Ermənistanda prezident Serj Sarkisyanla müdafiə naziri Seyran Ohanyan arasında ciddi narazılıq yaranıb.
APA-nın məlumatına görə, “Joxovurd” qəzeti yazır ki, Ermənistan Silahlı Qüvvələrində yüksək vəzifəli şəxslərin işdən çıxarılması və korrupsiya faktları ilə bağlı prezidentlə nazir gərgin söhbət olub.
S. Sarkisyan son hadisələrlə bağlı S. Ohanyana bildirib ki, sadəcə, Azərbaycanla müharibə amilini nəzərə aldığı üçün onu vəzifədən azad etməyi hələlik lazım bilmir. “Lakin prezident bildirib ki, Ohanyan yaranmış vəziyyətlə əlaqədar reputasiyasını təmizləməlidir. İstefası Azərbaycanın əlində təbliğat vasitəsi olmaması üçün hələlik vəzifəsində qalacaq. Ohanyan isə yaxın ətrafına bildirib ki, istefa vermək niyyətində deyil. Pis işləyirsə, qoy, onu prezident vəzifəsindən azad etsin”, – deyə qəzet yazır.
Qeyd edək ki, ki, Azərbaycanla Ermənistan arasında aprel ayında təmas xəttində baş verən gərginlikdən sonra Ermənistan prezidenti S. Sarkisyanın fərmanı ilə müdafiə nazirinin müavini, nazirliyin maddi-texniki təminat departamentinin rəisi Alik Mirzabekyan, Rabitə Qoşunlarının rəisi, Müdafiə Nazirliyinin rabitə və avtomatlaşdırılmış idarəetmə sistemləri idarəsinin rəisi, general-mayor Komitas Muradyan və Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının Kəşfiyyat İdarəsinin rəisi, general-mayor Arşak Karapetyan işdən çıxarılıb.
Bu ilin mayında isə Ermənistan Silahlı Qüvvələrinin Silahlanma İdarəsinin rəisi, general Mels Çilinqaryan, polkovniklər Armen Markaryan və Mger Papyan Ermənistan İstintaq Komitəsinin Baş hərbi istintaq idarəsinin açdığı cinayət işləri çərçivəsində saxlanılıblar.
Həmin cinayət işləri keyfiyyətsiz malların alınması, habelə vəzifə səlahiyyətlərindən sui-istifadə halları ilə bağlı faktlar əsasında qaldırılıb. İlkin məlumata görə, bəzi məhsullar baha qiymətə alınıb.
Bundan başqa, İrəvanın Maştots rayonunun hərbi komissarlığının şöbə rəisi, podpolkovnik Şant Avetisyan 5 min dollar rüşvət alarkən saxlanılıb.