Moskvada Azərbaycan-Rusiya ittifaqını dağıtmaq istəyənlər kimlərdir…

0
467
 

Haqqin.az saytı  jurnalist Eynulla Fətullayevin Moskvada Rusiya ilə Azərbaycan arasında münasibətləri korlamağa çalışanlar barədə araşdırmasını dərc edib. Məqalədə deyilir ki, bu dairələrin başında “Kremlin bir addımlığında” kök salmış erməni lobbisi gəlir.

“Moskvanın düz mərkəzində, Kremlin və Dövlət Dumasının bir neçə addımlığında, qədim Neqlinnoy küçəsində “Ararat” otelinin binası ucalır. Bu dəbdəbəli otelin ultramüasir arxitekturası Rusiya paytaxtının mərkəzinin bu gün də toxunulmaz qalan tarixi hissəsi ilə ziddiyət təşkil edir. Tarixin küllüyündən dirçəlib qalxmış böyük dövlətin tanınmış dövlət xadimləri  hər gün Kremldəki kabinetlərini tərk edəndə  gözlərinə Moskvanın köhnə erməni kvartalının qalıqları arasında ucalan simvolik “Ararat” sataşır. Rusiya ermənilərini həmişə orta əsrlərin Andaluslar xilafətindəki yəhudilər kimi, hökmdarların  saraylarının yaxınlığında saxlamağa çalışıblar”-müəllif yazır.

Müəllif qeyd edir ki, “Ararat” otelinin müasir arxitekturası Moskvanın tarixi hissəsi ilə nə qədər ziddiyyət təşkil edirsə Kremlin qala divarlarının yaxınlığında kök salmış erməni lobbisinin siyasəti də Rusiya hakimiyyəti üçün eləcə ziyanlıdır.

Korrupsiyaya və siyasi hiyləgərliklərə batmış bu lobbinin ən həyasız, çirkin nümayəndəsi postsovet məkanında hamının yaxşı tanıdığı Konstantin Zatulindir. Sovet Acarıstanında çekist ailəsində doğulmuş Zatulin özünü dəbdəbəli şəkildə MDB İnstitutunun direktoru kimi təqdim edir, onun missiyası zorakı separatizmin və Rusiyanın bəzi dairələrində hazırda populyar olan, ölkənin bütün perimetri boyu separatçı regionlardan ibarət “təhlükəsizlik zonasının” yaradılması ideyasının təbliğindən ibarətdir.

Zatulin az qala bütün MDB ölkələrinin qara siyahısındadır, çünki ərazi bütövlüyü prinsipini zədələməklə məşğuldur. O, Abxaziyanın Gürcüstandan ayrılmasını təbliğ edib, Ukraynanın şərqində kök salıb, Qarabağdan olan səhra komandirləri ilə birlikdə “Azərbaycanın məhvinə” çağırıb. Zatulin əslində “Motorolla” ləqəbli donbaslı banditin səliqəli taraş olunmuş və ütülü şalvar geymiş formasıdır. Və onun əslində formal mövcud olan “kontorunda”- cəmi 4 nəfər işçisi olan MDB İnstitutundakı kabinetinin üzərində asılmış “direktor” lövhəsi Zatulinin quldur keçmişini gizlədə bilməz.

Müəllif yada salır ki, Zatulin hələ 80-ci illərin sonlarında SSRİ müəssisələrinin gənc rəhbərləri Assosiasiyasına başçılıq edərkən kriminal biznesə necə “krışalıq” edirdi və  1993-cü ildə fırıldaq yoluyla  minlərlə adama “atan” Beynəlxalq ticarət və əməkdaşlıq Bankını necə yaratmışdı. Bu həmin Zatulindir ki, moskvalıları guya 140 mənzilin uduşa çıxarıldığı 23 milyon lotereya bileti fırıldağı ilə aldadaraq özünə İspaniyada daşınmaz əmlak almışdı, yaxud “Robrok” firmasının sahibi qismində yeni formalaşan bazarın ilk fırıldaqçılarından komission haqq alırdı.

İndi Dövlət Dumasının deputatı olan Zatulinin bu cinayətkar keçmişi ona Kremlin divarları önündə erməni təbliğat maşınının ruporuna çevrilməyə mane olmayıb. Əvvəllər  vasitəçiliklə məşğul olan “Robrok” broker firmasının rəhbəri olan  K.Zatulin bu gün erməni kriminal piramidalarından öz haqqını alır, ancaq bu gün ticarət predmeti ayrıdır, informasiya-siyasi mahiyyət daşıyır! “İndi o, tanınmış moskvalı oliqarx, “Taşir” qrupunun sahibi Samvel Karapetyandan komission haqq alır”-məqalədə vurğulanır.

Bu həmin Samvel Karapetyandır ki, “Forbes”in hesablamalarına görə 4 milyard dollara yaxın pulu var, şirkətlərinin illik dövriyyəsi 1.5 milyard dollara yaxındır. Samvel Karapetyan 2008-2011-ci illərdə Serj  Sərkisyanın administrasiyasının rəhbəri olmuş Karen Karapetyanın qardaşıdır. “Taşir” qrupunda keçmiş prezident Robert Köçəryanın da yaxın dostu, “Stink” şirkətlər qrupunun əsasını qoyan Gennadi Stepanyan vasitəsilə təmsil olunan  maraqları var. Stepanyanın oğlu isə Rusiya KİV-lərinin yazdığı kimi, baş prokuror Yuri Çaykanın oğlu Artyom Çaykanın biznes partnyorudur.

Müəllif yada salır ki, bloqqer Aleksandr Lapşinin Belarusdan Azərbaycana ekstradisiya olunmasından sonra həmin Zatulin “Mən Lukaşenkoya və İttifaq Dövlətinə görə utanıram” adlı qəzəbli məqalə yazıb. Azərbaycan hakimiyyəti tərəfindən işğal altındakı ərazilərə icazəsiz səfər etdiyi üçün axtarışa verilmiş şəxsin tutulub təhvil verilməsini “təhlükəli presedent” adlandırıb. Həmin məqalədə Zatulin siyasi kəndirbazlıq edir və həqiqətləri kobud təhrif edib siyasi “afyorizm” nümayiş etdirir.

Əslində rəsmi Bakı siyasi xadimlərin, deputatların, jurnalistlərin Qarabağa girişini qadağan eləmir, onlardan sadəcə tələ edir ki, Azərbaycanın icazəsini alsınlar. Bu da suveren dövlətin qanuni hüququdur! Zatulin isə qalmaqallı bloqqerin taleyindən çox narahat olub, “Lapşin presedentini” təhlükəli sayır, axı özü də həmin bloqqerin taleyini yaşaya bilər.

E.Fətullayevin yazdığına görə Zatulin dərk edir ki, Rusiyada deputat toxunulmazlığına malik olsa da onu da üçüncü ölkədə həbs edib əlləri qandallı Bakıya verə bilərlər. Uzağa getmək lazım deyil, elə Zatulinin tez-tez baş çəkdiyi Belarusda. Zatulin Azərbaycanın “qisasçılığından” danışır, ancaq sual yaranır: bəyəm Rusiya özünün strateji və milli maraqlarından söhbət gedəndə belə prinsipial və qisasçı deyil?!“Nəyə görə Rusiya qisasçı davrana bilər, Azərbaycan isə yox?”-müəllif sual edir.

Zatulin məqaləsində yazır ki, indi “yaxın xarici” Krım yayını yenidən özü üçün açan Rusiyanın vətəndaşlarını Lapşin kimi “siyasi və ya iqtisadi maraqlara görə” alver predmetinə çevirmək epidemiyası bürüyə bilər. Bununla da o, Rusiya üçün həssas mövzu olan Krım məsələsi ilə spekulyasiya etməyə çalışır.

“Lakin Moskvada kimsə Zatulinin yadına salmalıdır ki, AŞPA-da səsvermə zamanı Ermənistandan fərqli olaraq Azərbaycan Rusiyaya qarşı sanksiyalara qarşı səs vemişdi. Zatulin görəsən bilirmi ki, Ermənistan nümayəndə heyəti həmin səsvermədə sanksiyaların lehinə çıxmışdı? Əgər Zatulin öz ölkəsinin maraqlarını düşünürsə ən azından bu arqument onu yenidən düşünməyə və mövqeyinə yenidən baxmağa məcbur etməliydi. Lakin Karapetyandan alınan komission haqlara gələndə, uzaqdan güclə görünən Araratın maraqları naminə öz ölkəsinin yaxın müttəfiqinə hücum edən bu direktor-deputatdan başqa nə gözləmək olar?”-məqalədə deyilir.

Müəllif Zatulinin ermənilərə işlədiyinin çoxdan aydın olduğunu qeyd edərək başqa məqama toxunur: bəs son vaxtlar Kurqinyan, Bağdasarov, Mirzəyan, Şahnazarov Babayan, Satanovski kimi erməni və ya ermənipərəst eksertlərin  Rusiya telekanallarının efirini “bəzəməsinə”, onların oxları Bakıya tuşlamasına şərait yaradılmasına nə deyəsən? Hansı ki, onlar Rusiya “zombi-qutusunun” baş aktyoru Solovyovun verilişində Azərbaycanın ünvanına düşmənçilik çağırışları ilə çıxış edirlər.

“Belə görünür ki, Rusiya istebleşmentinin bir hissəsi Türkiyə ilə qarşıdurma tarixçəsində olduğu kimi Azərbaycana qarşı da oxşar ideoloji və təbliğat taktikasını işə salıb. Kimsə Rusiyada Azərbaycan-Rusiya siyasi ittifaqını pozmağa bərk can atır”—müəllif bu qənaətə gəlir.

Məqalədə deyildiyinə görə, bütün bunlara madam Simonyanın (“Rossia Today”) və Aram Qabrielyanovun (life.ru) Azərbaycana qarşı informasiya diversiyasını, Jirinovskinin Rusiyanın tərkibində Bakı quberniyasının yaradılması barədə ritorikasını da nəzərə alanda xeyli həyacan doğuran mənzərə yaranır.

“Bu həyacanı Rusiya “İsgəndər”lərinin Ermənistanda peyda olması daha da gücləndirir. Hələlik deyirlər ki, həmin “İsgəndərlər” Yaxın Şərqə tuşlanıb. Lakin bu, hələlik belədir”-müəllif yazır.

Məqalədə daha sonra İtaliyanın cənubundakı kiçik Melandunyo şəhərində kimlərinsə Azərbaycan qazını nəql edəcək TAP kəməri konsorsiumunun ofisinə Molotov kokteyli atması xatırladılır. Hansı ki, kəmərin Adriatik dənizindən keçib İtaliya sahillərinə çıxdığı Apuliya bölgəsində TAP-a qarşı müəmmalı etirazlar yeni deyil. Bu kəmər əslində Avropanın qaz təcizatının şaxələndirilməsinə xidmət edəcək, onun işə düşməsindən sonra İtaliyanın özündə qazın qiyməti aşağı düşəcək. Ancaq Apuliya bölgəsinin sakinləri qəfildən qaz kəmərinin içməli su mənbələrinə, yaxud zeytunluqlara təhlükəsi barədə narahat olmağa başladılar. Etirazlar, nümayişlər, məhkəmə iddiaları, Moltov kokteyli…

TAP-a qarşı təbliğatın və aksiyaların başında İtaliya parlamentində 22 faiz yerlə təmsil olunan “S Stars” müxalif hərəkatının lideri, şoumen Beppe Qrillonun dayandığı məlumdur. SOCAR vitse-prezidenti Elşad Nəsirov bir müddət əvvəl Qərb KİV-lərinə müsahibəsində ehtiyatla eyham vurmuşdu ki, Beppe Qrillonun Rusiyada himayəçiləri və dostları var.

E.Fətullayev qeyd edir ki, Azərbaycana qarşı başladılmış kampaniyada Moskvadakı səfirliyimiz qarşısında təşkil edilmiş bir neçə aksiya xüsusi narahatlıq doğurur. Hansı ki, bu aksiyalar Moskvanın mərkəzində, bir adamın belə piket keçirməyə icazəsi olmadığı yerdə keçirilir!

“Rusiya polisi şiə təşkilatı “Əhli Beyt”in səfirliyin qarşısında keçirdiyi aksiyanı 45 dəqiqə sakitcə izləyib, həmin aksiyada açıq-aşkar Azərbaycan hakimiyyəti əleyhinə şüarlar səslənib. Üstəlik son aylarda Moskvada talış icmasının separatçı qismi çox fəallaşıb. Talış separatçılarının əsl himayəçilərinin adları Moskvaya da, Bakıya da yaxşı məlumdur. “Regnum” Rusiya agentliyi isə tamamilə bu separatçıların xidmətindədir”-məqalədə deyilir.

Müəllif talış separatçısı Faxroddin Abboszadənin özünü Moskvada tam rahat hiss etməsindən, təhlükəsiz şəraitdə talış xəbərlər saytı buraxmasından və Azərbaycanın ünvanına hədələr səsləndirməsindən bəhs edir. Qeyd edir ki, Moskvadakı ermənipərəst qüvvələr bu cür yollarla Rusiya-Azərbaycan siyasi ittifaqını parçalamağa can atır. Hansı ki, bu ittifaq prezidentlər İlham Əliyevlə Vladimir Putinin möhkəm şəxsi dostluğu, qarşılıqlı etimadı əsasında qurulub.

Məqalədə yenidən Lapşin məsələsinə qayıdılır və Moskvadakı bəzi dairələrin bloqqerin məsələsinə bu cür hədsiz diqqətinin səbəbinin anlaşılmaz olduğu vurğulanır. Axı Lapşinin Rusiya pasportu daşıması tamamilə formaldır. O, 13 il əvvəl İsrailə gedib, bu ölkənin ordusunda xidmət edib və həyatı böyük ölçüdə İsraillə bağlıdır. Rusiyada isə cəmi bir neçə il (2002-2007) olub. 2008-ci ildə yenidən İsrailə qayıdıb, oradan isə Gürcüstana köçüb. “Təsəvvür edin ki, son iki ildə Lapşin Batumidə yaşayıb, yəni onun həyatında Gürcüstan nə qədər yer tutursa Gürcüstan da təxminən o qədər yer tutur”-müəllif bildirir.

O zaman sual yaranır: nəyə görə Rusiya özünün digər vətəndaşı, ermənilərin əlində girov olan Dilqəm Əsgərovun taleyindən bu cür narahat deyil? Axı onun da Rusiya pasportu var. Və Dilqəmin ailəsi dəfələrlə Rusiya hakimiyyətinə müraciət edib ki, öz vətəndaşının taleyi ilə maraqlansın. Soçidəki üçtərəfli görüşdə prezident Əliyev Rusiya prezidentinə Dilqəmin ailəsinin müraciətini şəxsən çatdırıb. Bundan sonra da Moksvaya onunla bağlı dəfələrlə müraciətlər edilib, kömək xahiş edilib. Reaksiya isə yoxdur. Nə Lavrovdan səs çıxıb, nə Jirinovskidən, nə də Rusiya ombudsmanından…

“Üstəlik ermənilərin girov saxladığı ikinci azərbaycanlının-Şahbaz Quliyevin arvadı rusdur, Rusiya vətəndaşıdır. O zaman Moskva nəyə görə ermənilərin Rusiya vətəndaşları ilə bu cür barbar davranışından narahat deyil? Axı onlara girovluqda işgəncə verirlər!”-E.Fətullayev bildirir.

Məqalədə Rusiyanın Qarabağ münaqişəsinin nizamlanmasına dair ötən il böyük ümidlər bəslənən vasitəçilik missiyasının da nəticəsiz qalmasına toxunulur. Hansı ki, Rusiyanın tərəflərə Ermənistanın işğal altında saxladığı bir neçə rayonu azad etməsini də nəzərdə tutan plan təqdim etdiyi, bu plan əsasında razılaşmanın əldə edilməsinin gözlənildiyi məlum idi. “Lakin Moskvadakı erməni partiyası böyük səylər göstərərək Rusiyanın Qarabağ nizamlanmasında dönüş yaratmaq cəhdinin də qarşısını aldı”-müəllif yazır.

Bəs bütün bunların axırı necə olacaq? Erməni lobbiçilərinin həmlələrini doğrudan da dayandıran tapılmayacaq? Axı prezident Vladimir Putinin Bakıya 2013, 2015 və 2016-cı illərdə baş tutmuş səfərlərindn sonra Azərbaycanla Rusiyanın münasibətlərində yeni era açılıb. Azərbaycan hətta geosiyasi qüvvələr balansı və yeni regional təhlükəsizlik sistemi doktrinasının reallaşmasında mühüm rol oynayıb.

Məqalədən sitat: “Azərbaycan Türkiyə ilə Rusiya arasında barışığın əldə olunması üçün bacadığın edib, Rusiya-İran-Azərbaycan geosiyasi sütununun əsas dayaqlarından biri olub. Nəhayət ABŞ və Rusiya Baş qərargah rəislərinin görüşü üçün öz qapılarını açıb. Bütün beynəlxalq platformalarda Rusiya ilə həmrəylik nümayiş etdirib. Və bu gün Rusiya-Azərbaycan ittifaqı erməni lobbisinin satqın əlinin sıxdığı Domokl qılıncı altında qalıb. Və həmin lobbinin nişangahında iki tarixi düşmən-Azərbaycan və Türkiyə var. Biz bunu Rusiya TV-lərinin dilindən eşidirik, görürük”.

Müəllif sonda yazır ki, erməni lobbiçiləri Rusiyanın milli maraqlarına təhdid təşkil edirlər, axı onlar ölkələrimiz arasında dostluq münasibətlərini dağıdırlar. “Rusiyanın görkəmli dövlət xadimlərinin Kreml divarları yaxınlığındakı Araratdan üz döndrməyin vaxtı çatmayıbmı? Xüsusən də Ararat hələ Osmanlı imperiyasının dövründən Türkiyə ərazisində yerləşir? Bax cavabı hələ olmayan əsas sual budur”-E.Fətullayev vurğulayır.

P.S. Məqalənin rus dilində orijinalını haqqin.az saytından oxumaq olar (http://haqqin.az/news/93084).

Virtualaz.org

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

11 − 1 =