Dünyanın məşhur futbolçuları: Devid Bekhem (3)

0
365

Növbəti mövsümdə Çempionlar liqasında da “Real”ın bəxti gətirmədi. “Real” dörddəbir finalda “Monako”ya iki oyunun nəticəsinə görə məğlub oldu. 2004-2005-ci il mövsümündə “Real”da baş məşqçi dəyişikliyi baş verdi. Karloş Keyruşu bu vəzifədə Antonio Kamaço, onu isə Mariano Ramon, daha sonra onu isə Vanderley Luşemburq əvəz elədi. 2004-cü ildə “Valensiya” ilə “Real”ın oyununda hakim tərəfindən qırmızı kart görməsinə görə ona əl çalan Bekhem cəzalandırıldı. Həmin ildə “Real” 8-ci yerdən ikinci yerə qalxa bilsə də, bundan artıq nəticə göstərə bilmədi. Üstəlik, “Real” İspaniya kral kubokunda səkkizdəbir final oyununda “Valyadolid”ə uduzaraq mübarizəni dayandırdı. Çempionlar liqasında isə “Real” “İtaliyanın “Yuventus” komandasına iki oyunda (1:0, 0:2) uduzaraq mübarizəni davam etdirə bilmədi. Uğursuzluğa görə “Real”da baş məşqçi dəyişikliyi baş verdi. Bu dəfə Ramon Karo “Real”ın yeni baş məşqşçisi təyin edilid. Karo komandanın uğursuzluq seriyasına son qoya və mübariz komanda yarada bildi.

2005-2006-cı ilmövsümündə Devid Bekhem “Real”ın heyətində ən yaxşı oyunçu elan edildi. Amma Karonun dövründə də “Real” çempion ola bilmədi və ikinci yerlə kifayətləndi. İspaniya milli kubok uğrunda mübarzədə “Real” bu dəfə də uğursuzluğa məruz qaldı. Komanda yarımfinalda “Saraqosa”ya (1:6, 4:0) uduzdu. Çempionlar liqasının səkkizdəbir final oyununda isə “Real” bu dəfə “Arsenal”a (0:1, 0:0) məğlub olaraq mübarizədən kənarda qaldı. 2006-cı ildə Ramon Kalderon “Real”a prezident seçildi. O, komandanın əsas heyətində dəyişikliklərə əl atmağa başladı və aparıcı futbolçularla vidalaşmaq qərarına gəldi. 2006-2007-ci illərdə “Real”da ən uğursuz ilini keçirən Bekhem yeni mövsümdən etibarən ehtiyat oyunçular skamyasına göndərildi. 2007-ci ildə Bekhemin “Real”la müqaviləsi başa çatdı. “Real”ın yeni baş məşqçisi Fabio Kapello Bekhemi öz komandasında görmək istəmədiyini bildirdi. Kapello: “Bekhem mövsümün sonunda bundan sonra nə iş görmək istədiyini müəyyənləşdirsin”, – dedi.

“Real”ın prezidenti Ramon Kalderon isə Bekhemi açıq şəkildə təhqir etməyə girişərək onun amerikalılardan başqa heç kimə lazım olmadığını söylədi. Amma “Real”da kapitan Raul Qonsales başda olmaqla bir qrup oyunçu Bekhemin müdafiəsinə qalxdı. Onlar Kalderondan Bekhemin ünvanına söylədiyi sözlərə görə üzr istəməsini tələb etdilər. Nəticədə Kalderon rəsmi şəkildə Bekhemdən üzr istəməli oldu. Bunun ardınca komanda yoldaşlarının (Quti, Raul, Kasilyas, Salqado) israrlı tələbləri nəticəsində Kapello Bekhemi yenidən komandanın əsas heyətinə qaytarmağa məcbur oldu. 2007-ci ildə yenidən “Real”ın heyətində meydana çıxan Bekhem fevral ayının 10-da “Real” Sosyedadın qapısından iki top keçirərək komandasına qələbə qazandırdı. Amma həmin ilin mart ayında Çempionlar liqasının səkkizdəbir final oyununda “Real” “Bavariya”ya uduzaraq (3:2, 1:2) mübarizəni dayandırdı. 2007-ci ilin iyun ayının 17-də Bekhem “Real”ın heyətində sonuncu dəfə meydana çıxdı. “Real” həmin oyunda “Malyorka”ya qalib gəldi. “Real” həmin il İspaniya çempionu ola bildi.

Qeyd edək ki, Bekhem “Real” Madridin heyətində 1 dəfə İspaniya çempionluğunu, 1 dəfə İspaniya Superkubokunu qazanıb. O, klubun heyətində 116 oyunda 13 qol vurub.

İspaniyadan – Amerikaya

“Real”ın azarkeşlərinin Bekhemlə müqaviləni uzatmağı tələb etməsinə baxmayaraq, məşhur futbolçu komandanın prezidenti Kalderondan və baş məşqçidən incimişdi. O, yenidən bu komandanın ehtiyat oyunçular skamyasında oturmamaq üçün “Los Anceles Qalaksi” komandası ilə razılığa gəldi. Bu razılıq əsasında Bekhemlə adı çəkilən komanda arasında 5 il müddətinə anlaşma imzalandı. Bu müddət ərzində Bekhem 6,5 milyon dollar qazanc əldə etməli idi.

Amma onun “Los Anceles Qalaksi” komandasına keçidi ünvanına xoşagəlməz ifadələrin işlədilməsinə gətirib çıxardı. Belə ki, komandanın oyunçusu Lendon Donovan Bekhem haqqında mənfi rəy formalaşdıran “The Beckham Experiment” kitabında məşhur futbolçunu kəskin şəkildə tənqid etdi. O, Bekhemin komandaya uyğun oyunçu olmadığını iddia edərək onu qeyri-professionallıqda günahlandırdı. Bekhem isə 17 il ərzində ən professional oyunçularla oynadığını, ancaq heç kimin onu qeyri-professionallıqda günahlandırmadığını söylədi. Onlar arasında mətbuatda gedən söz dueli Bekhemin əleyhinə azarkeşlər arasında mənfi rəy formalaşmasına yol açdı. Bununla belə, Bekhemin komandası onun gəlişindən sonra 2 dəfə MLS Kubokuna sahib oldu.

2011-ci ilin dekabrında Bekhemin müqaviləsi başa çatıb və o, bu klubla yenidən 2 illik müqavilə imzalayıb. 2011-ci ilin yanvar-fevral aylarında yaranmış fasilə ilə əlaqədar olaraq formasını saxlamaq üçün yenidən öz ölkəsinə qayıtmışdı. Təxminən 6 həftə “Tottenhem Hotspur” klubunda hazırlıq keçmişdi. Bekhemin “Los Anceles Qalaksi” klubunda son oyunu “Houston Dinamo” klubu ilə olub. O, bu oyunda son saniyələrdə əvəzlənib. Bu klubun heyətində Devid Bekhem 98 oyun keçirib və 18 qol vurub. 2012-ci ilin əvvəlində “Los Anceles Qalaksi” klubundan ayrılıb.

“Los Anceles Qalaksi”də çıxış etdiyi müddətdə Bekhem 2 dəfə, 2009, 2010-cu illərdə 3 aylıq İtaliya “Milan”ında icarə əsasında çıxış edib. 2009-cu ildə “Milan”ın heyətində 18 oyun keçirib 2 qol vurub, 2010-cu ildə isə 10 oyun keçirib, qol vurmayıb. Devid Bekhem “Milan”ın heyətində 2 dəfə İtaliya çempionatının bürünc medalını qazanıb.

“Pari Sen-Jermen”də başa çatan karyera

“Los Anceles Qalaksi” klubundan ayrıldıqdan sonra Bekhemə “Anji”, “Milan”, “Arsenal” və başqa klublar müqavilə təklif edib, amma Bekhem 2013-cü ildə Fransanın “Pari Sen-Jermen” klubu ilə beş aylıq müqavilə imzalayıb. PSJ futbolçuya 2012-ci ildə 18 aylıq müqavilə qarşılığında 11,6 milyon funt sterlinq təklif etmişdi, lakin həmin vaxt tərəflər razılığa gələ bilməmişdi. Bekhem PSJ-dən aldığı maaşı kimsəsiz uşaqlar üçün işləyən yardım qurumlarına bağışlayıb. Bu klubun heyətində Bekhem 1 dəfə Fransa çempionu olub. Karyerasını bu klubda 2013-cü ildə başa vurub. Karyerasında son oyunu 18 may 2013-cü ildə Fransa çempionatında PSJ -Brest matçı olub. PSJ-nin 3-1 hesablı qələbə qazandığı bu oyunda Bekhem əsas heyətdə meydana çıxıb və 83-cü dəqiqədə əvəzlənib. Son oyundan sonra Bekhem bu sözləri deyib:

“Bəli, bu oyun mənim üçün sonuncu idi. Hərçənd çempionatın daha bir turu var. Gəlin baxaq görək vəziyyət necə olacaq. Mən emosiyalarımı və həyəcanımı saxlamağa çalışdım, lakin son 25 dəqiqədə bunu etmək mənim üçün artıq ağır idi. Partnyorlar mənə elə münasibət göstərdilər ki, guya biz artıq 10 il birlikdə oynayırıq. Mənim dostlarım, mənim ailəm stadionda idilər. Bu xüsusi bir axşam idi”.

PSJ 38 yaşlı oyunçu ilə daha bir ilik müqavilə imzalamaq istəsə də, Bekhem futbol oynamaq istəmədiyini bildirib.

Devid Bekhem UEFA Çempionlar Liqası, Qitələrarası Kuboku, İngiltərə və İspaniya çempionluğu, Superkubokunu qazanıb. Bekhem 20 illik futbolçu karyerası ərzində 19 dəfə zəfər sevinci yaşayıb. Onlardan 10-u isə ölkə çempionluğudur. Həmçinin Devid 4 ölkədə çempion olan ilk ingilis futbolçusudur.

Qeyd edək ki, Bekhem 1 sentyabr 1996-cı ildə milli komandanın heyətində debüt etmişdir. 6 il – 2000-2006-cı illərdə milli komandanın kapitanı olmuşdur. İngiltərə millisinin heyətində ən çox meydana çıxan oyunçudur. Məşhur futbolçu

xeyli fərdi mükafatın sahibidir. 2004 və 2010, 2011-ci ildə Bekhem dünyanın ən çox maaş alan futbolçusu sayılıb. O, iki dəfə FİFA tərəfindən keçirilən “İlin futbolçusu” mükafatı uğrunda səsvermədə ikinci yer tutub. Bekhem UEFA Çempionlar Liqasında 100 oyun keçirən ilk futbolçu kimi də Britaniya tarixinə düşüb.

Futboldan ayrıla bilmir

Dünyanın ən tanınmış futbolçularından biri olan Devid Bekhem futbolu buraxdıqdan sonra modelyer kimi dünyada məşhurlaşmağa başlayıb. Onun modelyerliyə gedən yolu təbii ki, Viktoriya ilə tanışlıqdan sonra başladı.

Bekhem yeganə ingilis oyunçudur ki, 4 ölkədə ən yüksək titulları qazanıb. O, İngiltərə yığma komandasında hamıdan çox oyun keçirib, 21 yaşında “Mançester Yunayted”in, 32 yaşında Madridin “Real” komandasının əsas oyunçularından olub. Əla formada olduğu üçün 37 yaşında PSJ-nin əsas heyətində meydana çıxıb. O əsas diqqətini futbola yönəltmişdi və meydanda sürətlə qaçır, məharətlə aldadıcı hərəkətlər edir, rəqibin oyunçularını çaşbaş salmağı bacarırdı. Bekhemi futbolsuz təsəvvür etmək mümkün deyil. O, futbolçu karyerasını bitirdikdən sonra bir müddət futbol səfiri kimi çıxış etdi.

Bekhem 2018-ci ildə dünya çempionatının İngiltərədə keçirilməsi üçün əsas futbol səfiri olub. Düzdür, o buna nail ola bilmədi, dünya çempionatı Rusiyada keçiriləcək. Amma əgər o, yenidən futbola qayıtsa, heç kim buna görə təəccüblənməsin.

Qeyd edək ki, son məlumatlara görə məşhur ingilis futbolçu Devid Bekhem ehtiyacı olan və xəstəlikdən əziyyət çəkən uşaqlara yardım kampaniyasına qoşulub. Devid Bekhem UNİCEF təşkilatı ilə birlikdə “7” adlanan fond təsis edib. Devid fond barədə bunları deyib: “Futbolçu karyeramı artıq bitirmişəm. Buna görə də indi daha çox boş vaxtım var. Həmin vaxtımı xeyriyyə işlərinə sərf etmək istəyirəm. İstəyirəm ki, övladlarım öz ataları ilə fəxr etsinlər”.

Əziz Mustafa

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

nineteen + 6 =