Formula 1 yarışlarının əfsanələri: Alen Prost  və Ayrton Senna

0
611

Bakıda keçiriləcək  növbəti Formula 1 yarışları ərəfəsində “Oxu məni” qəzeti bu möhtəşəm oyunların qalibləri haqqında  silsilə yazılarını davam etdirir.

 Formula 1 yarışları tarixində son 35-40 ildə belə demək mümkünsə sözün əsl mənasında qəhrəmanlıq göstərərək insanı heyrətə salan 3-4 qəhrəman var. Onlardan biri də adını Formula 1 yarışları tarixinə qızılı hərflərlə yazdıran və hələ sağ ikən canlə əfsanə adlandırılan 4 qat dünya çempionu  fransız pilot Alen Mari Paskal Prostdur.

 Gələcəyin Formula 1 yarışları əfsanəsi Alen Prost 1955-ci ildə Fransanın Sen-Şimon şəhərində Andre və Mariyanın ailəsində anadan olub. Uşaq yaşlarından həmyaşıdları kimi müxtəlif idman oyunlarına xüsusi maraq göstərən Alen Prost 14 yaşı olanda ilk dəfə kartinq yarışları ilə tanış oldu. Qısa müddətdə bu oyunun qızğın həvəskarına çevrilən Alen özünü yarışlarda sınamağa başladı. 1973-cü ildə kartinq yarışlarında iştirak etməyə başlayan Prost avto pilot hazırlayan məktəbə daxil olaraq 1975-ci ildə oranı uğurla başa vurdu. Buraxılış imtahanında məzunlar arasında keçirilən yarışın qalibi olan Alen Prostu  xüsusi “Pilot Elf” diplomu  ilə təltif etdilər.Yarışların  qalibi  və ən istedadlı avto pilot kimi isə ona yerli yarışlarda iştirak etmək üçün  xüsusi yarış maşını təqdim etdilər. 1976-cı ildə Prost Fransada keçirilən yerli avtoralli yarışlarının 13 mərhələsindən 12-nin qalibi oldu. Sonrakı ildə də analoji yarışın qalibi olan Alen Prost 1978-ci ildə həyatında ilk dəfə Formula 3 yarışlarına qatıldı. 1979-cu ildə Formula yarışları üzrə Avropa çempionu olan Alen Prost özünün istedadlı pilot olduğunu bir daha sübut etdi. 1980-ci ildə ilk dəfə Formula 1 yarışlarında iştirak edən Alen Prost 6-cı yerlə kifayətlənməli oldu. 1982-ci ildə Prost  çempionluğun bir  addımlığında idi. Ancaq son məqamda xoşbəxtlik ondan üz döndərdi. 1983-1984-cü illərdə də Prost cüzi fərqlə çempionluğu əldən verdi. Bununla belə Prost 1985-ci ildə arzusuna çataraq Formula 1 yarışlarının çempionu oldu.

Fransada Alenin bu qələbəsini olduqca böyük  coşqu ilə qarşıladılar. Yarışlarda qazandığı qələbəyə görə, Fransa hökuməti Alen Prostu Fəxri Legion ordeni ilə təltif etdi. Bu qələbələrdən ruhlanan Alen Prost 1986-ci ildə yenidən ardıcıl ikinci dəfə Formula 1 yarışlarının qalibi oldu. 1987-ci ildə isə Prost qələbə seriyasının davamını gətirə bilmədi. O,1987-ci ildə Formula 1 yarışlarında yalnız  4-cü yerlə kifayətləndi. 1988-ci ildə Prost yarışlarda yenə  çempion titulunu qazana bilmədi. 1989-cu ildə nəhayət ki, Prost Formula 1 yarışlarında arzuladığı 3-cü çempion titulunu  qazandı.

Amma 1990-1992-ci illərdə Alen Prost yenidən uğursuluq zolağına düşdü. Bununla beləinadkarlığı, ruhdan düşməməyi sayəsində Prost 1993-cü ildə  4-cü dəfə Formula 1 yarışlarının qalibi ola bildi. O ikinci və üçüncü yerdə gedən rəqiblərini 26 və 30 xal fərqləqabaqladı. Amma artıq yorulduğunu hiss edən Alen Prost 1994-cü ildə karyerasını başa vurduğunu elan etdi. O bununla da Formula 1 yarışlarında ilk dəfə 4 qat dünya çempionuolan pilot şərəfinə nail olmuş oldu. Onun bu rekordu illər sonra  alman pilot Şumaxer tərəfindən təzələndi.

Ayrton Senna da Silva

Formula 1 yarışlarında özünəməxsus şərəfli bir iz buraxan pilotlardan biri də Braziliyadan olan 3 qat dünya çempion Ayrton Senna da Silvadır (Ayrton Senna) Formula 1 yarışları iştirakçıları tərəfindən məhəbbətlə “Sehrbaz” adı ilə çağrılan  Ayrton Senna 1960-ci il mart ayının 1-də San-Paulu şəhərində varlı torpaq sahibinin ailəsində anadan olub. Atası avtoralli yarışlarına böyük həvəs göstərdiyindən 4 yaşında ikən Ayrtonu sükan arxasındaəyşdirmişdi. Atasının təsiri altında Ayrton tezliklə avtoralli yarışlarının qızğın həvəskarına çevrilir. 13 yaşı olanda Ayrton  kartinq yarışlarında iştirak edir. İlk yarışda mükafata layiq yer  tuta bilməsə də Ayrton özünü istedadlı avto pilot kimi göstərir. Bununla belə ildən-ilə təcrübəsini artıran Ayrton 1977-ci Cənubi Amerika üzrə keçirilən kartinq yarışlarının qalibi olur.

1978-ci ildə Ayrton avtoralli yarışlarının mərkəzi hesab edilən Avropaya yollanır. O,Britaniyada keçirilən Formula-Ford 1600 yarışlarında iştirak edir və qalib gəlir. 1982-ci ildə Ayrton Braziliyada geniş yayılan da Silva soyadından imtina edir və anasına məxsus Senna familiyasını götürür. 1982-ci ildə Ayrton Senna Avropada və  Britaniyada keçirilən Formula-Ford 2000 yarışlarının qalibi olur. 1983-cü ildə isə Ayrton Senna Britaniyada keçirilən Formula 3 yarışlarının qalibi olur. 1984-cü ildən  “Toulman“ komandasında çıxış etməyə başlayan Senna bir neçə dəfə Formula 1 yarışlarında yüksək yerlər tutur.

1985-ci ildə daha güclü olan “Lotus” komandasına  keçən Ayrton Senna burada da özünün yüksək istedadını nümayiş etdirir. Lakin yenə də müəyyən səbəblərdən Ayrton Senna mükafata layiq yer tuta bilmir.

1986-cı ildə Senna Formula 1 yarışlarında uğura yaxın olsa da son nəticədə 4-cü yerlə kifayətlənməli oldu. 1987-ci ildə o  Monako və ABŞ-da keçirilən Qran-pri yarışlarının qalibi oldu. Amma sonrakı mərhələ yarışlarında onun bəxti gətirmədi və qəza keçirərək  birmüddət çıxışını dayandırmalı oldu. Bununla belə son mərhələ yarışlarında iştirak etmək üçün özündə güc tapan Ayrton Senna  nəticədə 3-cü yeri tutdu.  Necə deyərələr,  zirvəyə gedən yolun qapıları artıq onun üzünə açılmışdı.

1988-ci ildən “Maklaren” komandası ilə birlikdə çıxış edən Ayron Sennanın tərəf müqabili Alen Prost oldu. Alenlə rəqabət onu çempionluq uğrunda daha qətiyyətli mübarizə aparmağa sövq etdi. Nəticədə 1988-ci ildə Prostu özündən geridə buraxan Ayrton Senna çoxdan arzuladığı Formula 1 üzrə dünya çempion titulunu qazandı.

1989-cu ildə də keçirilən Formula 1 yarışlarında da Prostla Ayrton arasında çempionluq uğrunda gərgin mübarizə getdi. Sonuncu mərhələ ərəfəsində-Sudzuka trasında rəqibini ötüb keçmək istəyən Ayrton Senna ilə Prostun bolidi toqquşdu. O vaxt toqquşmaya səbəb kimi Prostun Sennaya yol vermək istəməməsi göstərildi. Amma toqquşmaya baxmayaraq Senna mərhələni qalib kimi başa vurdu. Bununla belə toqquşmada “günahkar” Senna hesab edildi. Onu yüz min dollar cərimə kəsərək bir də yarışlarda çıxış etmək hüququndan məhrum etdilər. Amma ertəsi il Senna cəriməni ödəyərək baş verənlərə görə FİA-dan rəsmi şəkildə üzr istədi. Nəticədə ona yenidən yarışlarda iştirak etməyə icazə verdilər. 1990-cı ildə “Maklaren”i tərk edərək “ Ferrari” komandasının tərkibində yarışlarda çıxış edən braziliyalının əsas rəqibi yenə də Prost idi. Bu dəfə də qalib sonuncu mərhələ ərəfəsində müəyyən edildi. Yenə də Prost və Sennanın maşınları  toqquşdu. Toqquşma ərəfəsindaSenna xal hesabı ilə rəqibindən xeyli irəlidə idi. 1989-cu ildə olduğu kimi bu dəfə də toqquşmada Sennanı günahkar hesab etdilər. Lakin xal hesabı ilə rəqibini özündən xeyli geridə buraxması səbəbindən qalib bu dəfə Senna elan edildi. Beləliklə o ikinci dəfə Formula 1 yarışlarının qalibi oldu. Bundan bir il sonra Senna mətbuata verdiyi müsahibəsində qeyd etdi ki, 1989-cu ildə də o çempion idi. Ancaq haqsız davranaraq onu bu tituldan məhrum etdilər.

1991-ci ildə isə çempion titulu uğrunda Senna Naycel Mensellı mübarizə aparmalı oldu. Onlar arasında sona kimi bərabər şəkildə mübarizə getdi. Lakin növbəti mərhələdə qəza keçirən Mensell yarışları dayandırmağa məcbur oldu. Nəticədə Ayrton Senna üçüncü dəfə çempion titulunu qazandı. 1992-ci ildə baş tutan Formula 1 yarışlarında Ayrton Senna Mensellə, 1993-cü  ildə isə Alen Prosta məğlub oldu. 1994-cü ildə Senna qələbə əzmi ilə  yarışa başladı. Lakin San –Marinoda keçirilən yarışda saatda 310 kilometr sürətlə gedərkən Senna vaxtında əyləci basa bilməyərək beton səddə çırpılaraq dünyasını dəyişdi.Onun belə faciəli və gözlənilməz şəkildə dünyasını dəyişməsi çoxsaylı azarkeşləri, o cümlədən bütün Braziliyada böyük kədərlə qarşılandı. Braziliyada Ayrton Sennanın faciəli şəkildə ölümü ilə bağlı 3 günlük matəm elan edildi. Sennanı son mənzilə bir neçə milyon adam yola saldı. Onun tabutunu aparanlar arasında yarışlardakı rəqibi Alen Prost da var idi. Sennanı San- Paulu yaxınlığındakı Morumbi qəbristanlığında dəfn etdilər. Ölümündən bir az əvvəl, Senna “Ayrton Senna Foundation” adlı xeyriyyə fondu təsis etmişdi. Məqsəd Braziliyadakı və dünyanın digər yerlərindəki kasıblara kömək etmək idi. Ölümündən sonra onun bütün var-dövləti bu fondun hesabına keçdi. Ayrton Senna bu gün də onu sevən milyonların qəlblərində yaşamaqda davam edir.

Emin Axundov

BIR CAVAB BURAXIN