Formula 1 yarışları Azərbaycanın idman oyunları tarixində böyük hadisədir

0
503
Bu ilin aprel ayının 27-29-u tarixlərində respublikamızın paytaxtı Bakıda növbəti Formula 1 yarışları keçiriləcək. Son illərdə 3-cü dəfə keçiriləcək Formula 1 yarışlarının respublikamızın idman həyatında növbəti böyük hadisələrdən  biri olacağı isə şübhə doğurmur. Xatırladaq ki, bundan əvvəl, 2016-2017-ci illərdə Bakıda keçirilən Formula 1  yarışları yüksək səviyyədə baş tutub. İstər yarışlarda iştirak edən idmançılar, istərsə də beynəlxalq ictimaiyyətin nümayəndələri Bakıda keçirilən Formula 1 yarışlarının yüksək səviyyədə təşkil edilməsindən razı qaldıqlarını xüsusi qeyd ediblər.
Həqiqətən də respublikamızda keçirilən  hər iki Formula 1 yarışları yüksək səviyyədə təşkil edilmişdı. Bu baxımdan bu ilin aprel ayında keçirilməsi nəzərdə tutulan növbəti Formula 1 yarışlarının arzu edilən səviyyədə baş tutacağı öncədən aydın hiss edilməkdədir. Bunun üçün ciddi əsaslar da var. Belə ki, artıq respublikamızda Formula 1 yarışlarının keçirilməsi üçün kifayət qədər böyük təcrübə əldə edilib. Onu da deyək ki, Formula 1 yarışlarına artıq indidən qızğın hazırlıq gedir və təxminən aprel ayının  ortalarına, yəni yarışlara ən azından 12-15 gün qalmış  bu işlərin başa çatdırılacağı gözlənilir. Hazırda yarışlara hazırlıq həlledici mərhələyə qədəm qoyub. Bakı Şəhər Hakimiyyətinin Yarış Obyektinin Tikintisi üzrə rəhbəri Tom Butçerin dediklərinə görə,  bu ilki yarışlara hazırlıq daha az vaxt aparacaq. O bunun səbəbini adı çəkilən sahədə artıq müəyyən təcrübənin əldə edilməsi ilə izah edib. Tom Butçer məsələ ilə bağlı açıqlamasında:  “Biz növbəti dəfə Formula 1 yarışına yüksək səviyyədə ev sahibliyi etmək məqsədi ilə artıq tikinti-quraşdırma işlərinin aparılması üçün hazırlıqlara start veririk. Əldə etdiyimiz təcrübələr sayəsində hazırlıq işlərinə hər ötən il daha az vaxt sərf edirik”,-deyib.
Butçerin sözlərinin təsdiqi olaraq deyək ki, bu il bütövlükdə trek boyunca yeni asfalt döşənməsinə ehtiyac qalmayacaq. Buna paralel olaraq bu ilki yarışlara hazırlıq çərçivəsində həyata keçiriləcək tikinti-quraşdırma işlərinin də ötən illə müqayisədə az olacağı gözlənilir. Formula 1 yarışlarına hazırlıqla bağlı həyata keçiriləcək tikinti-quraşdırma işlərinin isə isə öz növbəsində iki mərhələdə aparılması nəzərdə tutulub. Ilkin mərhələdə aparılacaq tikinti-quraşdırma işlərinin mart ayının sonuna kimi başa çatdırılması nəzərdə tutulub. Bu mərhələdə trekin bəzi hissələrinin asfalt qatı dəyişdiriləcək. Həmçinin yarışların keçiriləcəyi trek boyunca  təhlükəsizlik baryerlərinin böyük hissəsinin quraşdırılması planlaşdırılıb. Bundan əlavə trek ətrafında tribunaların quraşdırılması və digər müvəqqəti  tikinti işlərinə baş vurulacaq.
Ikinci mərhələdə isə trekin digər hissələrində təhlükəsizlik baryerlərinin quraşdırılması işi davam etdiriləcək və o, yarışların tam şəkildə keçirilməsi üçün hazır  olacaq.
Yeri gəlmişkən qeyd edək ki,  respublikamızda idman sahəsində əldə edilən bütün uğurlarda, o cümlədən Formula 1 də daxil olmaqla Bakıda keçirilən çoxsaylı idman yarışlarında  ölkə prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyevin özünəməxsus xidmətləri olub. Beynəlxalq aləmdə də tanınmış idman xadimləri mətbuata verdikləri açıqlamalarda dəfələrlə prezident İlham Əliev və birinci vitse-prezident Mehriban Əliyevanın təşkilatçılığı və rəhbərliyi altında keçirilən idman yarışlarının yüksək səviyyədə təşkil olunmasından razılıqlarını bildiriblər. Şübhəsiz ki, Bakıda Formula 1 yarışlarının keçirilməsində də Milli Olimpiya Komitəsinin rəhbəri kimi İlham Əliyevın böyük xidmətləri var. Bu da səbəbsiz deyil. Belə ki, bütün idman yarışlarında olduğu kimi Formula 1-in respublikamızda keçirilməsi Azərbaycanın beynəlxalq aləmdə tanınmasında , ölkəmiz, o cümlədən Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya birliyinə və ictimaiyyətinə obyektiv şəkildə çatdırılmasında böyük rol oynayır. Çünki bu yarışlar dünyanın əksər ölkələrinə canlı şəkildə yayımlanır. Canlı yayımlar zamanı isə Azərbaycan və azərbaycanlılar, paytaxımız  Bakı, mədəniyyətimiz, o cümlədən Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlər yarışları izləyən milyonlarla tamaşaçılara çatdırılır. Üstəlik Formula 1 yarışlarını izləmək üçün dünyanın müxtəlif ölkələrindən Bakıya gələn qonaqlar həm də ictimai-siyasi həyatımızla yaxından tanış olaraq ölkəmiz haqqında aydın təsəvvür əldə edirlər. Bundan əvvəl Bakıda keçirilən Formula 1 yarışları zamanı respublikamıza xaricdən gələn yüzlərlə xarici  idman həvəskarı, turistlər və qonaqlar nəinki bu möhtəşəm idman oyunlarını izləmiş, həm də ölkəmizin gəzməli, görməli yerləri ilə yaxından tanış olmuşdular. Bütün bunlar isə öz növbəsində həm də respublikamıza xaricdən turist axının artmasına səbəb olaraq ölkəmizə milyonlarla dollar əlavə gəlir gətirib.
Belə hesab edilir ki, Bakıda keçiriləcək növbəti Formula 1 yarışları bu baxımdan olduqca önəmli hadisələrdən biri olacaq. Digər tərəfdən də Formula 1 yarışlarının Bakıda keçirilməsi idmanın bu növünün respublikamızda geniş yayılmasında və ona marağın daha da artmasında önəmli rol oynayır. Bunu hər il Formula 1 yarışlarını daha çox azərbaycanlının tribunalardan izləməsi də sübut etməkdədir. Təbii ki, Formula 1 yarışlarına marağın artması, onun idmanın digər növləri kimi sevilməsinə gətirib çıxaracaq. Bəlkə də gələcəkdə Formula 1 yarışlarının respublikamızda geniş yayılması bu sahədə özünü sınayacaq və böyük uğurlara imza atacaq ralli ustalarımızın yetişməsinə gətirib çıxaracaq. Hər halda ümid edirik ki, respublikamızda keçiriləcək Formula 1 yarışları ölkəmizdə də bu sahə üzrə ralli ustalarının yetışməsinə öz təsirini göstərəcək.
Beləliklə Bakıda növbəti Formula 1 yarışlarının keçirilməsi sözün həqiqi mənasında respublikamız üçün önəmli hadisələrdən birinə çevriləcək və bu amil Azərbaycanın simasında dünyada idman ölkəsi imicini daha da möhkəmləndirəcək.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

8 + 11 =