İkinci Qarabağ müharibəsi zamanı təxminən 3 min şəhid verdik.
Bu 44 günlük müharibə təkcə bölgənin hərbi-siyasi həyatı üçün deyil, həm də beynəlxalq təhlükəsizliyin təmini üçün müsbət nəticələnmişdir. İkinci Qarabağ müharibəsi zamanı təxminən 3 min şəhid verdik. Türkiyə hərbi əməliyyatların ilk günündən Azərbaycanı ədalətli mübarizəsində dəstəkləmiş, ona siyasi və diplomatik dəstək göstərmişdir. Son hadisələr bir çox regional vəzifələrin həllində Azərbaycanın, Rusiyanın və Türkiyənin qarşılıqlı əməkdaşlığının effektliyini bir daha göstərmişdir. Azərbaycan Silahlı Qüvvələri və Ermənistan silahlı qüvvələri arasında 2020-ci il 27 sentyabr – 9 noyabr tarixləri arasında Qarabağda davam etmiş silahlı qarşıdurma müxtəlif qaynaqlarda “Vətən Müharibəsi” və ya “Ermənistanı sülhə məcburetmə əməliyyatı” kimi də göstərilməkdədir. Tarixi keçmişə nəzər salsaq görərik ki, bütün müharibələr dağıntılar, insan ölümləri və faciələrlə müşayiət olunur. Təəsüflər olsun ki, müharibə itkisiz olmur və azadlıq qurbanlar tələb edir. Elə buna görə də Azərbaycanın mərd oğulları torpaqlarımızın azadlığı üçün, Vətənimizin illərdir canları, qanları hesabına Azərbaycanın əzəli torpaqları bərpa edildi. Sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks hücum əməliyyatları zamanı doğma torpaq, Vətən uğrunda canını fəda edərək şəhidlik zirvəsinə yüksələnlər həm də öz adını xalqın tarixi yaddaşına həkk etdilər. Onlar Vətən, dövlət və xalq qarşısında öz borcunu sonadək ödəyib qəhrəmanlıq nümunəsi yaratdılar, milyonlarla insanın sevgisini, rəğbətini qazandılar. İşğal altında olan torpaqlar Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Əsgərinin yüksək döyüş qabiliyyəti nəticəsində Ermənistan silahlı qüvvələrindən azad edildi. İkinci Qarabağ Müharibəsində Azərbaycan Ordusunun arsenalındakı yüksək göstəricilərə malik olan müasir silahlar, texnikalar çətin relyefi olan ərazilərdəki döyüşlərdə üstünlüyü əldə etməyə imkan verdi. Mürəkkəb coğrafi şəraitdə düşmənin illərdir qurduğu istehkamlar Azərbaycanın peşəkar hərbçiləri tərəfindən yarıldı. Təbii ki, Ermənistanın uzun illər işğal etdiyi ərazilərdə qurduğu müdafiə sədlərini, tikdiyi istahkamları yarmaq peşəkar döyüş bacarığı tələb edirdi. Məlumdur ki, hər bir müharibədə itkin düşən şəxslər olur. Azərbaycan Ordusu dağlıq ərazilərdə, dərin meşəliklərdə əməliyyatlar aparıb, zabit və əskərlərimiz şiddətli döyüşlərdə iştirak ediblər. Bir sıra hallarda həlak olmuş hərbçilərimizi mürəkkəb coğrafi şəraitə malik ərazilərdən çıxartmaq mümkün olmayıb. Həmin şəxslərin axtarılaraq tapılması zaman tələb edir. Digər tərəfdən, Birinci Qarabağ müharibəsindən də ermənilərin xüsusi qəddarlığı, əsir götürülmüş, həlak olmuş vətəndaşlarımız və hərbçilərimizlə vəhşi davranışları onu deməyə əsas verir ki, bəzi hallarda həlak olmuş hərbçilərimizin taleyi haqqında məlumat əldə etmək mürəkkəb proses olacaq. Şəhidlərimiz arasında itkin düşmüş, dağıdıcı silahların təsirinə məruz qalaraq tanınmaz hala düşmüş şəxslər var. Azərbaycan dövləti onların tapılması, şəxsiyyətlərinin müəyyənləşdirilməsi ilə bağlı bütün mümkün işləri görəcək. Müharibədə əzizləri itkin düşmüş, cəsədləri tanınmaz hala düşmüş vətəndaşlarımızın da, nə qədər çətin olsa belə, vəziyyətə anlaşıqlı yanaşması, səbr və təmkin nümayiş etdirməsi arzu olunur. Birinci Qarabağ müharibəsinin təcrübəsi göstərir ki, Azərbaycan dövləti şəhidlərimizin xatirəsini həmişə uca tutur, onların adları əbədiləşdirilir, ailələrinə bütün lazımi yardımlar göstərilir, şəhid ailələrinin maddi təminat, mənzil-məişət problemlərinin həlli ilə bağlı bütün zəruri tədbirlər həyata keçirilir.
Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Bahar Qurbanova