Azərbaycan bayrağını endirən türk professora sərt təpki -“CAHİL…”

0
761


Türkiyənin Uludağ Universitetində Azərbaycan bayrağının endirilməsi Azərbaycan və qardaş ölkədə ciddi etiraz doğurub. Universitetin Salih Pay adlı ilahiyyat professoru Azərbaycan bayrağının endirilməsinə qərar verib. Səbəb Ermənistan bayrağının universitetin bayraqlar sırasından çıxarılması olub.
Baş verənlər isə universitetin millətçi gənclərinin ciddi narazılığına səbəb olub. Bayrağı Türkiyənin ülküçü gənclərinin endirdiyini, azərbaycanlı tələbələrin bu məsələyə heç bir aidiyyəti olmadığını bildirən bir neçə türk gənc əllərində Azərbaycan bayrağı tutaraq, universitet önündən etiraz videosu paylaşıblar. Onlar bildiriblər ki, azərbaycanlı tələbələr endirilən bayrağın əvəzində yeni bayraq asmaq istəyiblər və universitetin mühafizə polisi tələbələrin bu istəyinin icrasına, daxili qaydalara zidd olmasına baxmayaraq, mane olmayıblar. Həmçinin, universitetin müəllim heyəti də azərbaycanlı tələbələrə dəstək verib. Mühafizə polisinin və müəllimlərin bu dəstəyini alqışlayan gənclər ilahiyyat professorunu ən ağır sözlərlə təhqir edərək, əslində Türkiyədə Ermənistan bayrağı olmaması gərəkdiyini və bunu edən əxlaqsız professorun mütləq cəzalanacağını qeyd ediblər.
Qeyd edək ki, son aylarda Türkiyə daxilində Azərbaycanda etiraz doğuracaq bu tipli hadisələr nədənsə tez-tez təkrarlanır. Bu ilin sentyabrında 4 xain Türkiyə vətəndaşının Dağlıq Qarabağa qanunsuz səfər etməsi buna misaldır. Müstəqil ekspertlər iki qardaş ölkə sayılan dövlətlərdən birində digərinə qarşı belə halların yaşanmasının qarşısının tezliklə alınmasının vacibliyini önə çəkirlər.
Azəri-Türk Qadınlar Birliyinin rəhbəri Tənzilə Rüstəmxanlı bildirdi ki, iki qardaş ölkənin əlaqələrinə zərbə vurmaq üçün bunlar əvvəlcədən planlaşdırılır: “Xatırlayırsınızsa, bir neçə ilə əvvəl Bursada keçirilən futbol oyununda belə hadisə olmuşdu. Amma universitetdə bunun baş verməsi heç də xoşagələn hal deyil. Bu, bir dövlət universitetidir, özəl universitet olsa, haradasa anlamaq olardı ki, orada çoxsaylı digər ölkələrin tələbləri var. Buna Türkiyənin Təhsil Nazirliyi tərəfindən, dövlət səviyyəsində ciddi reaksiya verilməlidir. Çünki Azərbaycan və Ermənistan bayrağını Türkiyədə eyni nöqtədə tutmaq qədər ədalətsizlik, cahillik olmaz. Çünki ömür boyu Ermənistanda Türkiyə bayraqları yandırılıb, ayaq altına atılıb. Amma Azərbaycanda Türkiyəyə qarşı münasibət birmənalı şəkildə bəllidir. Türkiyənin 80 milyonu bilir ki, Azərbaycan dövləti və xalqı qardaş ölkə kimi daim Türkiyənin yanında olub. Xüsusilə, ”erməni soyqırımı”nda daim Türkiyənin yanında olmuşuq. Ölkəmizdə türk bayrağına nəinki dövlət universiteti, heç özəl universitet də bu qədər hörmətsizlik edə bilməz. Etsələr, dövlət və xalq olaraq onun cavabı anındaca verilər. Belə bir şəraiti heç vaxt yaratmarıq. Bir ilahiyyat professorunun bunu etməsi sadəcə, acınacaqlıdır. Görün o nə qədər cahil və qərəzli bir adamdır. O tipli insanların ya Azərbaycan-Türkiyə münasibətlərindən xəbəri yoxdur, ya Ermənistanın Türkiyəyə münasibətindən xəbərsizdir, ya da xəbəri var, qərəzli şəkildə bunu bilərəkdən edir ki, iki qardaş ölkənin əlaqələrinə zərbə vursun. Yəqin ki, Türkiyə ictimaiyyəti buna ciddi şəkildə təpki göstərəcək. Çünki Azərbaycan məsələsində türk ictimaiyyəti çox həssasdır, necə ki, bizim özümüz beləyik. Biz qardaş ölkələrik, hər məsələlərdə bərabər hərəkət edirik. Necə ola bilər ki, bir ölkənin daxilində hər zaman qardaş dediyi bir ölkənin bayrağına qarşı bu qədər hörmətsizlik edilsin?”.
 
T.Rüstəmxanlı professorun cəzalandırılacağına ümid edir: “Bu təxribatdan başqa bir şey deyil. Yəqin ki, dövlət onu cəzalandıracaq. Mən olsaydım, o professoru universitetdən atardım, ayağını qoymazdım universitetə dəysin. Elə bir ictimai qınaq olmalıdır ki, belə hadisələr bir daha təkrarlanmasın. Burada ictimai qınağın olması mütləqdir. Həm də hökumət də bir mövqe ortaya qoymalıdır. Düşünürəm ki, professorun bu hərəkətinə Türkiyə hökumətinin rəhbərliyi səviyyəsində etiraz olmalıdır. Azərbaycan tərəfdən hər hansı bir etirazın dövlət səviyyəsində olacağına inanmıram. Çünki ona bir ehtiyacın qalacağını da düşünmürəm. Niyə Azərbaycan reaksiya verməlidir? Türkiyə hökuməti axı bundan xəbərsiz deyil”.(musavat.com)

BIR CAVAB BURAXIN