Gələn il Qarabağdan Üçüncü Dünya müharibəsi başlayacaqmı…

0
614

Gələn il dünyanın beş münaqişə zonasından  III Dünya müharibəsi başlaya bilər. Virtualaz.org xəbər verir ki, bu barədə müdafiə və milli təhlükəsizlik üzrə amerikalı mütəxəssis Robert Farli “The National İnterest” jurnalına bildirib.

Analitik bu beş münaqişə ocağından ən təhlükəlisi kimi Şimali Koreyanı göstərib. Xüsusən də Şimali Koreyanın ballistik raketlər sahəsində əldə etdiyi nailiyyətləri və Tramp administrasiyasının diplomatiyada təcrübəsizliyi nəzərə alınarsa.

Robert Farli bildirir ki, hazırda hər iki tərəfin qabaqlayıcı zərbə endirməyə səbəbləri var. ABŞ-a gəldikdə bu ölkə Şimali Koreyanın raketlərini strat meydançasına yerləşdirməzdən əvvəl onun rabitə kommunikasiyalarını və bazalarını sıradan çıxara bilər. Pxenyan da öz növbəsində ABŞ-a belə imkan verməmək üçün qabaqlayıcı zərbələr endirməyi nəzərdən keçirir. Analitik qeyd edir ki, Koreya yarımadasında gərginliyin açıq münaqişəyə keçməsi halında Çin və Yaponiya da müharibəyə cəlb olunacaq.

Robert Farli

Amerikalı analitikin fikrincə digər münaqişə ocağı Tayvandır. Çünki Çin regionda hərbi fəallığı artırır, ABŞ isə bundan narazıdır. Öz növbəsində Birləşmiş Ştatlar Çinin hərbi gücünün artmasına cavab olaraq Tayvanla iri silah sövdələşməsi bağlayıb. Ekspertə görə iki ölkə arasında siyasi qeyri-müəyyənlik regionda münaqişənin başlamasına səbəb ola bilər.

Robert Farli digər gərginlik ocağı kimi Ukraynanı nəzərdən keçirir. Ukraynanın şərqində gərginlik qalmaqdadır və atəşkəs hər gün pozulur, eyni zamanda Kiyevdə siyasi qeyri-stabillik hökm sürür.

Analitik hesab edir ki, əgər Ukrayna hökuməti devrilərsə ekstremistlər ölkədə hakimiyyəti ələ keçirəcək, bu da ölkənin şərqində münaqişənin yenidən qızışmasına səbəb olacaq. Farlinin qənaətinə görə vəziyyətin bu cür inkişafı nəticəsində münaqişə beynəlxalq miqyas alacaq, Avropa ölkələrinə sirayət edəcək və ABŞ Rusiya ilə toqquşmalı olacaq.

Amerikalı eksperti NATO-nun cənub cinahındakı situasiya da narahat edir. Onun mövqeyinə görə Türkiyənin Rusiya ilə yaxınlaşması və ABŞ-dan, Avropa İttifaqından məsafə saxlaması regiondakı qüvvələr balansını pozacaq. Bu da Suriya, İraq, İran, Balkanlar və Qafqazdakı situasiyaya təsir edəcək. Farlnin fikrincə bu kontekstdə xüsusən Dağlıq Qarabağ münaqişəsi və kürdlərin öz dövlətlərini yaratmaq səyləri xüsusilə təhlükəlidir.

Nəhayət Robert Farli hesab edir ki, yeni dünya müharibəsinə gətirib çıxaracaq potensial münaqişə ocaqlarından sonuncusu Fars körfəzidir. Burada analitikSəudiyyə Ərəbistanı və İran arasındakı qarşıdurmaya diqqəti cəlb edir. ABŞ administrasiyası Suriyada Bəşər Əsəd rejiminin qələbəsini tanıdığına görə indi Tramp administrasiyası öz səylərini İranla qarşıdurmaya yönəldir. Bu da Səudiyyə Ərəbistanına hədsiz inama gətirib çıxara bilər. Belə ki, Səudiyyə Ərəbistanı İrana qarşı hətta İsraili də cəlb etməklə hərbi-diplomatik koalisiya yaratmağa hazır olduğunu bildirib. Lakin yaddan çıxarmaq lazım deyil ki, Fars körfəzində Rusiyanın da maraqları var.

R.Farli qeyd edir ki, dünyada vəziyyət çox təhlükəlidir. Bura Tramp administrasiyasının diplomatik çaşqınılığını, böhranların idarə edilməsində təcrübəsizliyini da əlavə edəndə analitik hesab edir ki, qarşıdakı ildə dünyada yeni müharibələr başlayacaq.

Amerikanın digər nüfuzlu nəşri-“Newsweek” jurnalı da gələn il dünyanı gözləyən təhlükələr, Ukrayna və Suriya münaqişələrinin necə inkişaf edə biləcəyi, o cümlədən ABŞ-Şimali Koreya qarşıdurmasının necə nəticələnəcəyi barədə ekspertlərin fikirlərini öyrənib.

Virtualaz.org qeyd edir ki, jurnalın məqaləsində Ukrayna münaqişəsinin bir qədər yaddan çıxdığını və arxa plana keçdiyini qeyd edirlər. Lakin bu münaqişə davam edir və səngiməyib.

“Münaqişə tam gücü ilə davam edir. Hər gün atəşkəs pozulur, insanlar həlak olur”-ABŞ-ın Ukraynadakı keçmiş səfiri və Atlantik Şurasının Dina Patrisia mərkəzinin direktoru Con Herbst bildirir.

Con Herbst

Amerikalı keçmiş diplomat qeyd edir ki, Putinin inkar etməsinə baxmayaraq hazırda Ukraynanın şərqində bir neçə min Rusiya hərbçisi var. “Rusiya Ukraynaya qarşı müharibə aparır. Yoxsa şərqi Ukrayna sakinləri öz hökumətlərinə qarşı qiyam qaldırmazdı”-Herbst deyib.

Diplomat əlavə edib ki, bu münaqişə hazırda dalana dirənib, çünki Ukrayna Rusiyanın gözlədiyindən daha güclü və inadkar çıxıb. Kreml isə tammiqyaslı hücuma təşəbbüs göstərmək istəmir. Herbst müharibənin 2018-ci ildə başa çatmayacağını deyir. “Bütün bunlar bir neçə il, ola bilsin 10 il və daha çox davam edəcək. Ancaq vaxt əsasən Ukraynanın tərəfindədir. Rusiyaya qarşı tətbiq edilmiş iqtisadi sanksiyalar gec-tez ağır zərbə vuracaq, Putin məcbur olacaq ki, Ukraynadan çəkilsin. Bu müharibə Ukrayna xalqı və Kreml arasında gedir”-Con Herbst əlavə edib.

Jurnal Suriya münaqişəsinin aqibəti barədə Vaşinqtonda müharibə araşdırmaları institutunun kəşfiyyat üzrə baş mütəxəssisi Ceniffer Kafarelladan soruşub. Ekspert bildirib ki, müharibənin 2018-ci ildə başa çatacağı çox az ehtimal edilir, yaxud ümumiyyətlə mümkün deyil. Baxmayaraq ki, Rusiya prezidenti Suriyada terrorçular üzərində qələbəsini təntənəli şəkildə elan edib.

“İŞİD öz fəaliyyətini davam etdirməyə hazırdır və buna imkanı var. “Əl-Qaidə”nin Suriyanın qərbində ordusu var və o, həmin ordunu Suriyanın şəhərlərinə qaytarmağa, ölkənin şərqində öz hərəkatını dirçəltməyə hazırdır. Əsədin rejimi tamamilə Rusiyadan və İranın göndərdiyi şiə yaraqlılarından asılıdır, bu qüvvələr hücum və müdafiə əməliyyatları keçirir, ancaq rejim ölkənin ərazilərinin hamısını nəzarət altına qaytara bilməyib”-Kafarella bildirib.

Ekspert qeyd edib ki, bütün bunlarla yanaşı hazırda sülh prosesində hər hansı irəliləyiş yoxdur. Rusiya, İran və Əsədin təklif etdiyi “diplomatik yol” əslində aldatmadır, əsas məqsədi Əsədin rejiminin ömrünü mümkün qədər uzatmaqdır.

“Əsəd heç vaxt müxalifəə kompromislərə getməyib və buna hazır deyil. ABŞ da Əsədə bunu etməyə inandırmaq üçün heç nə etmir, ABŞ geri çəkilib və imkan yaradıb ki, Rusiya və İran Əsədin rejimini qorusun”-o bildirib.

Nəhayət jurnal gələn il ABŞ-la Şimali Koreya arasında münaqişənin başlaması təhlükəsi barədə Kolumbiya Universitetinin Koreya araşdırmaları fondunun professoru Çarlz Armstronqla danışıb. “Mən hesab edirəm ki, 2018-ci ildə münaqişə ehtimalı azdır, lakin hər halda mümkündür”-professor deyib.

Armstronq bildirib ki, Tramp administrasiyasının Koreya rejimi ilə gələn ilin əvvəllərində danışıqlara başlayacağını gözləyir. Çünki danışıqlar müharibədən qaçmağın yeganə yoludur. Əgər danışıqlar başlamasa Şimali Koreya nüvə sınaqlarını 2018-ci ildə də davam etdirəcək.

“Şimali Koreyanın məqsədi odur ki, ABŞ-a nüvə raketləri ilə zərbə vurmaq imkanlarını nümayiş etdirsin. Lakin ekspertlər hələ də şübhə edirlər ki, Şimali Koreya raketləri nüvə başlığı daşıya və atmosferə daxil olanda salamat qala bilər”-o qeyd edib.

Amerikalı professor bildirir ki, Şimali Koreyanın əlində 25-60 arasında nüvə silahı var, lakin Pxenyanın bu başlıqları ABŞ ərazisinə çatdırmaq texnologiyasına malik olması hələ şübhə doğurur.

F.Məmmədov

BIR CAVAB BURAXIN