Papa ilə görüşən, Putinlə danışıqlar aparan nikahdankənar varis

0
611
Belarus prezidenti Aleksandr Lukaşenkonun oğlu yoxa çıxıb.
Publika.az xəbər verir ki, avqustun 31-də 12 yaşını tamam edən Lukaşenkonun kiçik oğlu Kolya Lukaşenko haqda müəmmalı xəbərlər yayılır.
Kolya atasının varisi olaraq təqdim olunur. Kiçik yaşlı olmasına baxmayaraq, bu uşaq dünyanın demək olar ki yarısını gəzib. Hətta Roma Papası ilə də görüşən Kolya BMT Ali Məclisində də olub. Çində onu Belarusun şahzadəsi adlandırırlar. Tez-tez medianın qarşısında görünən, atası ilə səfərlərə çıxan Kolyanın təxminən üç aydır görünməməsi suallar yaradır.

Nikahdan kənar varis

Kolya Lukaşenkonun üçüncü oğludur. Ondan böyük iki qardaşı var. Qardaşlarından fərqli olaraq Kolya nikahdan kənar doğulub. Onun anasının kim olduğu dəqiq bilinmir. KİV iddia edir ki, Kolyanın anası prezidenti müalicə etmiş İrina Abelskayadır. Bu xanım həkim haqqında məlumat çox azdır: o Brestdə doğulub, birinci nikahdan Dmitri adlı oğlu var. 1994-cü ildən 2001-ci ilə qədər Lukaşenkonun şəxsi həkimi olub. 2001-ci ildə Abelskaya Prezidentin İşlər İdarəsinin Respublika Klinikasının baş həkimi vəzifəsinə təyin olunub. Onun anası Lyudmila Postoyalko Belarusun səhiyyə naziri postuna təyin edilib. Şaiyələrə görə, Lukaşenko ilə Abelskayanın gizli sevgisi 2007-ci ildə sona çatıb. Bundan sonra prezident oğlu Kolyanı hər yerə özü ilə aparır.
“Sizə səmimi deyəcəm ki, əgər mən evdə yoxamsa, Kolya yatmır, yemir, su içmir. O, mənə quyruq kimi bağlanıb. Mən onu özümlə bütün xarici səfərlərə aparmağa məcburam, əks halda, o yatmayacaq, yeməyəcək”, – deyə Lukaşenko oğlu Kolyanı səfərlərə aparmasına görə özünə belə haqq qazandırır.

Kolya 2007-ci ildən dünyada tanınmağa başlayıb. Belarus lideri elan etdi ki, böyük oğullarına ümid etmir və onun varisi Kolyadır. Lukaşenkonun böyük oğlu Viktor Respublika Təhlükəsizlik Şurasının üzvü və prezidentin köməkçisidir. İkinci oğlu Dmitri isə Milli Olimpiya Komitəsinin üzvü, prezidentin idman klubunun rəhbəridir.

“Mən nazir olanda səni güllələyəcəm”

Lakin Kolya əsas varisdir və Lukaşenkonun fikrincə, bu uşaq ölkənin prezidenti ola bilər.

“Çox aktiv və təvazökardır, ağıllı oğlandır. O, hər şeyi anlayır. Bəlkə də kobud alınacaq, lakin deyə bilərəm ki, Kolya mənim talismanım, xaçım kimidir”, – deyə Lukaşenko bildirir.
Lakin Kolya öz şıltaqlığı ilə də yadda qalıb. Misal üçün, yeddi yaşında olanda o, bir dəfə stüardessanın əlini dişləyir. Çünki stüardessa onu təyyarənin qapısını bağlamağa qoymamışdı. “Mən nazir olanda səni güllələcəm”, deyə Kolya stüardessanı buna görə hədələmişdi də.

Putin, Obama, Roma Papası onun dostudur

Artıq 12 yaşını tamam edən Kolya indiyə qədər Putin, Yukaşenko, Medvedev, Barak və Mişel Obama, həmçinin, iki Roma Papası ilə görüşüb. İlk görüşlərdə Kolya çətinlik çəkirdi. O, atasının dizləri üstündə oturur, danışıqları kəsir və tez getməyi xahiş edirdi.
Lukaşenko belə hadisələr haqda danışır: “Mən Kolyaya deyirəm ki, yaxın gəl, amma dizlərim üstə oturma, bu rəsmi danışıqlardır. O, dərhal dava etməyə başlayır. “Yox, mən sənin dizlərinin üstündə oturmaq istəyirəm. Sən mənim atamsan, mənim sənin dizlərini istəyirəm”. Nə vaxt ki, jurnalistlər gedir, ondan sonra “sən artıq otura bilərsən” deyib yanıma çağırıram”.
Kolyanın ən sevimli oyunu kompüterdə tank oyunu oynamaqdır. Lukaşenko deyir ki, oğluna bu məsələdə məhdudiyyətlər qoyub: “Bir saat tank oyunu, bir saat yarım musiqi dərsləri. Daha sonra bir saat yenə tank oyunu”,

Siyasi biclik

KİV-lər iddia edirlər ki, Lukaşenkonun oğlunu yanında götürməsinin digər səbəbi siyasi texnologiyadır. Bu texnologiyanı onun ictimaiyyətlə əlaqələr üzrə britaniyalı mütəxəssisi Timoti Bella fikirləşib. Politoloqların fikrincə, Belarus prezidenti kiçik oğlunu özü ilə aparmaqla diqqət mərkəzinə düşür və bu, həm də onun haqında deyilən “Avropanın sonuncu diktatoru” obrazını müəyyən qədər yumşaldır.

Kolya hardadır?
Və budur, mübaliğə ilə desək, “Avropanın sonuncu varisi” yoxa çıxıb. Üç aydır heç kim onu atasının yanında görmür. Lukaşenkonun bir çox xarici ölkəyə səfərində, Belarusda keçirilən tədbirlərdə Kolya gözə dəymir. Ən diqqət çəkən məqam isə respublikanın müstəqillik günündə o, iştirak etmirdi.

Bunun bir neçə səbəbinin ola biləcəyi düşünülür: 1. O, anası ilə tətildədir. 2. Lukaşenko anladı ki, artıq böyüyən oğlunu özü ilə hər yerə aparması vətəndaşlarda qıcıq yaradır. Ona görə də müəyyən vaxta qədər onu kölgəyə çəkib.

BIR CAVAB BURAXIN