Martin Borman: müəmmalı qaçış (2)

0
660

 

Adı çəkilən ölkə rəhbərləri öz kəşfiyyat rəhbərlərindən Bormanın dirisini və ya ölüsünü tapmağı tələb edirdilər. Ona görə də hər üç ölkə kəşfiyyatı Bormanı Almaniyanın hər yerində, hətta onun hüdudlarından kənarda belə axtarırdılar. 1945-ci il oktyabr ayının 18-də Böyik Britaniya kəşfiyyatı mayor Riçard Xortinə Bormanın tapılmasını tapşırdı.

Müharibə qurtarana yaxın, 1945-ci il aprelin ortalarında Böyük Britaniya kəşfiyyatı Bormanın əkizini gizlicə Berlinə göndərmişdi. Məqsəd bu yolla faşist Almaniyasının qızıllarının yerini öyrənmək idi. Çünki almanların hansı bankda nə qədər pul gizlətdiklərini və onların gizli hesab nömrələrini yalnız Borman bilirdi. O vaxt faşist Almaniyasında eyni zamanda bir neçə müxtəlif rəsmi tədbirdə iki Bormanın peyda olunması çaşqınlıq yaratmışdı. Amma bunu araşdırmağa artıq vaxt yox idi. Ona görə də ingilis, alman və sovet kəşfiyyatı müəmma qarşısında qalmışdı: Sovet əsgərləri ilə qarşılaşma zamanı ölən həqiqi Borman, yoxsa onun əkizi olub? Bu suala bu günə kimi cavab tapılmayıb. Çünki ingilislərin əkiz Bormanı da Berlində müəmmalı şəkildə yoxa çıxıb və onun taleyi məlum deyil.

Axtarışlar və müəmmalar

Bormanın müəmmalı şəkildə yoxa çıxması istər ABŞ və Böyük Britaniya, istərsə də SSRİ kəşfiyyatının yuxusunu qaçırmışdı. Adı çəkilən ölkə rəhbərləri öz kəşfiyyat rəhbərlərindən Bormanın dirisini və ya ölüsünü tapmağı tələb edirdilər. Ona görə də hər üç ölkə kəşfiyyatı Bormanı Almaniyanın hər yerində, hətta onun hüdudlarından kənarda belə axtarırdılar. 1945-ci il oktyabr ayının 18-də Böyik Britaniya kəşfiyyatı mayor Riçard Xortinə Bormanın tapılmasını tapşırdı. Xortin Bormanın şəkli olan 200 min vərəqə çap etdirdi və onu Almaniyanın hər yerinə yaydı. Bormanın yerini bilənlərə böyük miqdarda mükafat vəd edilirdi. Amma Bormanı gördüm deyən yox idi. Axtarışlar nəticəsində Borman tapılmasa da Bavariyanın Memmingen şəhərində “Hitleryugend” gənclər təşkilatınınn keçmiş rəhbəri və yaradıcısı Artur Aksmanı həbs etmək mümkün oldu. Sorğu-sual zamanı Aksman müstəntiqə bildirdi ki, o, Borman, Hitlerin şəxsi həkimi Lüdviq Ştumpfeqqer, fürerin şəxsi pilotu Hans Bauer və digərləri ilə birlikdə Berlindən qaçaraq gizlənmək üçün yola çıxıblar.

Aksmanın sözlərinə görə, yolda Vaydendamm körpüsü yaxınlığında onlar güclü atəş altına düşüblər. Bormanla birgə mərminin əmələ gətirdiyi çuxurda gizlənən Aksman atəş dayanandan sonra yenidən yola davam etdiklərini bildirib. Amma bu dəfə əsir düşəcəkləri halda tanınmasınlar deyə hərbi mundirlərindəki fərqlənmə ulduzlarını qoparıb atmışlar. Lerter dəmiryolu stansiyasına yaxınlaşarkən onlar sovet əsgərləri ilə rastlaşıblar. Bu dəfə yollarını dəyişərək İnva-lidenştrasse yoluna çıxıblar. Yenə də burada sovet əsgərləri ilə üzləşiblər. Bu dəfə sovet əsgərləri onları müharibənin son günlərində zorla səfərbərlıyə alınan “Folksşturma” korpusunun əsgərləri hesab edərək toxunmayıblar. Çünki bu korpusun əsgərlərinə silah paylaya bilməmişdilər və onlar kütləvi şəkildə fərariliyə baş vururdular. Bu sovet əsgərlərinə və zabitlərinə məlum idi. Ona görə də onlara dəyib dolaşmırdılar. Aksman müstəntiqə verdiyi ifadədə daha sonra baş verənləri belə təsvir edir: “Sovet əsgərlərindən aralanandan sonra Bormanın və Ştumpfeqqerin çox qorxduğunu gördüm. Onlar istiqamətlərini dəyişərək birlikdə sürətli addımlarla bizdən ayrıldılar və Şarite ( Berlin universitetinin klinikası) istiqamətində irəliləməyə başladılar. Mən adyutant Gerd Veltsinlə onları təqib etməyə başladım. Bir arada onları gözdən itirdik. Bir azdan yolda meyitlərlə üzləşdik, şübhələndik. Yaxınlaşanda onların Borman və Ştumpfeqqer olduğunu gördük. Mən Bormana yaxınlaşıb onu tərpətdim. Amma artıq o nəfəs almırdı.”

Amma nə üçünsə Nürnberq məhkəməsində Aksmanın dediklərinə inanmadılar və bunu iz azdırmaq kimi dəyərləndirdilər. Yalnız istintaqda iştirak edən ingilis müstəntiq, tanınmış tarixçi Hyuc P. Trevor-Roper “Hitleryugend” şefinin doğru danışdığını söylədi, ancaq bunu nəzərə almadılar. Nürnberq məhkəməsində məsələ ilə bağlı Aksmanı dinləmək əvəzinə, Bormanı sonuncu dəfə görən Hitlerin şəxsi sürücüsü Erix Kempkanı şahid sifətində dinləməyə üstünlük verdilər. Kempka sonuncu dəfə Bormanı may ayının 2-də gecə görüb.

”Borman şəhərdən çıxa bilərdimi?” sualına Kempka: “Yox, hər yer əsgərlərlə dolu idi. Belə vəziyyətdə şəhərdən qaçmaq mümkün deyildi”,-deyə cavab verdi. Daha sonra Kempka məhkəməyə verdiyi ifadəsində Bormanın ölməsini belə təsvir edir: “Bizdən az aralıda Borman və bir qrup adam gedirdi. Qəfildən həmin qrupa arxadan bir neçə tank yaxınlaşdı və onları mühasirəyə aldı. Borman nə üçünsə adamlardan ayrılaraq tanka yaxınlaşdı. Görünür, o nə isə sürücüyə izah etmək istəyirdi. Amma həmin an haradansa atılan mərmi gözlənilmədən tanka dəydi. Nəticədə partlayış baş verdi və onun dalğası Bormanı yerə çırpdı.”

Bundan sonra Bormanı məhkəmədə müdafiə edən vəkil Fridrix Berqold Kempkaya sual verir: “Siz gördünüzmü ki, partlayışın gücündən Borman həlak oldu?”

Kempka bu suala belə cavab verir: “Bəli, belə güclü partlayışdan sağ qurtarmaq mümkün deyildi”.

Amma onun bu sözləri də məhkəməni qane etmir. Onlar Kempkanın yalan söylədiyini və bunu Bormanın axtarışını dayandırmaq cəhdi kimi dəyərləndirirlər. Ona görə də məhkəmə qiyabi olaraq Borman haqqında ölüm hökmü çıxardı. Buna etiraz edən isə ancaq məhkəmə prosesində iştirak edən amerikalı Frensis Biddl oldu. O, məhkəməyə sübut etməyə çalışdı ki, şahidlər doğrusunu danışırlar və Borman həqiqətən də ölüb. Ancaq onun bu cəhdləri nəticə vermədi. Məhkəmədən sonra Bormanı hər yerdə axtarmağa başladılar. Bu məqsədlə ABŞ Böyük Britaniya və SSRİ-nin ən yaxşı kəşfiyyatçıları axtarışa cəlb edilmişdilər. Bormanı axtarmaq üçün adı çəkilən ölkələrin xüsusi xüdmət orqanları Avstraliyaya, Misirə, Mərakeşə, Argentinaya xüsusi kəşfiyyat qrupları göndərmişdilər. Ancaq heç yerdə Bormanın izinə düşmək mümkün olmurdu. Bununla belə Borman haqqında şayiələr davam edirdi. Kəşfiyyatçılar onu axırıncı dəfə Münhendə ticarət- sənaye palatasının sədri ilə bir yerdə görüldüyü və ya Çexiyanın Xomutove şəhərində yeger-ovçu adı altında gizləndiyi barədə məlumat alırdılar. Ancaq hər dəfə də izə düşə bilmirdilər. 1949-cu ildə müharibədən sonra Çiliyə mühacirət edən Paul Qeoslyayn Bormanı oradakı mühacirlər arasında gördüyünü və dərhal da tanıdığını bildirdi. Qeoslyayn vaxtı ilə Bormanı yaxından tanıdığını və səhv etmədiyini söylədi. Amma yenə də Bormanı Çilidə tapmaq mümkün olmadı. Borman haqqında yayılan şayiələrin heç birinin təsdiqini tapmadığını görən Bextes-qaden məhkəməsi 1954-cü ilin yanvar ayında onun ölməsi və bu səbəbdən axtarışların dayandırılması haqqında qərar çıxardı. Məhkəmə hökmündə 1945-ci il may ayınn 2-də Bormanın həlak olduğu və onun ölümünün Berlindəki zaqslardan birində 29 223 nömrə altında qeydə alındığı əksini tapıb. Amma yenə də bu Bormanın ölümünün təsdiqi üçün yetərli olmadı.

1959-cu ildə Berlin məhkəməsi Bormanla bağlı işə yenidən baxaraq 2 il ərzində bununla bağlı əldə edilən bütün materialları araşdırdılar. Sonra bu materialları o vaxt nasist canilərin axtarışı ilə məşğul olan və bu işdə böyük uğurlar əldə edən Frits Bauerə verdilər. Bauer əmin idi ki, Borman harada isə Cənubi Amerikada gizlənir. Buna onun əsasları da var idi. Belə ki, Bauer 1959-cu ildə kütləvi şəkildə əlillərin və xəstələrin məhv edilməsinə rəhbərlik edən və sonra uzun müddət məhkəmədən qaçaraq gizlənən doktor Verner Haydenin izinə düşərək ələ keçirmişdi. Hayden istintaqa verdiyi ifadəsində demişdi ki, o müharibədən sonra bir müddət Danimarkada işləmişdi. Almaniya Federativ Respublikası təşkil ediləndən sonra isə Hayden doktor Frits Savade adı altında ölkəsinə qayıtmışdı. Onun sözlərinə görə Danimarkada o bəzi nasist liderlərə, o cümlədən Bormana yardım etmişdi. Borman bir neçə gün onun yanında gizlənmişdi. Sonra onu hara isə cənuba göndərmişdilər. Onun bu sözləri Bauerə inandırıcı gəlmişdi. O dərhal Cənubi Amerikada Bormanı axtarmağa başladı. Bu arada isə daha doğrusu 1960-cı il may ayının 13-də Argentinanın paytaxtı Buenos Ayres də İsrail kəşfiyyatı Klemento Rikardo adı altında gizlənən nasist cani Adolf Eyxmanı həbs etmişdi. Eyxman da istintaqa verdiyi ifadəsində Bormanın qaçıb gizləndiyini söyləmişdi. Amma Bauer Cənubi Amerikada belə Bormanın izinə düşə bilmədi.

1965-ci ildə Kempkanın Bormanın ölümünü dediyi yeri qazdılar. Ancaq orada meyit yox idi.

1971-ci ildə Almaniya Federal Kəşfiyyat İdarəsinin keçmiş sədri Reynxard Gelenin “Xidmət” adlı kitabı çapdan çıxdı. Həmin kitabda Gelen Bormann rus kəşfiyyatçısı olduğunu yazmışdı. Onun yazdığına görə, Borman müharibədən sonra SSRİ-yə qayıdaraq orada başqa ad altında yaşayıb. O bu barədə Almaniya kansleri Konrad Adenauerə məlumat verdiyini, ancaq onun siyasi amilləri nəzərə alaraq bu məsələ ətrafında səs-küy qaldırmamağı məsləhət gördüyünü bildirib. Amma yenə də SSRİ bu iddiaya rəsmi və ya qeyri-rəsmi münasibət bildirmədi, onu nə təsdiq, nə də təkzib etmədi. Görünür bu heç də səbəbsiz deyil. Ola bilsin ki, ən azından SSRİ kəşfiyyatını vaxtı ilə Bormanla nə isə bağlayıb.

Üstündən illər ötməsinə baxmayaraq bu gün də Bormanla bağlı müəmmalar davam etməkdədir. Çox güman ki Bormanın müəmmalı taleyinə də heç vaxt aydınlıq gətirilməyəcək. Çünki bunda maraqlı güclər var…

Əziz Mustafa

BIR CAVAB BURAXIN