Gecəyarısı qorxulu zəng, yoxa çıxan rəsmlər, “Mavi balina”nın udduğu gənc…

0
731

 

“Qucağıma aldım, qaldırdım, gücüm çatmırdı. Ağzını açdım, nəfəs verdim, durmadan nəfəs verdim ki, bəlkə balamın nəfəsi gələ. Gəlmədi…”

Bunu deyib, hönkürür nənəsi, birtəhər sakitləşdirirlər onu.

Şamaxının Mədrəsə kəndindəyik. Oktyabrın 13-dən 14-ə keçən gecə bu kənddə faciə yaşandı. 10-cu sinif şagirdi, 15 yaşlı Polad Məmmədov özünü həyətlərindəki yarımtikilidə asaraq, intihar etdi. Kənddə hamının gülərüz, şən, yaxşı oxuyan, idmançı kimi tanıdığı Poladın intiharının səbəbləri hələ də müəmma olaraq qalır..

Polad həmin gün, yəni ayın 13-ü axşam saat 6-dək məktəbdə olub. Mədrəsə kənd orta məktəbinin direktoru Ağamustafa Teymurov deyir bunu.

– Polad ailənin böyük övladıdır. 3 uşaqdırlar, bir bacı, iki qardaş. Çox mehriban ailədirlər. Heç vaxt söz-söhbət olmayıb bu ailədə. Kənd yeridir, bilirsiz, amma normal imkanları da var. Hüquq fakültəsinə hazırlaşırdı, hazırlığa gedirdi, dərsə davamiyyəti qaydasında idi, yaxşı da oxuyurdu, idmanla məşğul olurdu. Ata-anası o uşağın üstündə yarpaq kimi əsirdi. Heç nəyi əsirgəmirdilər ondan. Əsas da təhsilinin üstünə düşmüşdülər. Deyib-gülən uşaq idi. Məktəbdi də, bir də görürdün üstünə qışqırırdın, ya danlayırdın, müəllimə cavab qaytarmaq nədi, eləcə üzünə gülürdü. Mən hələ də özümə gələ bilməmişəm, hələ də inanmıram

 

Hə, o lənətə gəlmiş gün, oktyabrın 13-ü cümə günü axşam saat 6-da məktəbdə hazırlığını bitirib, evə gəlir. Amma həmin gün məktəbdə qəribə bir hadisə də baş verir. Dərsdə, hə, elə dərsin ortasındaca Polad qəfil hönkür-hönkür ağlamağa başlayır. Nə sinif yoldaşları, nə də müəllim onu sakitləşdirə bilirlər. Ağladıqdan sonra heç nə olmayıbmış kimi gözünün yaşını silib, dərsə qulaq asmağa başlayıb.

 

Axşam evə gələndən sonra babasının telefonuyla anasını arayır. Ata və anası həmin gün evdə olmayıblar, Ələtə qonaq gediblərmiş. Anasına isə öz telefonuna görə zəng edib. Uşaqlarının təhsilinə həddən artıq həssas olan valideynlər, sən demə, hər bazar axşamı onun telefonunu əlindən alır, bir də cümə günü qaytarırmışlar ki, uşaq telefona aludə olmasın.

Anası telefonun yerini deyir. Bundan sonra öz otağına qapılıb, mahnıya qulaq asmağa başlayır..

Babası Əfqani Məmmədov deyir ki, həmin gün bütün axşamı qəmli mahnılara qulaq asıb. Sonra nənəsiylə birgə yemək yeyib. Nənəsinə deyib ki, məni özün yedirt. Uşaq vaxtlarında olduğu kimi. Sonra isə telefona şən mahnı qoyub. Nənəsinə, bacısına sarılıb, deyib ki, gəlin oynayaq. Beləcə, deyə-gülə baş-başa verib oynayıblar.

Gecə saat 12 radələrində isə bacısı görüb ki, ağlaya-ağlaya özünü videoya çəkir. Bir qədər sonra nənəsi onun yataq otağına gəlib. Niyə yatmadığını soruşub. Nənəsinə deyib ki, işığı söndür, yatıram. Amma… Amma yatmayıb, intihar planını cızıb…

Gecə saat 1 radələrində bacısı babasını oyadır. Əfqan kişiyə deyir ki, Polad otaqda yoxdur. Polad bacısıyla bir otaqda həm dərslərini hazırlayırmış, həm də yataq otaqları bir olub. Həmin gecə isə bacısı valideynləri evdə olmadığından körpə qardaşıyla başqa otaqda yatıbmış.

– Qəfil yuxudan oyanıb qızcığaz. Yuxuda nə görübsə, qan-tər içində qardaşının otağına tərəf qaçıb. Görüb ki, Polad yoxdur. Tez məni oyatdı. Durdum, həyətə çıxdıq. Dedim, bəlkə tualetə gedib. Bir az gözlədik, səbrim çatmadı, tualetə baxdım, gördüm orada yoxdur. Telefonuna zəng etdik, küçə tərəfdən zəng səsi gəldi. Daha doğrusu, mənə elə gəldi ki, zəng küçədən gəlir. Küçədə, qapımızın ağzında balaca bir skamya var. Dedim, yəqin orda oturub. Amma orda deyildi. Yenə zəng etdik. Bu dəfə telefonun səsi bax, burdan, bu çardağın altından gəldi. Gecə qaranlıq, telefonun səsi gəlir, amma bilmirəm haradan. Amma hiss edirəm ki, telefon yaxında, iki-üç metrlikdədir. Nə telefonu tapa bilirəm, nə də Poladı. Birdən bacısı qışqırdı, baba, odey Polad bizə baxır. Çönüb baxdım, Polad idi… Mənə baxırdı… Amma cansız… Asmışdı özünü…

Bundan sonra Əfqan kişi üçün ömrü boyu unutmayacağı dəqiqələr başlayır. Poladı qucaqlayıb yuxarı qaldırır ki, boğazına keçirdiyi nazik dəmir trosu çıxarsın. Amma gücü çatmır. Bir əliylə nəvəsini tutur, o biri əliylə trosu boğazından çıxarmağa cəhd edir. Amma bacarmır. Çiynini nəvəsini ayaqlarına dirəyir, eyni zamanda qışqırmağa başlayır ki, kömək gəlsin. Nənəsi və qonşuları səsə gəlirlər. Trosu Poladın boğazından çıxarırlar, yerə qoyurlar, nəfəs verməyə başlayırlar, sinəsini masaj edirlər, amma həmin vaxt ağıllarına da gəlmirdi ki, Polad çoxdan həyatda yoxdur.

Ayağını altına kanistr qoyubmuş. Bir ayağı kanistrin üstündəydi, bir ayağı aşağı sallanırdı. Telefonu cibində, “nauşniki” də qulağında, belə bir vəziyyətdə asmışdı özünü. Amma nəvəsinin niyə intihar etməsini isə hələ də anlaya bilmir Əfqan kişi.

Bəlkə sevgi?

Hə, belə bir məqam olub. Polad bir qızı sevirmiş. İntihardan xeyli əvvəl sevdiyi qız ona deyibmiş ki, o, ali təhsil almaq istəyir, bu tip məsələlərə vaxt ayırmağa vaxtı yoxdur. Amma bu, çox əvvəl olub. Hamı deyir ki, sevgi məsələsi xırda detaldır.

İki qorxulu məqam

Poladın intiharında iki əsas məqam var ki, müstəntiqlər bu məqamlara mütləq diqqət ayırmalıdırlar.

Birincisi, Poladın çəkdiyi rəsmlər. Hə, çox istedadlı uşaq olub. Yaxşı da rəsmlər çəkirmiş. Müxtəlif məzmunlu rəsmlər. İntihardan sonra məlum olub ki, bu rəsmlər… yoxa çıxıb.

– Hər yeri axtardıq, evi ələk-vələk etdik, rəsmləri tapa bilmədik.

 

Babası deyir bunu.

İkincisi isə… qolunu iki yerdən kəsməyi.

Qolunu iki yerdən niyə kəssin ki, 15 yaşlı uşaq?

STOP!!!!

Hə, burada dayanmaq vaxtıdır. Söhbət ondan gedir ki, intihardan sonra belə bir şayiə yayıldı ki, Polad “Mavi balina” deyilən bir oyunun aludəçisidir. Bütün dünyada “intihar oyunu” adlanan bir oyunun. Nədir axı bu “Mavi balina”?

İnternet araşdırması zamanı məlum oldu ki, “Mavi balina” oyunu link vasitəsilə idarəedicilər tərəfindən göndərilir. Oyunçuların qarşısına müxtəlif vəzifələr qoyulur, adətən vəzifələrin gecə saat 2 radələrində (bu saata diqqət!!!) icra edilməsi tələb olunur.

Bu oyunda qeydiyyatdan keçən iştirakçıya əvvəlcə kamera ilə fotosunu çəkmək barədə tapşırıq verilir. Əksər tapşırıqların mahiyyətini özünə xəsarət yetirmək təşkil edir. İştirakçı oyuna davam etmək üçün özünə pislik etməlidir. Qrup təşkilatçısı iştirakçının özünə zərər verə biləcəyinə əmin olduqdan sonra onun bütün problemlərini müzakirə etmək üçün səsyazma ilə yazışır və sonda bütün problemlərin həll yolunun intihar olduğunu beyninə yeridir.

Hər oyunda iştirakçı xeyli tapşırığı yerinə yetirməlidir. Tapşırıqdan biri isə özünə, yəni bədən üzvlərinin birinə bıçaq, yaxud ülgüclə xəsarət yetirməkdir. İntihar isə ən sonuncu tapşırıqdır və əgər yerinə yetirilməsə, oyun təşkilatçıları iştirakçını ailəsini öldürməklə hədələyir.

Verilən intihar tapşırıqları arasında özünü asmaq, ya da çoxmərtəbəli binadan atmaq var. Tərəddüd edən iştirakçıya belə bir mesaj gəlir: “Özünü öldürməsən, sevdiklərini öldürəcəm!”

Yeri gəlmişkən, babası qolunu niyə doğradığını Poladdan soruşub. Polad isə cavab verib ki, bir səhv idi, bir daha olmaz.

Bundan başqa, oyun təşkilatçıları tərəfindən yeniyetməyə psixoloji təsir göstərəcək qəmli musiqi dinlədilir!

 

DİQQƏT!

 

Poladın intihardan əvvəl qəmli musiqilər dinlədiyini unutmamısınız ki?

Bundan başqa, istifadəçiyə filmlərə baxmaq məsləhət bilinir, intiharla bağlı əhvalat danışılır, ölümdən sonrakı həyatdan söz açılır.

Hə, ən əsası “Mavi balina”nın qaydalarına görə, iştirakçı qollarında bıçaq və ya ülgüc ilə bəzi şəkillər cızıb, həmin fotonu qrupa atmalıdır. Sonuncu gün isə ən uzağı səhər saat 4:20-yə, faciəvi saata kimi yatmağa icazə verilir. Həmin saatda oyunun admini “Skype”la zəng edir: “Bu, hamısı yuxu idi, intihar et və sonra oyanacaqsan” deyir. (Belə bir zəng Polada gəlibmi? – Bax, bunu müstəntiqlər araşdırmalıdır).

İntihar etmək istəməyəndə isə admin iştirakçıya İP ünvan göndərir və bildirir ki, onun yaşadığı mənzilin ünvanı bəllidir və intihar etməsə, sevdiklərini öldürəcəklər.

Çox oxşar məqamlar var, eləmi?

Rayonda ezamiyyətdə olduğumuz vaxt hadisə ilə maraqlandığımızı bilən şəxslər bu faciədən xəbərdar olduqlarını deyib, “telefon-kompüter çıxardanı” lənətləyir, Poladın “hansısa oyunda bir mərhələni keçə bilmədiyi üçün” stressdən intihara əl atdığı barədə eşitdiklərini danışırdılar…

…Amma babası Əfqan kişi “Mavi balina” məqamını qəti inkar edir:

– Bu sözləri mən də eşitmişəm. Amma qəti şəkildə bu versiyanı rədd edirəm. Balamın intiharının səbəbi bu deyil. Nədir? İstintaqın nəticələrini gözləyirik. Hazırda telefonu ekspertizadadır. Gözləyək, görək. Həm də bu oyun ruscadır, nəvəm isə rusca bilmir..

Amma yox, oyunun türk versiyası da var axı. Bir də başqa məqam. Sən demə, Polad Türkiyədə kimlərləsə yazışırmış. Hər bazar günü axşam telefonunu anasına qaytaranda isə bütün mesajları pozurmuş. Bəs kiminlə yazışırmış? Bunu da istintaq müəyyən etməlidir.

…Sinif rəhbəri Səbirə Süleymanova deyir ki, Polada 5-ci sinifdən dərs deyir və həmin vaxtdan sinif rəhbəridir.

 

– Onun niyə bu addımı atması hamıya maraqlıdır. O, sinif yoldaşları ilə həmişə mehriban olub, dərd-sərini bölüşüb. Balaca məktəbdir, onun kimisə sevdiyini hiss etməmişik. Ailəsi kimi biz də şokdayıq. Səbəbi məlum olmayan intihardır. Bir sirri-xudadır, vallah, nə bilək?

 

Polad yoxdur artıq. Onu “Mavi balına”mı uddu, nakam sevgiyəmi qurban getdi, ya hansısa başqa səbəb həyatını aldı, bilinmir. Ortada xeyli müəmma var. Bu müəmmalara istintaq aydınlıq gətirməlidir. İstintaq isə davam edir…

 

Səbuhi Məmmədli,

Şamaxı, Mədrəsə

 

BIR CAVAB BURAXIN