Türkiyə təhlükəli səyahət ölkəsinə çevrilib

0
608

İstanbulda partlayış - 6 oktyabr 2016

ABŞ mətbuatı vətəndaşları Türkiyəyə getməməyə çağırır. Keçən həftəsonu Dövlət Departamenti İstanbuldakı ABŞ konsulluğu əməkdaşlarının ailələrinin Türkiyədən çıxarılması barədə göstəriş verib. CNN telekanalının oktyabrın 31-də yayımladığı proqramda deyilir ki, rəsmilər etibarlı mənbələrdən aldıqları bilgiyə əsasən hərəkət edir. Kanalın Dövlət Departamentinin iki yüksəkvəzifəli əməkdaşından aldığı məlumata görə, təhlükə xəbəri ümumi xarakterli olsa da, etibarlı mənbədəndir. Rəsmilərdən biri xəbərdarlığın «fövqəladə spesifik» olduğunu deyib.

İKİNCİ XƏBƏRDARLIQ

ABŞ rəsmiləri Türkiyənin terror əleyhinə mübarizəni gücləndirdiyini etiraf etsələr də, vətəndaşlarını taleyin ümidinə buraxmaq niyyətində olmadıqlarını vurğulayıblar.

Dövlət Departamentinin yaydığı xəbərdarlıqda deyilir ki, Türkiyədə ictimai tədbirlərin keçirildiyi yerlərə, nəqliyyat mərkəzlərinə, o cümlədən hava, dəniz limanı, metro, avtobus dayanacaqlarına, körpülərə hücum ola bilər. Ekstremistlər həmçinin, qərbliləri, o cümlədən ABŞ vətəndaşlarını girov götürməklə hədələyiblər.

Bu hücumların qərblilərin daha çox səfər etdiyi İstanbul şəhərinə planlandığı deyilir.

«The New York Times» qəzeti yazır ki, son bir həftədə ABŞ ikinci dəfədir Türkiyəylə bağlı xəbərdarlıq edir. Əvvəlki xəbərdarlıqda Dövlət Departamenti vətəndaşlarını Türkiyəyə səfər etməzdən öncə ətraflı düşünməyə çağırmış, yerli və beynəlxalq terrorçuların məhz turistləri hədəfə aldığını bildirmişdi.

İstanbul Hava Limanı

İstanbul Hava Limanı

YARAQLILAR FƏALLAŞIB

Qəzet həm «İslam Dövləti» (İŞİD) silahlı qruplaşması, həm də Kürd Fəhlə Partiyası (PKK) yaraqlılarının son zamanlar Türkiyədə daha da fəallaşdığını vurğulayır.

CNN yazır ki, terror hücumları artdığından və Ankara Suriyada vətəndaş müharibəsinə cəlb olunduğundan Türkiyə son bir ildə xüsusilə təhlükəli ölkəyə çevrilib.

Kanal iyunda Atatürk Hava Limanına hücumun və avqusta Qaziantəpədə toyda partlayışda İŞİD-in günahlandırıldığını xatırladır. Atatürk Hava Limanında 44, Qaziantəpədə isə 54 nəfər həlak olmuşdu.

2009-cu ildə silahlı şəxslər İstanbuldakı ABŞ konsulluğunu atəşə tutub. 2013-cü ildə isə Ankaradakı ABŞ səfirliyi yaxınlığında bir nəfər özünü partlatmışdı.

VAŞİNQTONDAN NARAZI KÜTLƏ ARTIR

«The New York Times» qəzeti Türkiyədə çevriliş cəhdində günahlandırılan Fethullah Gülen-in ABŞ-a sığındığını, bunun da öz növbəsində Türkiyədə Vaşinqtondan narazı kütlənin artırdığını vurğulayır.

«International Business Times» isə Türkiyədə baş verənlərin turizmə güclü təsir göstərdiyini, 2015-ci ilin mayından 2016-cı ilin mayınadək Türkiyəyə gedən turistlərin sayının 34.7% azaldığını, 2.48 milyona düşdüyünü yazır. Bu isə Türkiyədən ötrü son 20 ildə ən aşağı rəqəmdir.

Qəzet Türkiyəyə təkcə ABŞ-dan gedən turistlərin bu il 60% azaldığını vurğulayır.

ABŞ-la yanaşı, Britaniya da vətəndaşlarını Türkiyəyə səfərdən çəkinməyə çağırıb. Avstraliya, Kanada, İrlandiya kimi ölkələr Türkiyəyə səyahət edən vətəndaşlarına xüsusi tövsiyələr verir.

Amerikalı ailələrin deportasiyasına başlanılsa da, İstanbuldakı ABŞ konsulluğu fəaliyyətini dayandırmayıb.

BIR CAVAB BURAXIN