Deputat: ‘Qadınlar da öz ərlərini öldürür…’

0
680

11

“Qadın qətllərinə son”, “Qadınlara zorakılıq və şiddətə son” kimi çağırışlar sosial şəbəkələrdə çox rastlanır. Səbəb son həftələrdə qadınların ərləri tərəfindən öldürülməsi xəbərlərinin çoxalmasıdır.

Qəbələdə üç uşaq anası və daha bir uşağa hamilə qadını ərinin öldürməsi xəbəri daha çox müzakirələrə yol açdı. Bu zaman valideynlərin qız övladlarına sahib çıxmamaqda qınayanlar da çox oldu, ailədəki zorakılıqla bağlı aylar öncəki müraciəti polisin qulaqardına vurmasına diqqət çəkən də.

Ard-arda suallar doğur: Belə zorakılıqlar nədən qaynaqlanır? Qadın qətllərinin arxasında nə durur? Və s. və i.a.

Deputat: “Qadınlar da öz ərlərini öldürür…”

“Amma son illər neçə dəfə belə məlumatlara rast gəlmişik ki, qadın öz ərini bıçaqlayıb, ərinə təcavüz edib, onu öldürməyə cəhd göstərib və ya öldürüb”. Milli Məclisin Ailə, qadın və uşaq məsələləri Komitəsinin üzvü Tahir Rzayev qadınlara zorakılıqdan danışarkən belə deyir. O bu fikridədir ki, dünyanın hər yerində zorakılıq baş verir, sadəcə, Azərbaycanda bu daha çox “qabardılır”, qadın hüquqlarının pozulması kimi qələmə verilir.

“Dövrün çətinlikləri, bütün dünyadakı böhran…”

Deputat zorakılıq hallarının artmasını “dövrün çətinlikləri” ilə əsaslandırır: “Bütün dünyada böhran yaşanır, istər mənəviyyatda, istərsə iqtisadiyyatda. Bir çox adam buna hazırdır, intellekti, səbri var. Ancaq dözümsüz adamlar ailə münaqişəsi zamanı belə olaylara meyllənirlər. Əsas səbəblərdən biri – insanların yetərsiz şüuru və çətinliklərə dözə bilməməsidir. Bəziləri ailə qurur, çətinlik görüncə, ya ayrılır, ya da zorakılığa əl atır. Dözümsüzlükdür səbəb”.

Deputat Tahir Rzayev belə halların təbliğ edilməsinə qarşı çıxır. O, cəmiyyətdə yaxşı örnəklər olduğunu da söyləyir: “Dünən (oktyabrın 31-də) göstərirdilər ki, Bərdədə bir ailənin 14-cü uşağı dünyaya gəlib, deyir ki, çətinliyimiz çoxdur, amma yenə də Allaha şükür edirlər. O qədər xoşuma gəldi bu… Yüksək gəlirləri yoxdur. Ata sürücü, ana evdar qadındır. Başqa ailədə belə şey olurmu? Xırda bir səhv olunca, ya kişi arvada əl qaldırır, ya da arvad kişini döyür, evdən qovur. İnsanlar ailə quranda düşünməlidirlər ki, sabah ailəni təmin edə biləcəklərmi? Dözümlü olmalıdırlar”.

Psixoloq: “Bundan danışmağı eyib sayırıq”

Psixoloq Azad İsazadə məişət zorakılığının cəmiyyətdə aqressiyanın artmasından, sosial-iqtisadi, maddi problemlərin çoxalmasından qaynaqlandığını söyləyir. Onun fikrincə, problem heç bununla da bitmir. Psixoloq problemin kökünü patriarxal yanaşmada və toplumun bu yöndə mübarizə aparmamasında görür:

“Biz problemin aşkara çıxmasını istəmirik, bu haqda danışmağı eyib sayırıq. Təəssüflə qeyd etmək lazımdır ki, biz belə halların görünən tərəfləri ilə rastlaşırıq. Faktların çoxu elə ailənin içində gizli saxlanılır. Kimsə döyülürsə, “yəqin günahı var döyülüb”, – deyə düşünürlər. Şüaraltında bu yanaşma va

Komitə: “Ab-havası ağır olur…”

Ailə, Qadın və Uşaq Komitəsi informasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova yaranmış durumun təmsil etdiyi qurumu narahat etdiyini bildirir. Zorakılığı doğuran səbəblərə gəlincə, A. Veysəlova deyir: “Birinci yerdə zorakılığı törədənin şəxsi keyfiyyətləri, onun psixikası, həyata baxışları, tərbiyəsi mühüm təsir göstərir. Adi bir misal: Kişi ondan boşanmış qadının həyatına müdaxilə edir, harada işləməsinə, kiminlə yaşamasına, hara getməsinə qarışır. Bəzən də qadını qətlə yetirir. İkinci yerdə tərəflər arasındakı münasibətlər gəlir. Ailədə ideoloji, sosial və psixoloji uyğunluq olmalıdır, bu olmazsa, ab-havası ağır olur. Çox vacib amildir bunlar. Uyğunluq olmazsa, maneə və çətinliklər yaranır, bu da zorakılığa aparır. Üçüncü yerdə, bizim patriarxal düşüncəmiz durur. Bu, bəzən, zora, təzyiq göstərməyə yol açır”.

“Çıxış yolu göstərin”

Rəyi soruşulan ekspertlər, rəsmilər düşünürlər ki, faciə və zorakılığı önləməyin yolu maarifləndirmədən keçir.

Azad İsazadənin fikrincə, qadın öz hüquqlarını, hara üz tutacağını, ona kimlərin və necə yardım edəcəyini bilməlidir: “Adətən, köməyi ailə üzvlərindən umurlar. Ailə üzvləri də bayaq dediyim kimi, belə düşünürlər: “Elə belə döyülməzsən, yəqin nəsə etmisən”. Bir də hakim bir fikir var: Xanım harasa müraciət edəndə, qınaqla qarşılanır. Bax, bu yöndə iş görülməlidir”.

Aynur Veysəlova da çıxış yolunu maarifləndirmədə görür. O, Komitənin bu yöndə layihələr gerçəkləşdirdiyini, sosial çarxlar hazırlayıb telekanallarda yayımlatdığını, 10 adda maarifləndirici broşür çap etdirdiyini bildirir:

“Amma bunlar yetərli deyil. Maarifləndirmənin sürəkliliyi və müddəti azdır. Biz bir-iki saat və ya üç-dörd gün maarifləndirmə işləri aparırıq, amma bunu gücləndirmək imkanlarından məhrumuq. Məsələn, KİV-lər bu işi gücləndirmək əvəzinə, sıfıra endirən məlumatlar, verilişlər təqdim edirlər”.

Sosial şəbəkələrdən “işaranlar”

Noyabrın 1-də “Təmiz dünya” İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova “qadın qətllərinə son” aksiyasının uğurla başa çatdığını açıqlayıb. Düzdür, aksiya birmənalı qarşılanmayıb. Ona ironiya ilə yanaşanlar, aksiyanın səmərəsiz olacağını düşünənlər də çoxdur. Ancaq Mehriban Zeynalova yazır: “Hər gün də olmasa, həftə ərzində bir qadının qəddarcasına öldürülmə xəbərini oxuyuruq. Bu ölümlərin əksəriyyəti uşaqların gözü qarşısında olur. Mən əminəm ki, bizə gülənlər bu məlumatları oxuyur, eşidir, bəzən, haqsızlığa qarşı bizdən də kəskin hiddətlənirlər. Bəs səbəb nədir? Qadın bu qədərmi günahkardır? Bütün günahların səbəbkarı qadındırmı? Mütləq öldürülməlidir qadın? Bu aksiyanın mahiyyəti kişiləri qısnamaq deyil! Biz Azərbaycan kişisini qətiyyən aşağılamaq, öldürmək və ya qısnamaq fikrində də deyilik”.

Mehriban Zeynalova problemin həllini qanunvericiliyin sərtləşdirilməsində və bu məsələlərə məsul şəxslərin öz işinə məsuliyyətli yanaşmasında görür. “Təmiz Dünya”nın rəhbəri bu məsələlərin həlli üçün İnsan Haqları üzrə birgə İşçi Qrupun həmsədri Fuad Ələsgərova müraciət hazırlayıb, imza toplayır.

Psixoloq Azad İsazadəyə görə, qanunları sərtləşdirməyə gərək yoxdur, sadəcə, qüvvədə olan qanunlar işlək hala gətirilsə, daha çox faydası dəyər.

Sosial şəbəkə istifadəçisi Vüsalə Məmmədova virtual məkanda verilən məsləhətin elə burdaca da qaldığına, ünvanına çatmadığına diqqət çəkir: “Qısası, əzizlərim, o açdığınız “həştəq”lər elə oradaca qalır. Sabah nə yazacağınızı sabahın gündəmi bəlli edəcək. Qadın həyatı statuslarla, çağırışlarla qorunmur… Qadın bir toplumun şərəfidir. Şərəfi qorumaqdan ötrü daha böyük addımlar atılmalıdır…”.

BIR CAVAB BURAXIN