Gəlin Anarı qoruyaq, o bizim bu günümüz və gələcəyimizdir

0
768

Son günlər feysbukda gah acından ölərək Kəmaləddin Heydərova müraciət edən, gah da hansısa restorandan dəm vuran, 32 manat xərclədiyini yazan və özünü şair adlandıran Elşad Baratın rola girdiyini, bununla gündəmdə qalmaq istədiyini dərhal anlasam da buna reaksiya vermədim, “öz işidir”,- deyə fikirləşdim. Amma bu gün Elşad Barat AYB sədri Anarı hədəfə alanda buna dözə bilmədim. Çünki Anar hələ sovet dövründə tanınmış yazıçı idi. Qarabağ münaqişəsinin ağır vaxtlarında Azərbaycanın haqq səsini Moskvada cəsarətlə müdafiə edən, xaricdə düşmənlərimizi ifşa edən, həqiqətlərimizi dünyaya çatdıran hörmətli ziyalımız Anar olub. Milli azadlıq mücadiləmizdə də Anarın böyük xidmətləri olub. Ona görə də ermənilər, Azərbaycanın düşmənləri Anarı sevməyiblər ona daim böhtan atıblar. Üstündən illər ötəndən sonra Anarı bu dəfə “özümüzünkülər” hədəfə alıblar. Nəyə görə? Ona görə ki, Anar AYB sədri kimi bu qurumun dövlətçiliyimizə qarşı siyası oyunlar meydanına  çevrilməsinə imkan verməyib. Bunun da qisasını ondan almaq, kimlərinsə əli ilə bəzi gənc yazarları Anarın üstünə qaldırmağa cəhd edirlər. Guya Anar gənclərə meydan vermir. MƏN BİLMİRƏM ANAR BU GƏNCLƏRƏ NƏ VERMƏLİDİR Kİ, ONLAR ondan RAZI QALSIN.Əgər söhbət Anarin vəzifəsi ilə bağlıdırsa onda o bu vəzifədən getsə də onu gənc deyil, ən azı 50 yaş və ondan yuxarı kimsə əvəz edəcək.  Eyni zamanda kim də Anarın yerinə AYB sədri olsa, o, yenə də gənclərin istədiklərini onlara verə bilməyəcək. Axı AYB-nin o qədər imkanı yoxdur ki, kimlərə isə iş, ev və ya xüsusi təqaüd versin. Bu sadə həqiqəti hamı başa düşməlidir. Bəli Anar yaxşı, hörmətli yazıçıdır, hamımızın sevimlisidir. Amma məmur kimi sərt deyil, heç kəsi asıb kəsmir, xarakter etibarı ilə yumşaqdır, hamını yola verməyə çalışır. Məmur Anar yazıçı Anardan daha zəifdir. Yazıçı Anarla, məmur Anar arasında yerlə göy qədər fərq var.  Anar nə qədər kabinetdə oturur, o qədər də xalqdan uzaqdır. Amma nə qədər ki, Anar kabinetdə deyil, o qədər də xalqa yaxındır. Bu, bir həqiqətdir. Amma bu amil  hər yerindən duran uşaq-muşağın, Anarın kəsilib atılan dırnaqlarına belə dəyməyənlərin onun üstünə getməsinə haqq vermir. Anar ədəbiyyatımızda qocaman bir dağa bənzəyir və yüz illər bundan sonra gələnlər belə onun yazdıqlarını sevə-sevə oxuyacaqlar. Gəlin Anarı böhtanlardan, iftiralardan qoruyaq, onu müdafiə edək. Çünki Anar bizim yalnız bu günümüz deyil, həm də sabahımız və gələcəyimizdir.

Əziz Mustafa

Azərbaycan Yazıçılar Birliyinin üzvü, tədqiqatçı jurnalist

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

4 × 2 =