MƏNZİLİNİZ RAHAT, OCAĞINIZ İSTİ OLSUN

0
649

Paytaxtımızda son dövrlər tikinti sektorunda nəzərəçarpacaq dərəcədə canlanma müşahidə olunur. Azmərtəbəli, istismara yaramayan, yarasız vəziyyətdə olan tikililər sökülərək yeni çoxmərtəbəli binalarla əvəz olunur.

Sözsüz ki, tikinti aparılarkən diqqətdə saxlanılan əsas məsələlərdən biri də Bakının qədimi gözəlliyini qorumaqla, müasir Avropa şəhəri kimi görünüşünü, arxitekturasını saxlamaq, müasirliklə qədimiliyin vəhdətini yaratmaqdır. Danılmaz faktdır ki, bu gün şəhərimizin qonaqları paytaxtımızın gözəlliyindən ağızdolusu danışır, şəhərimizi heyranlıqla seyr edirlər.

Qeyd edək ki, ölkə rəhbərliyi də tikinti sektorunun inkişafı ilə bağlı mütəmadi olaraq tədbirlər həyata keçirir, bu sahənin inkişafına xüsusi diqqət ayırır. Digər bir tərəfdən tikinti ilə məşğul olan şirkətlər, investorlar ölkədəki iqtisadi vəziyyəti, maliyyə sahəsinin durğunluqdan çıxmasını nəzərə alaraq bu sahədəki fəaliyyətlərinə inamla önəm verirlər.

Tikinti sektorunun inkişafı, bu sahədəki canlanma paytaxt sakinlərinin mənzil şəraitinin yaxşılaşmasında da böyük rol oynayır. Belə ki, sakinlər yarasız və qəzalı vəziyyətdə olan mənzillərini müasir mənzillərlə əvəzlənməsinə nail olurlar. Birbaşa dövlətin dəstəyi ilə reallaşan “Pilot Layihə”sini isə bu sahədə ən uğurlu addım saymaq olar. Bu layihə beş il ərzində Bakı şəhərində 1094 yaşayış binasının (893 min kvadrat metr yaşayış sahəsinin, 15857 mənzilin) söküntüsünün aparılmasını və 49614 sakinə daha çox yaşayış sahəsi təklif etməklə onların köçürülməsini nəzərdə tutur. Artıq proqram çərçivəsində Səbail, Nərimanov, Nəsimi, Xətai, Nizami, Suraxanı və Yasamal rayonlarında Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən razılaşdırılmış yaşayış və qeyri-yaşayış tikililərinin inşasına başlanılıb.

“Pilot Layihə”nin  uğurlu, səmərəli, sərfəli olması prezident İlham Əliyevin fikirlərində çox əsaslı şəkildə əks olunub: “Birinci belə pilot layihə Sabunçu rayonunda icra edilmişdir. Yeni tikilmiş o binanın açılışında mən şəxsən iştirak etdim. Gördüm ki, vətəndaşlar da buna çox sevinirlər. Çünki onlar həm yeni mənzillərə köçürülür, onların qəzalı binalardan canı qurtarılır. Eyni zamanda, mən xüsusi tapşırıq vermişdim ki, yeni binalarda mənzillərin sahəsi daha da böyük olsun. Vətəndaşlara əvvəlkindən təxminən 10, bəzi hallarda 20, yaxud 30 faiz daha böyük ölçüdə təmirli mənzillər verilir. Əlbəttə ki, vətəndaşlar buna çox sevinirlər. Bu, sahibkarlar üçün də əlverişlidir. Çünki onlar üç-dörd mərtəbəli binaların yerinə çoxmərtəbəli bina tikirlər. Onlar da gəlir götürürlər, inşaat sektoru da inkişaf edir, inşaat materiallarının istehsalı artır, iş yerləri yaradılır”.

Bu da danılmaz faktdır ki, bəzən evləri söküntüyə gedən sakinlər əsaslı-əsassız narahatlıqlarını bildirirlər. Təbii ki, narahatlıq da başa düşüləndir. Uzun illərin əziyyəti hesabına əldə olunan mənzillərin sökülməsi “səhnə”si ilk baxışdan heç də gözoxşayan olmasa da, ancaq sonda, son nəticədə əldə olunan mənzillər həm gözoxşayan olur, həm rahat, həm də geniş…

 

 

Pilot Layihənin iştirakçılarından biri olan “Malibo” şirkətinin rəsmisi Nicat Sadıqovla söhbətimiz də elə bu mövzu ətrafındadır. Nicat müəllim öncə layihələrin həyata keçirilməsi haqqında ümumi məlumat verir:

 

– Pilot Layihəsi birbaşa dövlətin təşəbbüsü ilə həyata keçirildiyindən, elə dövlət tərəfindən də ciddi nəzarət olunur. Bu layihənin tikinti sektorunun inkişafı ilə yanaşı bir çox üstünlükləri də var. İlk növbədə əhalinin mənzil şəraitinin yaxşılaşdırılması üçün bu dövlətimiz tərəfindən atılmış ən uğurlu addımdır. Bəli, bu məsələdə hər şey çox sadədir, vətəndaşlar öz köhnə mənzillərini təhvil verir və bir müddətdən sonra elə həmin yerdə müasir, işıqlı, rahat mənzillərlə təmin olunurlar. Layihənin daha bir üstünlüyü yeni iş yerlərinin açılmasıdır. Təsəvvür edin ki, hər layihənin həyata keçirilməsi üçün nə qədər işçi qüvvəsinə ehtiyac yaranır. Daha bir üstünlük inşaat materiallarına yaranan tələbatdır ki, burada da istehsal sahələri böyüyür. Ən önəmli məsələlərdən biri isə bu layihələrin şəhərin görünüşünə yeni bir gözəllik gətirməsidir. Yəqin ki, çoxlarınız şəhərin müəyyən küçələrində uçuq-sökük, yöndəmsiz, yararsız evlərlə üzləşmisiniz. İndi özünüz təsəvvür edin ki, bu layihələr başa çatdıqdan sonra Bakıda nə qədər müsbət dəyişikliklərə nail olunacaq…

 

 

Nicat Sadıqov şirkət və sakinlər arasında olan münasibətlərə də aydınlıq gətirir və bu məsələdə həssas, diqqətli olmağı xüsusilə vurğulayır:

– Bizim iş prinsipimizdə yeganə və əsas bir meyar var: Vətəndaşların razı qalmağı bizim uğurumuzdur. Sakinlərlə münasibət olduqca həssas qurulmalıdır. Çünki söhbət bir ailənin öz “qala”sından, evindən, ocağından gedir. Bunu nəzərə alaraq biz müqavilə bağlamazdan əvvəl sakinlərlə söhbət aparırıq, onların arzu və istəklərinə diqqətlə qulaq asırıq. Ailə tərkibini, mənzilinin ölçülərini nəzərdən keçiririk. Müvafiq sənədlərin toplanmasında onları istiqamətləndirirk. Həmçinin öz güzəştlərimiz haqqında da sakinlərə məlumat veririk. Təbii ki, onları əlavə verəcəyimiz kvadratmetrlər haqqında da məlumatlandırırıq. Və bütün bunlardan sonra seçim onların ixtiyarına verilir. Beləliklə, qarşılıqlı anlaşma nəticəsində müqavilə imzalayırıq. O cümlədən, müqavilədə göstərilən tikintinin başa çatdığı müddətə qədər onların yaşaması üçün icarəyə götürəcəkləri evlərin kirayə haqqını da qarşılıqlı şəkildə razılaşdırırıq. Söküntüyə gedən evlərdə sakinlərin əşyalarının daşınma xərcini də şirkət öz üzərinə götürür. Bununla da normal qurulmuş münasibətlər çərçivəsində işimizin icrasına davam edirik.

Tikiləcək binaların keyfiyyət məsələsinə toxunduqda şirkət rəsmisi bu məsələnin müzakirə mövzusu olmadığını söyləyir:

 

– Bu gün keyfiyyət məsələsi müzakirə mövzusuna çevrilə bilməz. Birincisi ona görə ki, bu məsələ ciddi nəzarət altındadır. İkincisi də, imicini qoruyan şirkət keyfiyyətsiz işə qol qoymaz. Bilirsiniz, həm də bu işdə bir vicdan məsələsi də var axı. Bizim məqsədimiz insanları rahat, işıqlı, təhlükəsiz mənzillərlə təmin etmək, onların xoşbəxt həyatının şahidi olmaqdır.

Nicat Sadıqov tikinti prosesində gecikmə halları, mənzillərin müqavilədə göstərilən müddətdə sakinlərə verilməsi məsələsinə də toxunur:

 

– Şirkət olaraq müqavilədə mənzilləri vaxtında sahiblərinə təhvil vermək öhdəçiliyi bizim üzərimizdədir. Və təbii ki, bütün qüvvəmizlə də buna çalışırıq. Bizdən asılı olmayan səbəblərdən əgər lap bir ay gecikmə olsa da, şirkət sakinlərin kirayələdiyi mənzillərin kirayə haqqını ödəməyi öz üzərinə götürüb. Biz bütün variantlarda vətəndaşların mövqeyində dayanırıq və onların istəklərini həyata keçirilməsi üçün qüvvələrimizi səfərbər edirik.

Söhbətimizi nikbin notlarla yekunlaşdırırıq. Şirkətin işgüzar mühitindəki söhbətdən belə qənaətə gəlirik ki, paytaxtımızda tikinti sektorunda müşahidə olunan canlanma şəhər sakinləri, onların mənzil şəraitinin yaxşılaşması üçün yeni imkanlar açır. Və bu imkanların reallaşmasında dövlətimizin dəstəyi işgüzar şirkətlərdə, investorlarda böyük inam yaradır.

 

Nicat müəllim də fikirlərimizlə razılaşır:

 

– Hazırda ölkəmizdə kifayət qədər işgüzar mühit mövcuddur, indi iş adamları, investorlar, şirkətlər heç bir maneə olmadan öz layihələrini həyata keçirir, Azərbaycanımızın inkişafı üçün töhfələrini verir. Mən bu sahədə bütün insanlarımıza uğurlar diləyirəm. Tikinti layihələrini həyata keçirən şirkətin bir rəsmisi kimi isə arzu edirəm ki, hər bir Azərbaycan vətəndaşının rahat və işıqlı mənzili, isti ocağı olsun…

İlham  Cəmiloğlu

 

BIR CAVAB BURAXIN