Əziz Mustafa
Hər bir insanın taleyi özünəməxsusluğu ilə seçilir və bə- zən özün də bilmədən daşlı-kəsəkli yollarla zirvəyə gedirsən. İlk baxışdan olduqca ağır, məşəqqət dolu həyatın sonu bəzən heç vaxt ucala biləcəyinə inanmayacağın zirvənin fəthi ilə nəticələnir. Bu baxımdan əvvəli pis başlayan həyatın sonu bəzən sürpriz dolu səadət və xoşbəxtliklə başa çatır. Bəzən isə ilk vaxtlar xoşbəxtlik içində üzdüyün həyat sonunda səni zirvədən ayaqlar altına ataraq faciəli bir sonlulqa nəticələnir. Ona görə də həyatın bütün anlarında insanı bataqlıqlardan zirvələrə daşıyacaq dəmir iradə, səbrə və bir də uca Yaradana bütün varlığı ilə sarılmağa böyük ehtiyac duyulur. Necə deyərlər, insanın uca Allaha sığınaraq həyatda öz iradəsini nümayiş etdirməsi və özünə inanması onun taleyində çox şeyləri yaxşı istiqamətə dəyişir. Nəticədə insan həyatda istədiyinə nail olaraq, onu uğura aparacaq yolun açarını tapmış olur. Bununla əlaqədar həyatda çoxlu sayda ibrətamiz hadisələr var və onların hər birindən ibrət dərsi götürməmiz hava və su kimi hamımıza lazımdır. Belə ibrətamiz hadisələrdən biri də dünyanın məşhur bəstəkarlarından biri olan Lüdviq van Bethovenlə bağlıdır.
Xoş bir təsadüf və Motsartı heyrətləndirən uşaq
Bir dəfə dövrünün tanınmış bəstəkarı Motsart tamaşaçılar qarşısında konsert verirdi. Konsertdən sonra ona tanımadığı 12-13 yaşlı kiçik bir oğlan uşağı yaxınlaşdı və həyəcan içində:
-Əfəndim, mən də sizin kimi bəstəkar olmaq, mahnılar bəstələ- mək istəyirəm, amma bilmirəm bunu necə edim?- dedi. Motsart uşağın yanaqlarını nə- vazişlə sığallayaraq:
-Sən bunun üçün hələ çox kiçik deyilsən,-dedi.
– Mən 13 yaşındayam. Siz mahnı bəstələyəndə məndən də kiçik idiniz. Motsart onun bu sözlərinə güldü, sonra da:
– Mən axı onda mahnı bəstələmək üçün heç kimdən bir söz də olsun soruşmadım,-deyə uşağa cavab verdi. Uşaq inad etdi:
– Onda icazə verin, sizin pianinonuzda nə isə bir şey çalım, qulaq asın. Motsartın uşağı dinləməyə vaxtı və həvəsi yox idi, ancaq onu sındırmaq da istəmirdi. Ona görə də:
– Çal, baxım nə çalacaqsan,-dedi.
Uşaq həvəslə pianinoda bir mahnı çaldı və bu zaman cüzi bir səhvə də yol vermədi. Amma o uşağın belə səhvsiz çalmasını ona dəfələrlə öyrədilən bir mahnı olduğunu düşündü. Ona görə də Motsart:
-Uşaqlara pianinoda bir parçanı çalmağı öyrədərlər və o, sonra yalnız bu parçanı tutuquşu kimi təkrarlayar. Yəqin ki, dəfələrlə bu parçanı çalmısan, ona görə də belə səhvsiz ifa etdin. Motsarta elə gəldi ki, uşaq onun dediklərini dərhal təsdiqləyəcək. Ancaq belə olmadı. Balaca pianinoçu Motsartın bu sözlərindən sonra da geri çəkilmək niyyətində deyildi. Ona görə də məşhur bəstəkarın gözləmədiyi bir cəsarətlə:
-Onda siz istədiyiniz bir parçanı verin çalım,-dedi. Uşaq olduqca səmimi danışır, eyni zamanda özünə çox arxayın görünürdü. Motsart uşağın inadı qarşısında daha da heyrətə düşdü. O, həvəssiz halda uşağa mürəkkəb bir mahnı verərək çalmasını istədi. Bununla da o, uşağın bu mürəkkəb parçanı çala bilməyəcəyini və beləliklə, ondan canını qurtara biləcəyini düşünürdü. Amma bu gün tale özü də bilmədən Motsartı sürprizlə qarşılaşdırmışdı. Uşaq bu mürəkkəb parçanı məharətlə və səhvsiz çaldı, Motsart isə daha da heyrətlənmişdi. Uşağın çalmasını ayaq üstə dinləyən Motsart qulaqlarına inana bilmirdi. Qarşısındakı, həqiqətən də, qeyri-adi istedada malik bir uşaq idi. O ancaq indi nə qədər səhv etdiyini başa düşdü. Məşhur bəstəkar balaca istedadı alqışlayaraq bağrına basdı və ətrafındakılara:
– Bəylər, bu balaca uşağı yaxşı yadda saxlayın, Vaxt gələcək bu uşaq dünyada hamını heyran edən məşhur pianinoçu olacaq,-dedi. Motsartı özünə heyran edən bu kiçik uşaq isə gələcəkdə dünyaya səs salacaq məşhur bəstəkar Lüdviq van Bethoven idi. Gələcəyin musiqi dahisi uşaqlıqdan musiqiçilər ailəsində böyümüşdü. Onun babası kilsədə musiqiçi işləyir və kilsə musiqisinə rəhbərlik edirdi. Atası isə tenor idi. Babası öz oğlunun da musiqiçi olmasını istəyirdi. Lakin oğlu içki düşkünü idi və atasının istəyinə qarşı çıxaraq arabir onun üzünə ağ olurdu. Lakin o oğlu dünyaya gələndə atasının könlünü almaq qərarına gəldi və ona Lüdviq adını verdi. Lüdviq onun kilsə musiqisinə rəhbərlik edən atasının adı idi. O, eyni zamanda atasının arzusunu yerinə yetirərək, oğlunun yaxşı bir musiqiçi kimi yetişməsinə çalışdı. Ona görə də balaca Lüdviqin uşaqlığı pianino arxasında keçdi. Atası Lüdviqi məktəbə oxumağa qoydu, lakin o, oğlunun ibtidai təhsil almasına imkan vermədi və onu məktəbdən çıxardı. O belə hesab edirdi ki, məktəb oğlunun məşhur pianinoçu kimi yetişməsinə mane olur. Bunun da ağrısını sonralar Bethoven bütün həyatı boyu çəkdi. Pianinoda hamını özünə heyran qoyan bu uşaq riyaziyyatdan adi hesablamaları belə bilmir, çətinliklə oxuyur, çətinliklə də yazır və bundan daim xəcalət çəkirdi. Amma o uşaqlıqdan öz iradəsini nümayiş etdirməsi və istəyinə gərgin əməyi ilə çatması ilə taytuşlarından fərqlənirdi. Ona görə də 11 yaşına çatanda o artıq virtual bir pianinoçu kimi məşhurlaşmışdı. Həddi-büluğa çatanda o, atasının tenor kimi çalışdığı kilsə orkestrində işə düzəldi. Burada o daha da püxtələşdi. Haydn Albrechtsberger kimi tanınmış musiqiçilərdən dərs alması onun daha da kamil bir pianinoçu kimi yetişməsində önəmli rol oynadı.
Şöhrət həyatını dəyişdirir
Bethoven artıq özünü çox bəxtəvər hiss edirdi. Onun bəstələri get-gedə bütün Avropanı fəth etməkdə idi. Amma o, şöhrət qazandıqca özünü daha da təvazökar aparırdı. Bethovenin şöhrəti kral sarayına da gedib çatmışdı və onlar bu istedadlı bəstəkarı sarayda görmək istəyirdilər. Bethovenə saraydan xüsusi sifarişlər göndərir, ondan ya saraya gəlməsini, ya da krala və ailəsinə həsr edilən əsərlər bəstələməsini xahiş edirdilər. Bu tələbləri isə Bethoven çox pis qarşılayırdı. O hər hansı əsəri öz iradəsi və istəyi ilə bəstələməyi sevirdi. Ona görə də sarayın sifarişlərini ya heç yerinə yetirmir, ya da olduqca könülsüz bir mahnı bəstələyirdi. İlk vaxtlar daha çox Motsartın əsərlərini xatırladan əsərlər bəstələyirdi və sanki onu təqlid edirdi. Lakin sonra öz üzərində çalışaraq bir-birinin ardınca onu dünyaya tanıdan əsərlər bəstələdi. Amma az sonra onda qəribə əlamətlər müşahidə olunmağa başladı. Əgər o, ilk dövrlərdə təvazökar və ətrafındakı insanlara münasibətdə səmimi idisə, sonra tamamilə dəyişməyə başladı. Məşhurlaşması onu dəyişdirərək kinli, paxıl və təkəbbürlü, heç kimi bəyənmyən birisinə çevirdi. Tədricən ətrafındakılara üstdən aşağı baxmağı, onlarla kobud davranmağı özü üçün bir adətə çevirdi. Bir dəfə pianinonun akkordlarından biri sıradan çıxmışdı. Bunu görüb əsəbiləşən Bethoven var gücü ilə pianinoya zərbələr endirmişdi. Bir dəfə də bəstəkar yaxınları ilə bir restoranda idi. Restoranda onlara xidmət göstərən ofisiant sifarişi səhv yerinə yetirmişdi. Bundan əsəbiləşən Bethoven ət dolu boşqabı onun başına vurmuşdu. Amma bu onun tərəfindən edilən birinci belə hərəkət deyildi. O, tez-tez ətrafındakılarla kobud rəftar edir, adi bir şeydən əsəbiləşir və bütün hirsini onların üzərinə tökürdü. Ona görə də ətrafındakıların da Bethovenə mü- nasibəti dəyişməyə başlamışdı. Onun haqqında həqarət və istehza ilə: “Bəstəkarın burnu böyüdü, o, ərköyünləşdi”, – deyirdilər. Bəziləri də onun bu hərəkətlərini tərbiyəsizlik və ya şıltaqlıq kimi qəbul edirdilər. Yaxın dostlarından birisi bir dəfə özünü saxlaya bilməyərək Bethovendən soruşmuşdu: “Sənə nə olub? Artıq səni tanıya bilmirəm. Bizdən gizlətdiyin şeylər varmı? Axı sən əvvəllər tamam başqa bir adam idin. Lütfən, dərdin varsa, mənə de, ya anlat. Bəlkə sə- nə kömək edə bildim”
Amma dostu da Bethovendən istədiyi bir cavabı ala bilmədi. Çünki məşhur bəstəkar sirrini və ya dərdini artıq heç kimlə, hətta ən yaxın adamları ilə belə bölüşmək istəmirdi. O, ailədə də qaraqabaq və tərs birinə çevrilmişdi. Tez-tez əsəbiləşir və bütün ailənin gününü qara edirdi. Bəs onun belə hərəkətlərinə səbəb yalnız qazandığı şöhrətin onda təkəbbürlük əmələ gətirməsi idimi, yoxsa burada başqa səbəb vardı? Yalnız sonralar mə- lum oldu ki, Bethovenı, belə demək mümkünsə, xarab edən yalnız şöhrət deyil, həm də onun get-gedə kar olması olub.