“Mən qanunu pozmamışam” – Vaqif Əsədovdan bir-birini təkzib edən açıqlamalar

0
620

Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin (BPİDYPİ) İctimai əlaqələr bölməsinin rəisi polis polkovniki Vaqif Əsədov özünün yol hərəkəti qaydasını pozması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

AzNews.az: Məsələ ilə bağlı V. Əsədovdan münasibət öyrənmək istəsək də, telefonlarımıza cavab vermədi.

***
12:32

Publika.az-a açıqlama verən V.Əsədov bildirib ki, törətdiyi pozuntuya görə cəriməni ödəyib: “Kiçik bir xəta törətmişəm, bunun da cəriməsini ödəmişəm. Bununla da göstərdim ki, kimliyindən asılı olmayaraq qaydanı pozan hər kəs cəriməni ödəməlidir. Qanun qarşısında hər bir hərəkət iştirakçısı bərabərdir”.

11:05
***

Məsələ ilə bağlı polkovnik Vaqif Əsədov Anspress-ə açıqlama verərək bildirib ki, onun idarə etdiyi polis avtomobili piyada keçidinin üzərində dayanmayıb: “Sadəcə fotoda elə görünür. Mən yol hərəkəti qaydasını pozmamışam. Çünki həmin vaxt avtomobilin sayrışan işığı qoşulu vəziyyətdə idi. Bununla da hərəkətdə üstünlüyə malik sayrışan işıqlardan istifadə edirdim. Bu, həmin fotoda da görünür. Həmin vaxt isə ərazidə təbliğat aparırdım. Əvvəla, heç nə heç kimə qayda pozuntusu törətməyə səlahiyyət vermir. Ancaq zərurət yarandıqda yol hərəkəti haqqında qanunun tələblərinin pozulması hərəkət üstünlüyünə malik avtomobillərin sürücülərinə icazə verilir”.

Polkovnik deyir ki, məsələni bu qədər şişirtməyin də heç bir mənası yoxdur. Çünki bu vəziyyətdə əgər qayda pozuntusu varsa belə, o, müvafiq qaydada məsuliyyətə cəlb ediləcək: “Həm də bununla sübut edirəm ki, qanun hər kəs üçün eynidir. Kim xəta törədirsə, hökmən cəzalandırılmalıdır. Mən də həmin xətaya görə cəzalandırılacam. Əgər mən polis polkovniki olaraq məsuliyyətə cəlb edilirəmsə, deməli, heç kim qanundan qaça bilməz. Həmin vaxt da iş başında olduğum üçün qayda pozuntusuna görə heç bir cərimə sənədi gəlməyib”.

***

Bölmə rəisi “Report”a bildirib ki, jurnalist məsələni araşdırmadan yazıb: “Mənə zəng eləyib dedi ki, Vaqif müəllim sizdən gözləməzdik, niyə qaydanı pozmusuz? Mən də dedim ki, qaydanı pozmuşamsa gedib cəriməni ödəyəcəm və sübut edəcəm ki, qanun hər kəs üçün qanundur. Kimliyindən asılı olmayaraq qanuna hamı tabe olmalıdır. Nə olsun DYP polkovnikiyəm, gedib cəriməni ödəyəcəm”.

V.Əsədov vurğulayıb ki, KİV-də yayılan foto xidmət vaxtı çəkilib və burada qayda pozuntusu yoxdur: “Fotodan gördüyünüz kimi, avtomobilin üzərində sayrışan göy-qırmızı işıqlar yanır. Buna görə də hesab edirəm ki, mən qanunu pozmamışam. Biz həmin ərazidə piyadaların təhlükəsziliyini təmin etmək məqsədi ilə tədbir keçirirdik. Mən bilirəm ki, orada qanunu pozmamışam. Lakin jurnalist sual verib, mən də ona cavab vermişəm ki, əgər qaydanı pozmuşamsa cəriməni gedib ödəyərəm. DYP polkovniki olaraq mənim inzibati məsuliyyətə cəlb edilməyim sensasiya olmamalıdır. Əksinə, bu bir təbliğat vasitəsidir. Çünki son zamanlar qayda pozan sürücülər sosial şəbəkələrdə yazırlar ki, cərimə ödəməyəcəm. Niyə ödəməməlisən? Əgər mən DYP polkovniki olaraq cərimə ödəyirəmsə sən niyə ödəmirsən?”

O, qeyd edib ki, özü DYP-nin polkovniki olsa da, sükan arxasında olarkən sürücüdür:“Yəni, mən də yol hərəkəti qaydalarını poza bilərəm. Bilərəkdən yol hərəkəti qaydasını pozmaq və cərimə ödəmək fikrim var. Lakin bunu təbliğat aparılması üçün etmək istəyirəm. Son zamanlar belə bir fikir formalaşıb ki, guya tanınmış şəxslər cərimə ödəmirlər. Mən kiçik xəta törədib cərimə ödəmək şərti ilə təbliğat aparmaq fikrindəyəm. Qoy, hər kəs bilsin ki, tanınmış şəxslər də cərimə ödəyir və qanun hər kəs üçün eynidir. Mən 4 il bundan əvvəl cərimə ödəməklə sürücülərə mesaj göndərdim. O zaman sürət həddini saatda 20 kilometr aşmaqla qaydanı pozdum və cərimə ödədim. Amma buna bəziləri pis baxdı, guya mən özümü piar edirəm. Bəziləri dedi ki, Vaqif Əsədov gündəmdə qalmaq üçün belə edir, bəziləri dedi ki, polkovnik gərək qaydanı pozmasın. Axı mən polkovnik olsam da, sürücüyəm və yol hərəkəti qaydalarını poza bilərəm. Mən də tələsə bilərəm, sürət həddini aşa bilərəm, xəta törədə bilərəm. İnzibati xətalardan heç kim sığortalanmayıb. Heç kim də deyə bilməz ki, mən qaydaları pozmuram. Bilərəkdən və ya bilmədən, qəsdən və ya ehtiyatsızlıq üzündən yol hərəkəti qaydalarının pozulması inzibati xətadır. İnzibati xəta törədən hər kəs məsuliyyətə cəlb olunmalıdır”.

 

BIR CAVAB BURAXIN