Onun çox böyük ambisiyaları var, günlərin birində prezident olmaq istəyir…

0
303

Rusiya hakim elitasında kadr dəyişiklikləri kampaniyası özünün pik nöqtəsinə çatıb. Xəbər verildiyi kimi bu gün Rusiya prezidenti Vladimir Putin Kreml administrasiyasının rəhbərinin müavini Vyaçeslav Volodini Dövlət Dumasının spikeri postuna namizəd irəli sürüb. Bir gün əvvəl isə Putin Dövlət Dumasının spikeri Sergey Narışkini Xarici Kəşfiyyat Xidmətinin direktoru vəzifəsinə təyin edəcəyini açıqlamışdı.

“The Financial Times” bu kadr dəyişikliklərini şərh edərək yazır ki, Narışkinin kəşfiyyata rəhbər göndərilməsi Vyaçeslav Volodinin sürətli yüksəlişi üçün yolu açır. İndi Volodin spiker postunu tutmaqla növbəti nəsil Rusiya siyasi elitasının super ağır çəkili fiquruna çevrilir.

“Volodin üçün son kadr dəyişikliyi xidmətdə nəhəng irəliləyiş oldu. 52 yaşlı məmur əvvəl Dövlət Dumasının deputatı olub, ancaq 2011-ci ilin sonlarından prezident administrasiyasında işləyirdi. Orada o, siyasi partiyalar sistemini dəyişdirmək üçün kulislər arxasından işlər aparıb, “Vahid Rusiya” partiyasının seçkilərdə pis nəticə göstərməsindən və Moskvada Putinə qarşı etirazlardan sonra siyasi sistemi dəyişib”-qəzet yazır.

Ötən ay Putin özünün çoxdankı siyasi tərəfdaşı Sergey İvanovu prezident administrasiyası rəhbərliyindən azad edib, protokol xidmətinin rəhbərini onun yerinə gətirib. Volodini isə spiker vəzifəsinə namizəd kimi nəzərdə tutub.

“Bu təyinat Rusiyanın güc strukturlarında, regional hakimiyyət orqanlarında və prezident administrasiyasında uzun illərdir Putinlə birlikdə yol gəlmiş, siyasi çəkiyə malik elita nümayəndələrinin əvəzlənməsinə yönəlmiş kadr dəyişikliklərinin kulminasiya nöqtəsidir”-qəzet yazır.

“Financial Times”  qeyd edir ki, Narışkinin Volodinlə əvəzlənməsi Rusiyaya Qərb ölkələri ilə parlament əlaqələrini genişləndirməyə imkan verəcək. Çünki Krıma görə Narışkinə sanksiyalar tətbiq olunub.

Qəzetə danışan mənbələr deyiblər ki, Volodin son seçkilərdə hakim partiyaya Dövlət Dumasında əvvəlki 343 yerə nisbətən 450 yer əldə etməyə imkan verən parlament kampaniyasının arxitektoru idi. İndi isə onu mükafatlandırıblar.

“Onun çox böyük ambisiyaları var və o, gözəl günlərin birində prezident olmaq istəyir”-Dövlət Dumasının gələcək spikerini yaxşı tanıyan mənbə deyib.

Volodinin siyasi karyerası inanılmaz sıçrayışla yüksəlib. İndi inanmaq çətindir ki, o, düz 15 il maşın-traktor stansiyasında mexanizator işləyib. Sonra Saratovda kənd təsərrüfatının mexanikləşdirilməsi İnstitutuna daxil olub. Nəhayət o, öz gücünə, himayəsi Saratov qubernatorunun müavini vəzifəsinə qədər yüksəlib. O vaxtkı qubernator Dmitri Ayatskov Volodini həddən artıq ambisiyalı olduğu üçün yanından uzaqlaşdırıb, Moskvaya göndərib. Tanıyanlar deyir ki, Volodin anadan siyasətçi doğulub, dahi manipulyatordur və prezident olmaq ambisiyalarından xali deyil…

Virtualaz.org

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

13 + fifteen =