MƏN SƏSİMLƏ DÜŞMƏNLƏRİMƏ QALİB GƏLDİM

0
1309

13 il öncə Surqut şəhərindən Bakıya gələrkən heç düşünməmişdim ki, illərin dostluğu bizi ailə dostuna çevirəcək. “Qürbət vətən ola bilməz” deyən müsahibim elə elinə-obasına dönərkən də ilk olaraq qəriblik həsrətinə son qoymaq üçün “Vətən” mahnısıyla haray çəkdi.

Deyirlər qürbətin odu da vətənin tüstüsü qədər parlaq deyil. Bəlkə ona görədir ki, dönüşüylə xalqın sevgisindən bəhrələnən müğənni xariqələr yaratmaq üçün var gücünü sərf edərək yeni layihələrə imza atır.

Qonağımız tanınan müğənni Eldar Ələkbərovdur.

 

Eldar müəllim, nə kimi yenilikləriniz var?

 

– Yeni ansambl yaratmışam. Burda professional, sənətə dəyər verən musiqiçilər toplanıb. Tezliklə efirdə görünəcəyik. Yeni mahnılar yazılır. İstər xalq, istər bəstəkar və aşıq mahnılarını repertuarımıza daxil etmişik. Möhtəşəmliyi ilə hər yerə səs salacaq qədər layihə hazırlayırıq. Bu işdə dəstək olan dostlarıma minnətdaram. Bu tamaşaçılarda çox böyük maraq yaradacaq bir layihədir. Hələlik bunu sürpriz olaraq saxlayıram. Bir neçə xarici ölkəyə Azərbaycan diasporları tərəfindən dəvətlər almışıq. Qastrol səfərlərimiz yaxında gözlənilir.

 

İllərlə qərib ölkədə yaşadınız. Və vətənə dönərkən sənət camiyəsində hələ tanınmayan bir adam üçün populyarlaşmaq çətin olmadı ki?

 

– Bilirsiz, mən Rusiya şəhərlərinə də toy məclislərinə gedirəm, Azərbaycanımızın bölgələrində də oluram. Eldar Ələkbərov adını bir müğənni kimi qazanmaq üçün çox çətinliklərim oldu. Etibarlı bildiklərim, vicdandan danışanlar nankorluqlarıyla yaddaşıma həkk olundular. Əslində belələri mənə əməlləriylə güc verdilər. Dırnaqarası dostlarım mənə pislik edə bilmədilər. Çünki təvazökarlıqdan uzaq da olsa, Tanrımın mənə bəxş elədiyi o şirin səsimlə milyonların sevgisini qazandım. Mən səsimlə düşmənlərimə qalib gəldim. Onların səsində olmayan tembr, səsimdəki o xırdalığa, yanğıya qənim kəsilib mənə düşmən oldular. Səsi bəndə deyil, Tanrı verdiyi üçün mən sevildim. Qarşımı kəsə bilmədilər.

 

Siz qazandıqlarınızı haqq edirsiniz. Çünki keçmişinizi vərəqləmişəm. Ötənlər heç də şirin olmayıb…

 

– Bəli, düz buyurduz. Ötənlərə qayıtsaq çox çətinliklər yaşamışam. Yetimliklə, kasıblıqla böyüdüm. Çörəyə belə həsrət qaldığım günlər oldu. Mən yaş yarımlıq olanda atam dünyasını dəyişib. Uşaqlıqdan həyatın sınaqlarıyla üz-üzə gəldim. 12 yaşımda ikən özümü bəlkə də 32 yaşında hiss eləyirdim. Düşüncələrim də böyümüşdü. Keşməkeşli yollardan çox keçdim. Bu gün artıq çalışıram qalmaqaldan uzaq, sənətimlə məşğul olum. Mənimçün ən vacibi Tanrım və ailəm, övladlarım, nəvələrimdi. Ətrafımda qalan üç-beş nəfər sağlam dostlarım, qohum-əqrəbalarımdı. Və yeni yaratdığım ansamblımdı. Hələ çox şeyləri tamaşaçılara çatdıra bilməmişəm. Ən azı 6-7 janrda inşallah ifalarımı məni sevənlər dinləyə biləcəklər. Yaradanın açdığı yolu bəndə bağlaya bilməz.

 

Haradadır indi o dırnaqarası dostlar?

 

– Onların çoxu özlərini yalandan reklam edənlərdi. Ömrümün sonuna kimi onları həyatımdan silmişəm. Və nifrət eləyib silmişəm. Artıq qəlbimdə onları dəfn etmişəm və telefon nömrələrini də silmişəm. Xatırlamaq belə istəmirəm. Amma etiraf edim ki, onların övladlarına nə arzulayıramsa, öz balalarıma da onu arzulayıram. Heç kimin pis gününü istəmirəm. Bir sözlə, unutmuşam onları. Heç istəmirəm hansısa el şənliyində qarşılaşaq. Onların arasında Surqutda qonağım olanlar da var idi. Bakıda, kənddəki evimdə çörəyimi kəsənlər də olub. Elə bilmişəm ən yaxşı adamlar elə bunlardır. Sonralar başa düşdüm ki, saxtakar imişlər.

 

13 ildir ki, Surqut şəhərindən vətənə dönmüsünüz. Dostların nankorluğunu görüb gəlişinizə peşman olmadınız ki?

 

– Yox, peşman olmadım. Çünki nankorlar Surqutda da var idi. Əksinə, sevindim ki, onları tanıya bildim. Bilirsiz, insanın pulu çox olanda hər şey ona xoş gəlir. Elə bilirsən hamı səni həqiqətdə sevir. Dostluqlar doğruçudur. Lakin dərinə gedəndə görürsən ki, sən düşündüyün kimi deyil. Sənə qardaş deyən əslində arxada düşməndi. Ona görə də peşman deyiləm. Şükürlər olsun vətəndəyəm. Oğlumu evləndirmişəm. İki əkiz balası var. Eldar və Tunar və qızımın da yeni dünyaya gələn oğlu Uğur həyatımın mənasıdır. Onlarla nəfəs alıram.

 

Bu gün güvənib sirr verə biləcəyiniz dost qaldımı yanınızda?! Yəni seçilənlər, ələnənlər sırasında həqiqi bir dostunuz varmı bu gün?

 

-…Yaxşı dostlarım var. Sadəcə zəmanə çox dəyişib. O üzdən mən çox adama sirr vermirəm. Sirrimi uşaqlıq dostum olan Sahib İbrahimova, Cığatel İsaqızına və artıq sənətlə vidalaşıb  hazırda kommersiya ilə məşğul olan bir insan var ki, onlara etibar edə bilərəm. Digərləri ilə münasibətim var. Demirəm ki, onlar hamısı pis adamdı. Xeyir. Sadəcə məsləhət bilmirəm özümə.

 

Özünüzü şou-biznesdə görürsünüz?

 

– Qətiyyən. Nə qədər ki, sağam, Allah məni şou-biznes ayağına yazmasın.

 

Yəni bu gün şou-biznesdəki haqsızlıqları görüb belə deyirsiniz?

 

– Təbii ki. Bilirsiz, kimin kimə sözü varsa, üzünə deyə bilər. Qalmaqal yaradıb milyonların qarşısına çıxmaq və hər bir ailənin bu cür qonağı olaraq böyükdən kiçiyə hər kəsə dava ilə nümunə olmaq sənət adamına yaraşmaz. Bizə televiziya qarşısında əyləşən ailələr baxır. Bəzilərinin öz mətbəxlərində danışmadıqlarını sənət adamları var ki, efirdə danışır. Amma hər kəsi də eyni sırada qoymaq olmaz. Şou-biznesdə də çox mərifətli, tərbiyəli insanlar az deyil. Onlar arasında çox hörmət etdiklərim var.

 

Duet ortaqlarınızı özünüz seçirsiniz, yoxsa sizə təkliflər gəlir?

 

– Yox, məsələn mahnılar yaranır, məsləhətləşib müğənnilərlə ortaq məxrəcə gəlib duet oxuyuruq. Mən Könül Kərimova, Nazənin xanımla, Elza Seyidcahanla, Fədayə Laçınla duet ifa etmişəm.

 

Bu gün ürəyinizdən nə keçir? Nəyiniz çatmır?

 

– Ən əsası hər kəsə can sağlığı arzu edirəm. Və çox istərdim ki, hərə özlüyündə bir anlıq düşünsün. Gələndə də xəbərsiz gəldik, gedəndə də xəbərsiz gedəcəyik bu həyatdan. Kiçik bir məsafə var. O məsafədən çalışıb düzgün istifadə etmək lazımdı. Söz aparıb, söz gətirməsinlər, ara vurmasınlar, böhtan atmasınlar ki, onların günahı balalarına yazılmasın. Hələ ki, gec deyil. Allah bağışlayandır. Günahlarımızı yumağa çalışaq, günaha batmayaq.

 

Səhv etmirəmsə, siz toy bazarına qatılmırdnıız?

 

– Bəli, əvvəllər el şənliklərinə getmirdim. Surqutdan gələndən sonra uzun müddət toylara dəvət alsam da, qatılmırdım. Mən hələ Gəncədə də müğənnilik fəaliyyəti ilə məşğul ikən arzu olunan sənətçi olmuşam. Hələ o zamanlar çox adamlar vardı ki, məni öz övladlarının xeyir məclislərinə dəvət edirdilər və illər keçdi, mən populyarlaşandan sonra da o ailələr məni yenidən qohum-əqrəbalarının toylarında görmək istədilər.

 

Nəyiniz yoxdur?

 

– Hər şeyim var. Qohumlarımın içərisində də, dostlarım arasında da həqiqi, səmimi olanları var. Ailəmdən, övladlarımdan böyük sevgi, hörmət görürəm. Məgər bu azdı? Bircə gedən torpaqlarımızın həsrətindəyəm. Onların qayıdacağı gün sevincdən ağlayaraq böyük konsert proqramı ilə çıxış eləyəcəyəm İnşallah.

 

Deyirlər bir ürəyə məlhəm olmasan da, neştər də olma. Bir vaxtlar əlini uzatdığı insanların nankorluğunun acısı qəlbini elə yaralamışdı ki, ümidlərin tükəndiyi yerdə daldalanmağa yer axtarırdı. Bəzən arxasına belə dönmədən xatirələrini unudub uzaqlaşmaq istədi hər kəsdən. “Xəyanət elə bir şeydir ki, açdığı yara qapanmaz”, deyən müsahibim qəlbinin harayını nəğmələriylə ovutdu. Ən yaxın sirdaşı oldu oxuduqları. İtirdikləri vaxtilə etibar edib inandığı “dostlar”, qazandıqları xalqın sevgisi oldu. Özü haqqında qışqıra-qışqıra danışmadı. Onun ünvanına belə söylədilər; ”populyar, sevilən və sadə bir insan – Eldar Ələkbərov”.

 

Müəllif Mətanət Şamilqızı

BIR CAVAB BURAXIN