İNSANLAR MƏNƏ GÜVƏNİR

0
725

 

 

 

Artıq neçə illərdir tanıdığım və şəxsiyyətinə hörmət etdiyim həmişə gülərüz gördüyüm “Kristal” qrupunun rəhbəri Mədinə xanımla söhbətimizdə bir çox məqamlara toxunduq. Suallar bir-birinin ardınca quyuya atılan daşlar kimi səssizcə dərinliyə çökürdü. Keçmişin silinməyən izlərindən qaçmaq istəsə də göz yaşlarını həbs edə bilmirdi…

 

 

            ONUN GEDİŞİYLƏ HƏR ŞEY

                DAYANDI MƏNİMÇÜN

 

 

Mədinə xanım, neçə ildir “Kristal” qrupuna rəhbərlik edirsiniz?

– Artıq 14 ildir  ki, “Kristal” mənimlədir.

Bu 14 ildə kimlər gəldi, kimlər getdi?

– Çox adamlar gəlib keçib. Şükürlər olsun ki, indi o qızlar ailəlidir.  Bəziləri anadır. Solo karyeraya başlayanlar da var.

Onlardan yadınızdan çıxmayanları varmı?

– Onların hamısı mənim yadımdadır. Və hamısı ilə münasibətim var, lakin bir nəfərdən başqa. O barədə də danışmaq istəməzdim. Qızlar ad günümdə, bayramlarda zəng edib məni təbrik edirlər. Bu mənimçün çox önəmlidir. Daha çox görüşdüyüm Həmidədir. O, solo karyeraya başlayıb, filmlərə çəkilir.

Qrupunuzun elə üzvü varmı ki, onun gedişinə peşman olmusunuz?

– 14 ildir “Kristal” qrupu var, hər dəfə bir üzvümüzü evləndirmişəm. İllərlə əziyyət çək, sonra birdən-birə onu evləndir. Ancaq atalarımızın bir sözü var, hər ananın qapısına gəlməzlər. Deməli, insanlar mənə güvənir. Qrupumun qızlarının xoşbəxtliyini istəyirəm. Əksinə, qrupdan gedib  ailə quran qızların adına çox sevinirəm. Sadəcə istedadlı gedəndə deyirəm ki, heyf o səsdən. Bizim müqaviləmizin müddəti beş ildir və bu müddətdən sonra seçim onların özünə qalır. İstəsələr qrupda qala da bilərlər, gedə də bilərlər.

Digərlərindən sizə daha yaxın olan sirdaşlıq etdiyiniz qrup üzvü var idimi?

– Mənim yanımda çalışan qızların necə təmiz olduğunu hamı bilir. Mən onları söz-söhbətlərdən qorumağa çalışıram, öz balam kimi hamısına diqqət edirəm. Atdıqları hər addıma fikir verib, onlara məsləhətlərimi verirəm. Çox çətin işdir, qrup rəhbəri olmaq. Vallah nə sirdir bilmirəm. Qrupa dəvət edəndə qızları seçirəm, onların üstündə çalışıram. 3-4 il əziyyətdən sonra biri gəlir qızıma elçi düşür, mən də onların xoşbəxtliyinə mane ola bilmirəm. Hətta ad çəkməyəcəm bəzi müğənnilər var ki, deyiblər, məni də al qrupuna, əlin yüngüldür, bəlkə evləndim. Düşünürəm ki, onları ətrafdan, mənfi xarakterli dostlardan qoruyuram deyə, sona qədər tərbiyəli olaraq qalırlar. Həmişə demişəm, qızın ən gözəl dostu anası ola bilər. Bundan əlavə, qrupa gələn qızların nömrəsini dəyişirəm, ailəsindən başqa kimsə həmin nömrəni bilmir. Çünki qızların evini, karyerasını telefonlar, sosial şəbəkələr məhv edir. Mənim gizli heç nəyim yoxdur deyə onların hamısı ilə sirdaş kimiyəm. Biz demək olar ki, bütün günü bərabər oluruq. Onlar mənim evimin içindədirlər. Bərabər çörək yeyirik, qastrola birgə gedirik. Hətta oteldə onlarla bir otaqda qalıram ki, gözüm üstlərində olsun. Evimdə də anam, bacım oğlumdu. Yəni kimim var ki. Məsələn o ola bilər ki, hansısa qız digərindən gileylənə bilər mənə. Və yaxud, hansısa oğlan eşq elan edəndə kimsə gizlədir bunu məndən, kimi də qorxusundan deyir. Çünki mən onlara həmişə demişəm ki, ən gözəl biclik düzlükdü. Maraqlananda əgər görürəm ki, oğlan qeyri ciddi insandır, o zaman qıza başa salıram ki, bu düzgün seçim deyil.

Sözə gedən adam deyilsiniz ki?

– Yox, mənim qanunum belədir. Biz zəncir kimi bir-birimizə bağlı olmalıyıq. Ola bilər çoxdan gələn qız dünən gələn qızın səhvini görsün. Əgər bu həqiqətən səhvdirsə tənbeh edirəm. Qrupumuzun adına ləkə gətirməyi heç kimə imkan vermərəm.

Qrupa rəhbərlik etməkdən yorulub oxudunuz, yoxsa özünüzü sınamaq istədiniz?

– Xeyr, mən illərdi oxuyuram, amma özümçün. “Kristal” qrupu yaranan gündən bek vokallar mənim səsimlə ifa olunurdu. Hətta “N Brozes” qrupu ilk yarananda belə onların mahnılarında bek vokalı mən ifa etmişəm. Sadəcə bir dəfə mahnım dijey Anarın əlinə düşdü və o, tez-tez həmin mahnını səsləndirdi. Elə o zamandan da hər kəs maraqlanırdı ki, bu səs kimindi. Beləliklə oxuduqlarım üzə çıxdı. Və təkliflər gəlməyə başladı. Bir neçə ay öncə “Tin uşaqları” qrupundan musiqisi və sözləri  Sədrəddinə aid olan “Həsrət küləyi” mahnısını oxudum. Buna mahnı deyil, əsər deyərdim. Çox böyük səs-küyə səbəb olan bu əsərə görə film klip çəkmək üçün bəzi qurumlardan təkliflər gəldi. Qarabağı əks etdirən bu əsəri göz yaşları içərisində oxumuşam. Son zamanlar Ruslan Karslı ilə çalışıram.  Oxuduğum əksər  mahnıların sözləri ona aiddir.

Ola bilərmi ki, sizi bundan sonra qrup rəhbəri kimi yox, müğənni kimi görək?

– Artıq üç ildir ki, toylara aparıcı kimi dəvət alıram. Lakin maraqlısı odu ki, aparıcılıq etdiyim toylarda artıq məndən ifa da istəyirlər. Mən də izah etməyə çalışıram ki, müğənni deyiləm və heç fikrim də yoxdur buna. Sadəcə bu sənətdə bir imzamın qalmasını istərdim. Əgər şəxsiyyətinə çox hörmət etdiyim millət vəkili Novruz Aslan mənə öz mahnısını etibar edibsə, bu mənimçün şərəfdir.

Həyatda qazancınız nə olub?

– …(Bir qədər fikrə getdi) Maraqlı sualdır. Qazandığım dostlar oldu. Qazandığım düşmənlər var. Mənə dəyər verən insanları tanıdım. Tanrıma şükürlər olsun, anayam, oğul böyüdürəm.

Dost itirmədiniz?

– Üstündən xətt çəkdiklərim oldu.

Kaş ki, demirsiniz?

– Mənim həyatda iki devizim var. Ən böyük silahım gülüşüm, ən böyük söyüşüm isə susmağımdır. Dünənki günü unutmayaraq, sabahkı günümü düşünərək bu günümü yaşayıram. Arxaya baxanda dünənimi unutmaq istəmirəm ki, sabahı düzgün yaşayım.

Ötənlərdə nələr vardı?

– Geriyə boylansam ağlayaram. Çünki acı günlərim yetərincə olub. Anamın yatağa düşməyi, cavan qardaşımın vaxtsız bu həyatdan köçməyi… Təsəvvür edin ki, bu faciədən sonra anamın ayaqları tutulmuşdu. Bunun mənimçün nə demək olduğunu izah etmək belə çətindir. Göydə Allah, yerdə həkimlərin sayəsində neçə dəfə anamın kəfəni yırtdığını yadıma salanda, mən o həyəcanı bir də yaşayıram. Çox çətin və ağır gəncliyim olub. Rəfiqələrim sevdikləri ilə bərabər olanda, mən həyatın sınaqları ilə çarpışırdım. Anam üç il çarpayı xəstəsi oldu. Daha sonra keçirdiyi əməliyyatlar… O günləri heç vaxt unutmuram. Lakin düşünürəm ki, Allahın sevimli bəndəsi olduğum üçün bunları mənə yaşadıb. Hər övlada anasının qulluğunda bu cür dayanmaq nəsib olmur. Qardaşım sağ olanda çox xoşbəxt idim. O dünyasını dəyişəndə mənim 21 yaşım vardı. Və sanki onun gedişiylə hər şey dayandı mənimçün… Çox ərköyün olmuşam və düşünürdüm ki, mənim həyatımda heç vaxt çətinlik ola bilməz. Amma bu itki mənə həyatın o biri üzünü göstərdi. Şükürlər olsun, Tanrım anamı mənə qaytardı. Həmişə Allaha yalvarıram ki, nə qədər möhlət varsa, qoy analar övladlarından gec ayrılsınlar. Yaşa dolduqca anaya daha çox ehtiyac duyulur. Ovlada ana hər yaşda lazımdı. Allah heç bir anaya bala dağı göstərməsin. Anam bunu necə yaşadı, onu xatırlamaq mənə çox ağırdır. Mən illərdi müsahibə vermişəm, lakin ilk dəfədir ki, kövrəlirəm…

 

  1. S: Uşaqlıq bağçasını cənnətə çevirmək üçün əlini uzadacaq bir qardaşa ehtiyacı vardı. Xəyallardan uzaqlaşa bilməsə də, zamanların ən zalımı keçmişdi. Gələcəyin önündəki qapılar artıq üzünə taybatay açıqdır. Bu gün ümidinin gücünü artıran həyatını belə qurban verməyə hazır olduğu anasının yaşadıqlarının acısını çıxarmaq üçün ona güc verən oğlu vardı yanında…Mətanət Şamilqızı 

 

 

 

 

 

 

 

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

3 × 5 =