Rusiyanın Saratov vilayətində magistral neft borusunda yanğın nəticəsində 30 fərdi ev işıqsız qalıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Saratov vilayətinin qubernatoru Valeri Radayev bildirib.
“Əhali arasında təşvişə heç bir əsas yoxdur – hər şey nəzarətdədir. Hazırda 15 dərəcə şaxtada 30-dək fərdi ev işıqsız qalmaqdadır”, -deyə Radayev hadisənin baş verdiyi Krasnoarmeyskoye kəndində yaradılmış əməliyyat qərargahında keçirilən iclasda deyib.
Qəzanın fəsadlarının aradan qaldırılması istiqamətində tədbirlər görülür.
“Transneft”in məlumatına görə, bu gün Kuybışev-Tixoretsk magistral neft borusunda qəza nəticəsində 900 kubmetrədək neft sızıb (Bəzi mənbələr 2 min kubmetrədək neftin azdığını iddia edir). Məlumata görə, hadisə yerində daha sonra baş vermiş yanğın yaxınlıqdakı iki evə keçib. Sakinlər təxliyə olunub, xəsarət alan olmayıb.
Hazırda yanğın tam söndürülüb.