Perspektiv əməkdaşlıq istiqaməti

0
1651

Perspektiv əməkdaşlıq istiqaməti

Təxminən 150 milyon nəfərin yaşadığı coğrafiyanı əhatə edən Türk Dövlətləri Təşkilatı müasir dünyanın aparıcı çoxtərəfli platformalarından birinə çevrilib. Xüsusilə də son dövrlərin qlobal geosiyasi və iqtisadi trendləri türk dövlətləri arasında əməkdaşlığın möhkəmləndirilməsini və inkişafını zəruri edir. Bu baxımdan ötən il İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü müstəsna tarixi əhəmiyyətə malikdir. Zirvə toplantısında qurumun adının dəyişdirilərək təşkilata çevrilməsini Türk Dövlətləri Təşkilatının təsis edilməsi istiqamətində növbəti vacib addım kimi də qiymətləndirmək olar. Çünki, bu Prezident İlham Əliyevin qeyd etdiyi kimi, sadəcə ad dəyişməsi deyil, həm də inkişaf vektorunun dəyişməsidir: “Ona görə ki təşkilatın üzvləri olan bütün ölkələrdə birliyi möhkəmləndirməyin zəruri olmasını başa düşürlər”. Ötən dövr ərzində təşkilat daha da inkişaf edib, türkdilli dövlətlər arasında əlaqələr möhkəmləndirilib və birliyin formalaşdırılması istiqamətində inamlı addımlar atılıb. Hazırda dünyanın aparıcı beynəlxalq təşkilatlarının müxtəlif ölkələrin maraqlarının toqquşması nəticəsində öz üzərinə düşən vəzifəni yerinə yetirə bilməməsi sirr deyil. Bu baxımdan ortaq tarixi, mədəniyyəti, ənənələri paylaşan və təbii müttəfiqlər olan ölkələrin formalaşdırdığı Türk Dövlətləri Təşkilatının unikal üstünlükləri var. Belə ki, üzv ölkələrin yuxarıda sadalanan ortaq cəhətləri təşkilat daxilində həmrəyliyin güclənməsinə xidmət etməklə yanaşı, qarşılıqlı inam və dəstəyə, geniş əməkdaşlığa şərait yaradır. Türk Dövlətləri Təşkilatının hərbi-siyasi cəhətdən daha da qüdrətlənən üzv ölkələri dünyada sülh və əmin-amanlığı, sabitliyi, təhlükəsizliyi, iqtisadi inkişafın təmin edilməsini dəstəklədiklərini həm təşkilat çərçivəsində, həm də müxtəlif beynəlxalq təşkilatlarda dəfələrlə səsləndiriblər. NATO-nun ən qüdrətli ölkələrindən olan Türkiyə yurdda və dünyada sülhdən yana olduğunu, hər nə qədər sui-istifadə edilsə də, qonşularla mehriban münasibətlərin tərəfdarı olduğunu hər fürsətdə bəyan edir. Azərbaycan isə 44 günlük Vətən müharibəsində Ermənistanın 30 illik işğalına son qoyaraq, BMT qətnamələrini təkbaşına tətbiq edərək Qafqazda sülh və əməkdaşlıq üçün unikal imkan yaratmağı bacarıb. Türk Dövlətləri Təşkilatı üçüncü tərəflərə qarşı formalaşdırılmış bir alyans deyil, müxtəlif sahələrdə beynəlxalq əməkdaşlığın güclənməsinə xidmət edən qlobal əhəmiyyətli bir platformadır. Qeyd etmək yerinə düşər ki, Qarabağın azad edilməsi Zəngəzur dəhlizi kimi bir layihənin reallaşdırılmasını da mümkün edərək Türk dünyasının pozulmuş coğrafi bağlantısının bərpa edilməsi üçün tarixi imkan yaradıb. Bu baxımdan Qarabağın azad edilməsi sadəcə Azərbaycan üçün deyil bütün türk dünyası və türk dövlətlərinin birliyi üçün dönüş nöqtəsi sayılacaq bir hadisədir. Təsadüfi deyil ki, müharibədən 1 il sonra, İstanbulda keçirilən Zirvə görüşündə Prezident İlham Əliyev Qarabağın azad edilməsi işində göstərdiyi səylərə və türk birliyinin daha da güclənməsi işinə töhfələrinə görə Türk Dünyasının Ali Ordeninə layiq görülüb. Zəngəzurda həyata keçiriləcək nəqliyyat və kommunikasiya layihələri ilə türk coğrafiyası yenidən birləşəcək. Ölkələr arasında əvvəldən mövcud olan həmrəylik və əməkdaşlıq səbəbi ilə Türk Dövlətləri Təşkilatına üzvlük olduqca cəlbedicidir. Vll Zirvə görüşündə Özbəkistanın təşkilata üzv olması, VIII sammitdə isə Türkmənistanın müşahidəçi qismində təşkilatda təmsilçiliyini rəsmiləşdirməsi qurumun coğrafiyasının genişlənməsi və daha da güclənməsi istiqamətində mühüm addımlar idi. Azərbaycan təşkilata sədrliyi dövründə türk dövlətləri arasında birliyin möhkəmləndirilməsi istiqamətində üzərinə düşən bütün vəzifələri yerinə yetirməkdən çəkinməyib.

Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Ehtiram Osmanov