İrəvandan qaçqın düşmüş əlil ailəsi ölkə rəhbərindən imdad diləyir

0
812
  • Bu günlərdə redaksiyamıza Bakı şəhəri Faiq Yusifov kücəsi ev 15, mənzil 1-də yaşayan Nəsibov Tariel İsgəndər oğlu müraciət edib. İrəvanın Göyçə mahalından məcburi köçkün olan 9 nəfərdən ibarət bu ailənin 3 üzvü  əlildir. Tariyel özü 2-ci qrup əlildir. Qardaşı Nəsibov Allahyar İsgəndər oğlu 20 yanvar şəhididir. Qızının 2 övladı  əlil arabasında 1-ci qrup əlildir. Tariyel Nəsibov bildirir ki, ailə 80 kvadratmetr yaşayış sahəsi olan evdə yaşayır. 2018-ci il yanvar ayının 4-də N.Nərimanov rayonu İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Hüseyn Cəfərov və “Araz-2011 A” MMC rəhbərliyi şəhərdə gedən yenidənqurma işləri ilə əlaqədar olaraq yaşadıqları binanın sökülərək yerində yeni binanın tikiləcəyini və həmin binada yaşadıqları mənzillərin sahəsinə uyğun olaraq sakinlərə yeni mənzillər veriləcəyini bildirmişlər. Onlar, həmçinin tikintinin 18-20 ay davam edəcəyini və yalnız həmin müddət üçün sakinlərə başqa yerlərdə qalmağa görə kirayə haqqı ödəniləcəyini qeyd etmişlər. Tariyel Nəsibov bu təkliflə razılaşmayaraq  yaşadıqları mənzilin əvəzində onlara düşən yaşayış sahəsinə uyğun olaraq şirkətə məxsus əvvəlcədən tikilmiş binadan və ya digər binadan hazır mənzilin verilməsini xahiş etmişdir. Çünki, 2 nəfər əlil arabasında olan uşaqlarla, eyni zamanda ailə üzvlərinin sayı çox olduğundan kirayədə yaşamaq onlar üçün çox çətin olacaq. Lakin, “Araz-2011 A” MMC rəhbərliyi  bu təkliflə razılaşmır, yalnız tikinti başa çatdıqdan sonra mənzilin verilməsinin mümkün olduğunu bildirir.
  • Tariyelin özünün əlilliyi ilə bağlı səhhətinin ağırlığını və əlil arabasında olan 2 nəvəsinin  kirayədən-kirayəyə aparmağın necə agır olacagını təsəvvür etmək çətin deyil. Odur ki, Nəsibovlar ailəsi yaşadıqları mənzildən çıxmır. Tikinti şirkətinin nümayəndəsi “hər şey yaxşı olacaq”- desə də, hələ də ailə vəziyyətinə görə onları təmin edəcək müqavilə imzalanmayıb. Bu azmiş kimi, bu gecə onlardan üst mərtəbədəki boş mənzildə su borusunu qəsdən kəsərək Nəsibovlar ailəsi yaşayan mənzili tamamilə suya qərq ediblər və binanın dam örtüyünü də sökməyə başlayıblar. Bina tamamilə yaşayışa yararsız, təhlükəli bir vəziyyətdədir. Bununla da İrəvandan məcburi köçkün düşən Nəsibovlar ailəsini əlil uşaqları ilə birgə qışın bu vaxtında, demək olar ki, küçəyə atıblar…

 

Tahir Xudiyev

“Əlillər Dünyası” qəzetinin Baş redaktoru

BIR CAVAB BURAXIN