraq, DNT analizi verməyə məcbur ediblər. Alkhasov-un xanımı Asiyat da eyni prosedura məruz qalıb.
Alkhasov-un sözlərinə görə, yenə rayon daxili işlər şöbəsinə çağıranda, polislərin birindən soruşub ki, ondan əl çəkmələri üçün nə etməlidir. Polis ona deyib ki, o ya xristianlığı qəbul etməli, ya da ölməlidir. Alkhasov belə deyir.
Həkim kömək üçün “Memorial” Hüquq Müdafiə Mərkəzinə üz tutub
Buynaksk rayon polis şöbəsinin nümayəndəsi Magomed Murtazaliev Ali Məhkəmənin iclasında Alkhasov-un qeydiyyata alınmasının qanuniliyini sübut etməyə çalışıb. O, hansısa idarədaxili gizli əmrlərə və “Polis haqqında” qanuna söykənib və Alkhasov-un qeydiyyata alınmasının əsassız olmadığını desə də, konkret faktlar göstərə bilməyib.
Polis bu addımın hüquq pozuntusu sayılmadığını və bu səbəbdən “onun qanunsuz təqib edildiyinə dair məlumatın yanlış olduğunu” iddia edir.
“Memorial”ın hüquqşünası Galina Tarasova bununla razılaşmayaraq, Alkhasov-un bir sıra hüquqlarının, o cümlədən dini etiqad, hərəkət və şəxsi həyatın toxunulmazlığı hüququnun pozulduğunu bildirib.
Kənd imamının ifadəsi
Polis özünün apellyasiya şikayətində Erpeli kənd imamının verdiyi ifadədən yararlanıb. İmam deyibmiş ki, guya Alkhasov onunla islamın təfsirləri barədə diskussiya aparıbmış. Ancaq materiallar arasında imamın izahatı var. O deyir ki, Daniyal heç bir təbliğat aparmayıb. İmam həkim haqqında müsbət rəy verib. Həkim əmindir ki, polislərin imamın adından təqdim etdikləri izahat saxtadır. Sənəddə heç imamın imzası da yoxdur.
Məhkəmədəki dialoq
Kənd həkimi hər cümə məscidə dua etməyə getdiyini deyəndə, hakim ondan hansı dinə inandığını soruşub. Onların arasında belə bir dialoq yaşanıb:
– İmamımızın sitayiş etdiyi dinə inanıram, – Alkhasov deyib.
– Bəs burada sələfilik yazılıb, – deyə hakim onun sözünü kəsib.
– Bunu polis iddia edir. Bilmirəm onlar bu məlumatı haradan alıblar.
– Belə bir şey yoxdur? – deyə hakim dəqiqləşdirməyə çalışıb.
– Yox. Özüm də bilmək istəyirəm ki, polis belə məlumatları haradan alır.
Bundan sonra məhkəmə Alkhasov-un xeyrinə qərar çıxarıb.
Yalnız 5-6 min adam bacarıb
Məhkəmə qərarı qüvvəyə minən kimi, DİN Alkhasov-un adını siyahıdan çıxarmalıdır.
“Memorial” İnsan Hüquqları Mərkəzinin məlumatına görə, Dağıstanda profilaktik qeydiyyatda, rəsmi olaraq, 10 min adamın adı var. Qeyri-rəsmi məlumatlara görə isə, bu say 16 minə çatır. Bu şəxslərdən yalnız 5-6 mini öz adlarını siyahıdan çıxarmağı bacarıb.