İslam dünyasının ilk qadın Baş naziri: siyasi zirvəyə gedən əzablı yollar (1)

0
672

 

Onun haqqında son 35-40 ildə istər Asiya, istərsə də Qərb mətbuatında kifayət qədər çox yazıblar. Şərqdə İslam aləmində ilk qadın Baş nazir olmaq şərəfi ona nəsib olub. Amma ona istər öz ölkəsində istərsə də ondan kənarda münasibət birmənalı deyil. Bəziləri üçün o demokratiyanın tərəfdarı, azadlıq simvolu, digərləri üçünsə ABŞ başda olmaqla Qərb dünyasının Pakistanı nəzarətdə saxlamaq üçün bir vasitə hesab edilirdi. Bütün bunlara baxmayaraq, o, Şərqdə və Qərbdə özünəməxsus imicə malik bir siyasətçi qadın kimi məşhur oldu. Siyasi həyata qəlişi də həyatı üçün təhlükəli olan anlarla, suş-qəsdlərlə yadda qaldı. Həyatının ən ağır dövrlərində yenidən Pakistana qayıdaraq Baş nazir olmaq istədi. Amma uzun fasilədən sonra onun Pakistana yeni qayıdışı bunu istəməyən qüvvələr tərəfindən heç də yaxşı qarşılanmadı… Qarşılanma mərasimi zamanı baş verən partlayışlar 135 adamın həyatına son qoydu, 500-ə yaxın adam isə ağır yaralandı. Amma tale keçmiş Baş nazirin üzün güldü. O, partlayışlar zamanı aldığı yüngül xəsarətlə canını qurtara bildi. Bunun ardınca xanım siyasətçi baş verən terror olaylarında onun təhlükəsizliyinə cavabdeh olan nazirlikləri və radikal ovqatlı islamçı qüvvələri, o cümlədən o dövrdə Qərbə meydan oxuyan Ben Laden tərəfdarlarını günahlandırdı. Məsələ ilə bağlı Kütləvi İnformasiya Vasitələri nümayəndələri üçün keçirdiyi mətbuat konfransında əsas diqqəti partlayışlar baş verən məqamda küçədə işıqların söndürüldüyünə cəlb edərək, bunun təsadüf olmasının inandırıcı görünmədiyini demişdi. Eks Baş nazir bu işdə birbaşa hökuməti günahlandırmasa da əslində partlayışlar baş verən məqamda küçədə işıqların söndürülməsinə diqqəti cəlb etməsi onun bu işdə müvafiq güc nazirliklərindən şübhələndiyini göstərirdi. Buna baxmayaraq sona kimi siyasi mübarizəsini davam etdirəcəyini və yenidən Baş nazir kürsüsündə otura bilmək üçün bütün imkanlardan istifadə edəcəyini vurğuladı və ölümə getdiyini bilə-bilə yenidən Baş nazir postu uğrunda mübarizəyə qoşuldu…

Söhbət Pakistanın keçmiş baş naziri xanım Benazir Bhuttodan gedir.

Siyasi zirvəyə gedən əzablı yollar

Benazir Bhutto Pakistanda bir torpaq sahibinin qızı olaraq dünyaya gəldi. Atasının istəyi ilə əvvəlcə Amerikada, sonra isə İngiltərədə təhsil aldı. Ailəsindən miras qalan siyasəti davam etdirərək iki dəfə ölkəsinin qadın Baş naziri seçildi. Bu vəzifələrdən birini dövlət çevrilişi, digərini isə ölkədə bəlaya çevrilən korrupsiya səbəbi ilə tərk etdi. İslam dünyasının ilk qadın Baş naziri olan bu tanınmış siyasətçi da atasının aqibətini yaşadı və sui-qəsd nəticəsində öldürüldü.

23 iyun 1953-cü idə Pakistanın ən zəngin və tanınmış ailələrindən biri olan Zülfüqar Əli Bhutto ilə iranlı bir iş adamının qızı olan Begüm Nüsrətin ailəsində ailənin ilk uşağı kimi anadan oldu. Uşağa tayı-bərabəri olmayan anlamına gələn Benazir adı verdilər. Ailənin daim nəzarəti altında olduğu üçün qızçığaz çox çətin bir həyat yaşadı, sürgünlər, həbslər, ölümlər daim onu qarabaqara izlədi. 1947-ci ildə müstəqilliyini əldə etmiş gənc Pakistanda o, 35 yaşında ikən baş nazir olmağı bacardı. Daim mücadilə etdi, iki dəfə baş nazir olmuşdu, üçüncü dəfə də olmaq istəyirdi. Bu yolda onu nələrin gözləyə biləcəyini hiss etsə də risqə getməkdən qorxmadı. 2007-ci ilin dekabr ayında sui-qəsdə qurban getdi.. Benazir Bhuttonun siyasət macərası əslində bu ailənin həyatının ayrılmaz hissəsi və bu yolda ölümə sürüklənən bir nəticə idi. Pakistanın ən varlı və nüfuzlu ailələrindən biirnə mənsub olan Züfüqar Əli Bhuttonun atası Şirşah Nevaz Bhutto ölkənin varlı bir torpaq mülkiyyətçilərindən idi. O oğlunun yüksək təhsi almasına və siyasətlə məşğul olmasını istəyirdi. Ona görə də oğlunu ingilislərin Hindistanda qurduqları Cathedral və John Connon məktəblərində oxutdu. Sonra isə oğlunu təhsilini davam etdirmək üçün ABŞ-ın tanınmış universitetlərindən olan Berkleyə göndərdi. O, ali təhsilini davam etdirərkən Pakistanda müstəqillik hərəkatı başlamış və Muhammed Ali Cinnah müstəqil Pakistanın azadlığının təməllərini atmışdı. Bu da Əlinin siyasətlə daha da həvəslə məşğul olmasına səbəb oldu.

Ata Bhutto ilə başlayan yol

Hələ Berkley universitetində oxuyarkən ölkəsinin gələcəyini fikirləşən və bu müstəvidə yeni inkişaf planları hazırlayan Zülfüqar Əli sosializmə meylini salmışdı. O gələcəkdə quracağı Pakistan Xalq Hərəkatı Partiyası barədə Berkley universitetində oxuyarkən fikirləşmişdi. Berkleydə siyasət elmi üzrə təhsilini başa vuran Zülfüqar Əli oradan sonra təhsilini İngiltərədə davam etdirdi. O burada Oksford universitetinin beynəlxalq hüquq fakultəsinə daxil oldu. Universiteti əla qiymətlərlə bitirən Əli Londonda vəkillik fəaliyyətilə məşğul olmağa başladı. Elə Londonda da onun həyatında önəmli bir dəyişiklik baş verdi. O hələ həddibuluğa yenicə qədəm qoyduğu vaxt atası tərəfindən ailə həyatı qurmağa məcbur edilmişdi. Londonda ilk dəfə həyatında sevməyə başladı və vurulduğu qadınla evlənmək qərarına gəldi. Onun vurulduğu qız da adlı-sanlı ailədən idi. Zülfüqar Əlini özünə heyran edən Begüm Nüsrət Kəraçidə yaşayan iranlı işadamının ailəsində dünyaya gəlmişdi. O vurulduğu qızla da ailə qurdu. Bu evlilikdən əvvələcə Benazir, sonra Murtəza, Səmən və Şah Nəvaz dünyaya gəldi. Bir müddət sona atasının vəfat etməsi ilə Londondakı vəkillik fəaliyyətindən əl çəkərək Pakistana qayıtdı. O, atasının qoyub getdiyi mülkü idarə etməyə başladı. Bu tarixdən də etibarən Zülfüqar Əli Pakistan siyasətində fəal iştirak etməyə başladı. O siyasətdə ilk addımını 1957-ci ildə Pakistan adından ölkəsini BMT-yə gedən nümayəndə heyətinin tərkibində iştirak etməklə atdı. Bundan bir il sonra Pakistandakı hakimiyyəti devirərək ölkəyə rəhbərliyi həyata keçirən Əyyub Xan gənc Zülfüqar Əlini enerji naziri vəzifəsinə təyin etdi. O vaxt 30 yaşında olan Bhutto dərhal qollarını çırmayaraq işə başladı. O SSRİ və Hindistanla enerji sahəsində əməkdaşlıqla bağlı anlaşmalar imzaladı. Bundan 5 il sonra 35 yaşında ikən onu Xarici İşlər naziri vəzifəsinə təyin etdilər. 1965-ci ildə Hindistanla Pakistan arasında Kəşmir əyaləti ilə bağlı anlaşılmazlıq əmələ gəldi. Məsələ ilə bağlı Əyyub Xanın yeritdiyi siyasəti byənməyən Bhutto ilə ölkə başçısı arasında narazılıq əmələ gəldi və o nəticədə vəzifəsindən götürüldü. Bundan sonra Bhutto müxalifətə keçərək ölkəni dolaşmağa və konfranslar keçirərək özünə xalq arasında tərəfdarlar toplamağa başladı. Onun bu fəaliyyəti Əyyub Xanı narahat etməyə başladı. O, Zülfüqar Əli Bhuttonun həbs edilməsi barədə əmr verdi. 1968-ci ilin noyabr ayında Bhuttonu həbs etdilər. Lakin onun həbs edilməsindən sonra ölkədə siyasi narazılıq daha da artdı və Əyyub Xandan narazı kütlələr küçələrə töküldülər. Ona görə də 3 aydan sonra Əyyub Xan Bhuttonu həbsdən azad etməyə məcbur oldu. Bundan az sonra ökədə mitinqlərin ara vermədiyini görən Əyyub Xan vətəndaş müharibəsinin başlamaması üçün tutduğu vəzifədən könüllü şəkildə istefa verdi. 1970-ci il dekabr ayının 7-də keçirilən seçkilərdə Zülfüqar Əli Bhutto qələbə çaldı. Bhutonun höküməti təşkil edə bilməsi üçün digər bir partiya ilə koalisiyaya getməsi lazım idi. Lakin o Şərqi Pakistanın müstəqilliyini tələb edən Avami Partiyasının lideri Mucibur Rəhmanla anlaşaraq koalisiyalı hökumət qura bilmədi. 1971-ci il mart ayının 1-də Pakistanda vəziyyət gərginləşdi. Xalq yenidən küçələrə töküldü. Şərqi Pakistan arı yuvası kimi qaynayırdı. Bunun qarşısının alınması üçün ordu hərəkətə keçdi. Amma bu da vəziyyətin normallaşması üçün kifayət etmədi. Narazı əhali arasında Hindistana köç başladı. Bu arada Hindistanla Pakistan arasında savaş başladı. Dekabr ayında Hindistan Şərqi Pakistanın böyük bir hissəsini işğal etdi. Amma dekabr ayının 22-də Hindistan müəyyən şərtlər daxilində oradan qoşunlarını çəkdi. Bunun ardınca Mucibur Rəhmanın başçılığı altında Şərqi Pakistan müstəqilliiyni elan edərək özünü Banqladeş Respublikası adlandırdı.

Əziz Mustafa

BIR CAVAB BURAXIN