Futbol dünyasında vurduğu qollardan çox qalmaqallarıyla tanınan Mario Balotelli deyəsən, öz yerini tapıb. İtaliyada istedadından ağızdolusu danışılan 26 yaşlı hücumçu, “Liverpul” və “Milan”da etimadı doğrultmadı. Ancaq cari mövsümə “Nitsa”da başlayan Marionun “ayağı açılıb”.
Publika.az xəbər verir ki, Fransa çempionatının ortabablarından sayılan “Nitsa” klubu Liqa-1-də 6 turdan sonra liderliyi ələ keçirib. Şübhəsiz ki, bu yüksəlişdə Balotellinin də xidmətləri az deyil. İtaliya pasportu daşıyan Qana əsilli futbolçu 6 tur ərzində cəmi 2 dəfə meydana çıxaraq 4 qol vurub ki, bu da onun son iki ildə vurduğu qolların sayından iki dəfə çoxdur. Ötən mövsüm A seriyasında 20 oyunda “Milan”ın formasını geyinsə də, 1 dəfə fərqlənmişdi. 2014/15 mövsümündə “Liverpul”un heyətində də Premyer Liqada 16 oyuna 1 qolla yadda qalmışdı.
Liqa-1-in 6-cı turunda “Monako”nu qəbul edən “Nitsa” növbəti inamlı qələbəsini qazanaraq Fransada məğlubiyyətsiz irəliləyən yeganə komanda oldu. “Alyans Rivera” stadionunda baş tutan qarşılaşmada Balotelli dubl etdi. “Monako” isə mövsümdə ilk məğlubiyyətiylə barışdı. Qonaqlar matçı 10 nəfərlə başa vurdu.