İslam dünyasının ilk qadın Baş Naziri: siyasi zirvəyə gedən əzablı yollar (3)/Əziz Mustafa

0
557

1993-cü ildə Bhutto ikinci dəfə seçkilərdə qələbə çaldı və üç il ərzində baş nazir vəzifəsində ölkəni idarə etdi. Amma bu dəfə o prezident Faruk Leqari tərəfindən vəzifəsindən götürüldü. Onun vəzifədən götürülməsinə səbəb ölkədə həyata keçirdiyi iqtisadi islahatlar oldu. Belə ki, islahatlar nəticəsində Pəncab əyalətindəki mülkədarlar torpaqlarını itirmişdilər. Onlar bununla razılaşa bilməyərək əhalinin müəyyən hissəsini Benazirə qarşı qaldıra bilmişdilər.

Benazirin ikinci dəfə qurduğu hökumətdə əri Asif də vəzifə almışdı. Benazir vəzifəsindən götürüləndən sonra Asifi bu dəfə həyat yoldaşının qardaşı Murtəzaya qarşı sui-qəsd həyata keçirməkdə və korrupsiyada günahlandırdılar. Nəticədə onu həbs etdilər. Yenə də Asifə qarşı irəli sürülən ittihamları sübut etmək mümkün olmadı. Çünki əldə ciddi fakt yox idi və bu ittihamlar daha çox ehtimallar üzərində qurulmuşdu. Buna baxmayaraq Asif Zərdari bu dəfə 8 il həbsdə qaldı.

Hakimiyyətdən iki dəfə salınmasında əri Asifin rolu olmasına baxmayaraq Benazir onu müdafiə etməkdə davam edirdi. Amma bu ona asan başa gəlmirdi. Çünki iki dəfə baş nazir olan Benazir hər dəfə ən böyük zərbəni ərinə görə almışdı. O bir tərəfdən müxalifətdə olan əleyhdarları ilə mübarizə apararkən digər tərəfdən də ərinə qarşı irəli sürülən və onu xalq içində hörmətdən salan ağır ittihamlara görə cavab verməli olurdu. Amma ortada bir həqiqət də vardı. Ölkədə keçirilən tenderlərdə və Pakistana qoyulan xarici sərmayələrdən Asfin 10 faizlik pay aldığı şübhə doğurmurdu. Ona görə də Asifi “Yüzdə on bəy” adı ilə çağırırdılar. Bu paraların isə ər və arvadın İsveçrə banklarına qoyduqları iddia edilirdi. Bu vəsaitin 1 milyard dollar olduğu söylənilirdi. 1996-cı ildə Benazir hakimiyyətdən salınandan sonra məsələ ilə bağlı onlara qarşı məhkəmədə 30 iddia qaldırılmışdı. Bu iddialar arasında Zərdarinin Benazirlə para və vəzifə üçün evləndiyi barədə məsələ də vardı. Bhutto isə ərinin çirkin əməllərinə göz yummaqda günahlandırılırdı.

Ölümlə son tanqo

Yenə də dərd, dərd dalınca gəlirdi. 1996-cı ildə ikinci dəfə vəzifəsindən götürüləndən sonra Benazir Bhutto 3 il ərzində siyasi yöndən ən böhranlı günlərini yaşadı. Amma məsələ bununla bitmədi. 1999-cu ildə Pərviz Müşərrəf tərəfindən həyata keçirilən hərbi çevrilişdən sonra o Pakistanı tərk etməyə məcbur oldu. O bu dəfə İngiltərəyə getmək əvəzinə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində yaşamağa başladı. Əslində onun bu həyatı da Londondakı sürgün dövrünü xatırladırdı. 2000-ci ildə Pakistanda bir nəfərin iki dəfədən artıq baş nazir seçilə bilməməsi barədə qanun qəbul edildi. Bununla da Benazirin yenidən Pakistanda siyasi fəaliyyətlə məşğul olması qarşısına sədd çəkildi. Yalnız üstündən 5 il ötəndən sonra daxili və xarici təzyiqlər nəticəsində Pərviz Müşərrəf bu qanuna yenidən baxmağa və onu yumşaltmağa məcbur oldu. Bu da Benazirin yenidən Pakistana dönməsinə və 2008-ci ildə keçiriləcək seçkilərdə iştirak etməsinə imkan verdi. 8 illik ayrılıqdan sonra 18 oktyabr 2007-ci ildə Pakistana qayıdan Bənazir on minlərlə tərəfdarı tərəfindən qarşılandı. Amma həmin gün ona qarşı bombalı sui-qəsd cəhdinə baş vuruldu. 138 nəfərin ölümü, 248 nəfərin də yaralanması ilə nəticələnən bu sui-qəsd cəhdindən Bənazir sağ qurtula bildi. Buna baxmayaraq o qorxmadan ölkədə keçiriləcək seçkilərə hazırlaşmağa başladı.

Lakin hadisələrin gedişi göstərdi ki, bu heç də ona asan olmayacaq. Bunun da səbələri aydın idi: Bhuttonun yenidən Pakistana qayıdaraq siyasi mübarizəyə qoşulmasını çoxları ABŞ-ın regionda həyata keçirməyə çalışdığı hansısa ssenarinin tərkib hissəsindən biri hesab edirdilər. Həqiqətən də həmin dövrdə siyasətdən uzaqlaşaraq Dubayda və Amerikada yaşayan Bhuttonun üzünə Pakistanın qapıları bağlı idi. O özü də siyasi fəaliyyətlə məşğul olmaq niyyətində olmadığını və siyasi çəkişmələrdən yorulduğunu gizlətmirdi. Necə deyərlər, xanım Bhutto üçün baş nazir olduğu dövrlər artıq keçmişdə qalan xoş bir xəyallara, şirin yuxulara çevrilmək üzrə idi. Lakin 2005-2007-ci illərdə Əfqanıstanda Talibanın yenidən ABŞ və onun Qərbdəki müttəfiqlərinə güclü zərbələr endirməsi və Ben Laden tərəfdarlarının yenidən Pakistanda fəallaşması, eyni zamanda Pərviz Müşərrəfin ölkədə get-gedə artan anti Qərb ovqatının qarşısını almaqda çətinlik çəkməsi Vaşinqtonu bölgədə onun mənafeyini daha qətiyyətli şəkildə qoruya biləcək siyasi lider axtarmağa məcbur etdi. Bu baxımdan Vaşinqtonun diqqətini yenidən eks baş nazir Benazir Bhutto cəlb etdi. Hər halda Qərb və Pakistan mətbuatının yazdığına görə, Bhuttonun yenidən Pakistana qayıdaraq siyasi fəaliyyətə başlaması məhz ABŞ-ın istəyi ilə baş vermişdi. Qeyd edək ki, eks baş nazirin Pakistana qayıtması heç də asan olmamışdı. İş orasındadır ki, Benazir Bhuttonun siyasi fəaliyyətindəki bəzi ziddiyyətli məqamlar, həmçinin vaxtilə korrupsiyada günahlandırılaraq ona qarşı cinayət işinin açılması onu Pakistanını siyasi dairələri üçün arzu edilməz adama çevirmişdi. Ona görə də Bhuttonun Pakistana qayıda bilməsinə imkan verilməsi və keçmişdəki günahlarına görə yenidən onun məsuliyyətə cəlb edilməməsi üçün Vaşinqtonun Müşərrəf rejiminə güclü təzyiq göstərdiyi bildirilir. Aydın məsələdir ki, yalnız Müşərrəf deyil, Pakistanda baş nazir və prezident postu uğrunda mübarizə aparan siyasi dairələrin heç biri eks baş nazirin Pakistana qayıtmasını istəmirdi. Çünki onlar siyasi mübarizdə yeni bir güclü fiqurla qarşı-qarşıya qalmaq istəmirdilər. Buna baxmayaraq ABŞ-ın Pakistanın ali dairələrinə göstərdiyi güclü təzyiqlər nəticəsində Bhutto yenidən öz ölkəsinə dönərək siyasi fəaliyyətini davam etdirmək imkanı əldə etmişdi. Bu isə o demək idi ki, yaxın vaxtlarda Pakistanın siyasi həyatı qızğın bir mübarizə meydanına çevriləcək. İş orasındadır ki, Bhutto kifayət qədər siyasi mübarizə təcrübəsinə malik idi və rəqiblərini məğlub etmək yollarını çox yaxşı bilirdi.

Lakin Bhuttonun düşmənləri onu aradan götürməkdə qətiyyətli idilər. Bu dəfə də qarşıdan gələn seçkilərdə Benazirin zəfər çalmasının qarşısını almaq üçün ona qarşı növbəti sui-qəsd cəhdinə əl atıldı. 2007-ci il dekabr ayının 27-də keçirilən çoxminli bir mitinqdə zirehli maşının üstünə çıxaraq xalqı salamlayan Benazirə yaxınlaşan bir nəfər ona tapançadan üç dəfə atəş açdı. Bunun ardınca da o üstündəki bombaları işə saldı. Güclü partlayış nəticəsində zirehli maşının içinə yıxılaraq başından daha bir zərbə alan Benaziri təcili şəkildə xəstəxanaya apardılar. Amma onun həyatını xilas etmək mümkün olmadı. Beləliklə Benazirin də həyatı atası Zülfüqar Əli kimi faciəli şəkildə başa çatdı. O faciəli şəkildə həyatdan gedərkən 54 yaşında idi. Olümündən sonra ona qarşı sui-qəsdin “Əl Qaidə” tərəfindən həyata keçirildiyi məlum oldu. Bununla belə Benazirə qarşı həyata keçirilən sui-qəsdin arxasında başda ABŞ olmaqla Qərb ölkələri kəşfiyyat idarələrinin dayandığı daha ağlabatan görünür. Çünki onlar Benazirin öldürülməsi ilə ölkədə vətəndaş müharibəsinin başlayacağına və nəticədə Pakistanın etnik millətlərdən ibarət 2 və ya 3 dövlətə parçalanacağına ümid edirdilər. Lakin Pakistan onu gözləyən vətəndaş müharibəsindən yaxa qurtara bildi.

Bhuttonun öldürülməsinin də səbəbləri çox güman ki, açılmayacaq və bu sui-qəsd də tarixin ən müəmmalı hadisəsi kimi yadda qalacaq.

Əziz Mustafa

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

ten + 2 =