İsrailin ‘Dəmir Günbəz’ raketləri ‘Iskander’ləri vurmağa qadirdirmi?

0
716

11

Azərbaycan rəsmilərinin və yerli mətbuatın yaydığı məlumata görə, hazırda İsrailin istehsalı olan “Dəmir Günbəz” havadan müdafiə sisteminin alınması yönündə danışıqlar aparılır.

Milli Məclisin üzvü Yedva Abramov keçən ay mətbuata açıqlamasında “Dəmir Günbəz”in Azərbaycana göndərilməyə hazır olduğunu deyib. Onun sözlərincə, bu sistem ölkəni Ermənistanın Rusiyadan aldığı “Iskander” raketinin zərbələrindən müdafiə etmək gücündədir.

ÇOX BAHADIR

İsrailin baş naziri Benjamin Netanyahunun dekabrda Bakıya səfəri planlanıb və İsrail mətbuatı “Dəmir Günbəz”in də onun gündəliyində olacağını yazır. İndi məsələni daha mötəbər mənbələr – “Times of İsrael” saytı, Rusiyadakı Dünya Silah Ticarətinin Analizi Mərkəzi, Birləşmiş Ştatların müdafiə sənayesindən bəhs edən “Defense Industry Daily” qəzeti də müzakirə edir.

“Eurasianet”də Joshua Kucera qeyd edir ki, Azərbaycanla İsrailin sövdələşməsi çox böyük hadisə olar, çünki bu əfsanəvi “Dəmir Günbəz” İsrailin özündə nə qədər raket hücumunun qabağını alıb, amma hələ heç bir ölkəyə ixrac edilməyib.

Ancaq müəllif Azərbaycanın “Dəmir Günbəz” alacağına inanmır.
Əvvəla ona görə ki, sistem çox bahadır. “Dəmir Günbəz”in iki buraxıcı qurğu, bir radar və bir idarəetmə mərkəzindən ibarət bir dəstinin dəyəri 50 milyon dollardır. Azərbaycanın dörddə biri boyda olan İsraildə 10 belə dəst var. Sistem üçün bir raket 100 min dollara başa gəlir. Bu məsrəf Azərbaycana görə bahadır, axı, neftin qiymətinin düşməsi ölkəni büdcəsində ixtisarlara vadar edib. Yəni Azərbaycan “Dəmir Günbəz”i alsa belə, digər sahələrə ayrılmış büdcəni bu sistemə qurban verməli olar.

“DƏMİR GÜNBƏZ” 70 KİM-LİK RAKETLƏR ÜÇÜNDÜR

İkincisi, əslində, “Dəmir Günbəz” Ermənistanın “Iskander”lərini vurmağa qadir deyil. Çünki bu sistem uzağı 70 km-lik raketlər üçün nəzərdə tutulub. Məsələn, Katyuşa tipli raketlərə uyğundur. Ermənistanın aldığı “Iskander” raketləri isə 300 km-likdəki ərazini də vura bilər.

Britaniyanın “Chatham House” araşdırma mərkəzinin Bakıdakı əməkdaşı Zaur Şiriyev sayta müsahibəsində “Dəmir Günbəz”in Azərbaycandan ötrü yararsız olduğunu deyib. Onun fikrincə, bu sistemin alınmasıyla bağlı xəbərlər Ermənistan “Iskander” kimi güclü raketləri aldığına görə çıxıb. Yəni Azərbaycan Ermənistandan dala qaldığında əndişəlidir və belə şayiələr yayılıb. “Ermənistan “Iskander” raketlərini əldə edəndən sonra Azərbaycan mətbuatında, ictimaiyyətdə bu cür xəbərlərə aclıq yaranıb”,Z. Şiriyev deyib.

Ermənistanin “Iskander” raketlərinin kölgəsində qalan Azərbaycan havadan müdafiə sistemini gücləndirməyin yollarını axtara bilər. Bundan ötrü Bakının Fransa, ya Pakistan, ya da hansısa başqa ölkədən silah almaq istəyinə şübhə ola bilməz. Ancaq “Dəmir Günbəz”i alacağı heç real görünmür. “Eurasianet” belə yazır.

BIR CAVAB BURAXIN