“İcra başçılarına qarşı tələblər dəyişəcək…”

0
535

“Dövlət rəhbərinin maksimum səyləri ona yönəlib ki, ölkədə məmur sayı optimallaşdırılsın, funksional səlahiyyətlərin sərhədi dəqiqləşsin, bir- birini təkrarlayan qurumlardan azad olma imkanı meydana çıxsın. Lakin bunu təkcə məmurları ixtisar etmək və işsizlərin sayını artırmaq kimi başa düşmək olmaz”.

Bunu “Qafqazinfo”ya açıqlamasında millət vəkili Zahid Oruc son günlər prezident tərəfindən ölkədə həyata keçirilən kadr islahatlarına münasibət bildirərkən deyib.

Millət vəkili xatırladıb ki, dövlət başçısı ötən ilin sonlarından başlayaraq fəal şəkildə ölkədə institutsional islahatlar, struktur dəyişiklikləri həyata keçirməkdədir: “Buna sübut olaraq Dövlət Sosial Müdafiə Fondu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Dövlət Qulluğuna Qəbul Komissiyası Dövlət İmtahan Mərkəzinə birləşdirildi. Bəzi agentliklərin təyinatı dəyişdirildi. Böyük özəlləşdirmə proqramlarını nəzərə alaraq dövlətin iştirak payı olan şirkətlərin özəlləşməyə açılacağı və bununla bağlı beynəlxalq qurumların ekspert qismində məsləhətçisi kimi cəlb olunması prosesi başladı. Bütün bunlar sübut edir ki, asan hökumət modeli əslində həyata keçirilməkdədir”.

Onun sözlərinə görə, icra hakimiyyətlərinin başçılarının bir neçəsinin işdən çıxarılması və dəyişdirilməsi ona görə edilir ki, birinci növbədə hər hansı şəxs o bölgə üzrə müxtəlif biznes fəaliyyətinə başlayır, ayrı-ayrı qurumlarla əlaqəyə girir: “Bəzən idarəçiliyi çətinləşdirən həm də o məqam olur ki, insanlarla sıx əlaqədə olursan və sonradan onları qanunsuz əməllərdən də çəkindirmək olmur. Ona görə də bu rotasiyalar da bir ənənəyə çevrilib.
Sonuncu dəyişikliklə bağlı deyə bilərəm ki, Mübariz Ağayev təcrübəli bir adamdır. Onun kənd təsərrüfatı sektoru ilə bağlı fəaliyyət təcrübəsi də mövcud idi. Mehdi Səlimzadə bələdiyyələrlə iş üzrə quruma uzun müddət rəhbərlik edərək icra orqanlarına yaxın idi. Eyni zamanda parlamentdə hesabatlarda iştirak edərkən o yaxşı bilirdi ki, dövlət rəhbərliyi, həmçinin vətəndaş, ictimai sektoru nələri tələb edir.

Əminəm ki, gələcəkdə icra hakimiyyəti başçılarına qarşı tələblər dəyişəcək. Bu qurumla bağlı cəmiyyətin gözləntiləri fərqlidir.

Bunu nəzərə alaraq da cənab prezident qurumların vətəndaşlara xidmətinin effektivliyini qiymətləndirmək üçün asan xidmət kateqoriyasının ortalığa çıxardılmasına çalışır. Bu, fəaliyyəti qiymətləndirmək üçün obyektiv yol olacaq. Beləliklə, dövlət başçısının məmurlardan tələb etdiyi vətəndaş qarşısında hesabatlılıq, şəffaflıq prinsiplərinin bərqərar olunmasına imkan qazanmış olacağıq. Kadr dəyişikləri cənab prezidentin öz səlahiyyətində olan məsələdir və biz parlament olaraq bunu yalnız alqışlayırıq”.

BIR CAVAB BURAXIN