“İran Qüds məsələsində hansı mövqe tutursa, Dağlıq Qarabağ probleminə də eyni münasibət ortaya qoymalıdır”

0
651

“Ermənistanla İran arasında viza rejiminin aradan qaldırılması, o cümlədən İran prezidenti Həsən Ruhaninin müsəlmanlara divan tutan, müsəlman abidələrini yerlə yeksan edən, müsəlman torpaqlarını 20 ildən artıqdır işğal altında saxlayan bir ölkəyə səfər etməyə hazırlaşması yolverilməzdir”.

 

Bunu APA-ya açıqlamasında politoloq Qabil Hüseynli İranla Ermənistan arasında viza rejiminin ləğvi barədə sazişin imzalanması və İran prezidenti Həsən Ruhaninin Ermənistana planlaşdırılan səfərinə münasibət bildirərkən deyib. O bildirib ki, İranın hələ də Azərbaycanın müstəqilliyini həzm etmədiyi görünür: “İran Azərbaycanın müstəqilliyini həzm etsəydi, Dağlıq Qarabağ müharibəsinin qızğın vaxtında, Azərbaycan Ermənistanı blokadaya alanda Ermənistan üçün Araz çayının üzərindən əvvəlcə tampon körpü, daha sonra dəmir körpü çəkib, Ermənistan üçün bir “nəfəslik” açmazdı. İran bunu etdi.

Özünü müsəlmanların marağını müdafiə edən ölkə hesab edən İran müsəlman ölkəsi Azərbaycanın torpaqlarını işğal etmiş xristian Ermənistana məhəbbətini gizlədə bilmir

Bu gün də Ermənistanın ərzaq məhsullarından tutmuş, geyim, inşaat mallarına qədər, təminatı İranla bağlıdır. Eləcə də Azərbaycanın işğal altındakı ərazilərində meşələri qırıb, mebel hazırlayaraq İrana göndərirlər. Yəni İranla Ermənistan arasında gur ticarət gedir. Bu günlərdə Ermənistanın xarici işlər nadiri Edvard Nalbandyanı Tehranda təmtəraqla qarşıladılar. Hətta Nalbandyanın 20 nəfərlik erməni diasporunun nümayəndələri ilə görüşünü də təşkil etdilər. Mən xatırlayıram, mərhum Heydər Əliyevlə İrana səfərə gedərkən Bakıda razılaşdırılmışdı ki, səfərimizin istiqamətlərindən biri Təbriz olacaq. Amma Tehrana çatanda bildirdilər ki, guya Təbrizdə narahatlıq var, yaxşı olar ki, İsfahan-Kiş adaları istiqamətində səyahət edək. Bizim orada yaşayan azərbaycanlılarla normal təmasımıza imkan vermədilər. İndi də Ermənistanla viza rejimini tamamilə ləğv edirlər, üstəlik, Edvard Nalbandyanın ardıncaHəsən Ruhani də Ermənistana səfər edir. Özünü müsəlmanların marağını müdafiə edən ölkə hesab edən İran müsəlman ölkəsi Azərbaycanın torpaqlarını işğal etmiş xristian Ermənistana məhəbbətini gizlədə bilmir. Qüdsü müdafiə edir, Qüds Günü keçirirlər, bütün dünya müsəlmanlarını Qüdsü müdafiə etməyə çağırırlar. Ancaq Dağlıq Qarabağ coğrafi məkan və önəm baxımından Qüdsdən az əhəmiyyətə malik deyil. İran Qüds məsələsində hansı mövqe tutursa, Dağlıq Qarabağ probleminə də eyni münasibət ortaya qoymalıdır. Amma İran bu məsələdə bir dəfə də olsun birmənalı şəkildə Azərbaycanın mövqeyini müdafiə etməyib”.

 

Q. Hüseynli İranın İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Ermənistan işğalını pislədiyini, ancaq 2-5 aprel tarixlərində Azərbaycan ordusu ciddi uğurlar qazanarkən tam susqunluq nümayiş etdirdiyini xatırladıb: “Hətta İran sonradan məsələnin sülh yolu ilə həllində iştirak edə biləcəyi barədə bəyanat yaydı. Halbuki Azərbaycan işğal altındakı torpaqlarını azad etməyə başlamışdı və İran buna sevinməli, bunu alqışlamalı idi. Lakin bunu etmədi. Yalnız azərbaycanlılar Təbrizdə, müxtəlif şəhərlərdə evlərin üzərinə qalxıb “Allahu əkbər, Azərbaycan!” şüarları səsləndirəndən sonra İranın Müdafiə Nazirliyindən Azərbaycana bir nəfər səfər etdi. İranın Araz çayı üzərində su anbarı tikməsi də kifayət qədər mübahisəli məsələlərdən biridir. Mən güman edirəm ki, İranın bu siyasəti davam edərsə, biz İran tərəfinə bu məsələləri xatırlatmalı, adekvat cavab verməliyik. Biz İranla səmimi, həqiqi müsəlman, şiə dostluğu istəyirik. İranda yaşayan 35 milyon azərbaycanlının normal mədəni hüquqlarının təmin edilməsini istəyirik. Problemlər çoxdur və bu problemlər tədricən həll edilməlidir ki, ortada səmimi münasibətlər formalaşsın”.

İran Ermənistanla xoş münasibətləri indi yaratmağa başlamayıb

Millət vəkili, politoloq Rasim MusabəyovAPA-ya bildirib ki, İran Ermənistanla xoş münasibətləri indi yaratmağa başlamayıb: “İran bəyan edir ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır. Bu, sanki dilə gətirilən prinsipial münasibətdir. Ancaq Ermənistana hər hansı təzyiq müşahidə etmək mümkün olmur. Halbuki İrandan uzaqda olan Qüdsə görə canfəşanlıq edir, amma gözünün qarşısında Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı sadəcə, mövqe bildirməklə kifayətlənir. Bu, bəlkə də İranın dövlət maraqlarına cavab verir. Amma məncə, bu, yanlış münasibətdir. Azərbaycan da bu münasibəti diqqətindən kənarda saxlamır. Biz İrana siyasəti ilə bağlı hansısa dərs demək niyyətində deyilik. Sadəcə, İrandan bizə qarşı atılan addımlara cavab vermək kifayətdir”.

 

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri i Elxan Şahinoğlu isə qeyd edib ki, İrana qarşı nüvə məsələsi ilə bağlı sanksiyalar aradan qaldırılandan sonra Azərbaycan-İran əməkdaşlığı barədə xeyli fikir mübadilələri aparılıb, indi də ortaq layihələr barədə ciddi dialoq gedir. Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı işlər sürətlənib: “Belə bir ərəfədə İranın Ermənistana üz çevirməsi, iki ölkə arasında dialoqun artması bizdə ciddi narahatlıq və suallar yaradır. Çünki Azərbaycan həm siyasi, həm də iqtisadi baxımdan Cənubi Qafqazın əsas açar ölkəsidir, Azərbaycanla əməkdaşlıqdan faydalanmaq olar.

İran rəsmiləri işğal altındakı Azərbaycan torpaqlarında məscidlərin dağıdılmasına niyə reaksiya vermirlər?

Ermənistan kasıb ölkədir, İran Ermənistanla əməkdaşlıqdan nə əldə edəcək ki?! Azərbaycanla İran arasındakı layihələrdə Azərbaycan öz hissəsini, payını maliyyələşdirir, kreditlər ayıra bilir. Ermənistanda bunların heç bir yoxdur. Tutaq ki, İran Ermənistanda ortaq bir müəssisə açıb, hansısa qazanc əldə edə bilərmi? Yox. Deməli, İranda başqa dəyərlərdən çıxış edirlər. Baxmayaraq ki, bəzi İran rəsmiləri, din xadimləri Azərbaycana səfər edəndə, yaxud Tehranda Azərbaycan rəsmiləri ilə görüşəndə deyirlər ki, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, işğalı pisləyirlər, əməldə isə bunu müşahidə etmirik. Məsələn, Qüds məsələsində ümumislam mövqeyindən çıxış edirlər. Yaxşı, İran Qüds məsələsində olduğu kimi Azərbaycan torpaqlarının işğalı məsələsində niyə ümumislam mövqeyindən çıxış etmir?! Yeri gəlmişkən, bu günlərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz QurbanlıTehrana səfəri zamanı bir daha iranlı rəsmilərə xatırlatdı ki, Azərbaycanın işğal altındakı torpaqlarında məscidlər dağıdılıb. Buna İran rəsmiləri reaksiya verdilərmi? Mən belə bir reaksiya eşitməmişəm. Deməli, İran Azərbaycan, Qarabağ məsələsində din amilindən yox, dırnaqarası “geosiyasi maraqlar”dan çıxış edir. O geosiyasi maraqlardan ki, İranda bəziləri Azərbaycanın inkişafı və güclənməsində maraqlı deyillər və bunun qarşısını almaq yollarından biri kimi Ermənistanla sıx əlaqələr saxlamağı vacib sayırlar. Amma İran Ermənistanla əlaqələri gücləndirdikcə Azərbaycan cəmiyyətində, siyasi mərkəzlərin gözündə İranla əməkdaşlığa yaranan inam da ortadan qalxa bilər”.

BIR CAVAB BURAXIN