Dünyanın məşhur futbolçuları: Devid Bekhem (1)

0
370

Onun adı dünya futbolu tarixində həmişə fəxrlə çəkiləcək. Çünkü yaşıl meydanlarda göstərdiyi qeyri-adi özünəməxsus oyunu ilə dünyanın milyonlarla futbolsevərinin rəğbətini və sevgisini qazanıb. O, meydana çıxanda rəqib komandanın müdafiəçiləri və qapıçıları daim həyəcan keçirirdilər. Çünki onun qarşısını almaq və onu dayandırmağın asan olmadığını hamı anlayırdı. O, anadan sanki futbol üçün doğulmuşdu. Bir sözlə, anadagnəlmə futbolçu istedadı vardı onda. Göstərdiyi gözəl oyunla ölkəsinin futbol tarixində də şərəfli bir iz buraxıb. O, özünəməxsus rekorda imza atan futbolçudur. O, dörd müxtəlif ölkədə çempion olan (İngiltərə, İspaniya, ABŞ, Fransa), üç dünya çempionatında qol vuran ilk ingilis oyunçudur, çempionlar liqasında 100 oyun oynayan ilk britaniyalı futbolçudur. Avropa çempionatları finalları tarixində ən çox məhsuldar ötürmə edən oyunçudur, İngiltərənin Dünya çempionatından son qələbəsindən sonra dünya çempionatlarında ən çox forma geyinən oyunçudur, İngiltərə Premyer Liqası tarixində ən çox məhsuldar ötürmə edən 3-cü oyunçudur. Bu günə kimi də onun futbol tarixində imza atdığı rekordları təzələmək heç bir ingilis oyunçuya nəsib olmayıb. Söhbət İngiltərənin və dünyanın məşhur futbolçusu, dünya futbolsevərləri arasında “Beks” ləqəbi ilə tanınan Devid Bekhemdən gedir. Milyonların sevimlisi olan “Beks” İspaniyanın “Real Madrid”, İngiltərənin “Mançester Yunayted”, “Preston North End”, ABŞ-ın “Los Anceles Qalaksi”, İtaliyanın “Milan” klublarının şərəfini qoruyub. Karyerası ərzində UEFA Çempionlar Liqası, Qitələrarası Kuboku, İngiltərə və İspaniya çempionluğu, Superkubokunu qazanıb. Bekhem 20 illik futbolçu karyerası ərzində 19 dəfə zəfər sevinci yaşayıb. Onlardan 10-u ölkə çempionluğudur. Yığma komandanın heyətində də gözəl oyunu ilə diqqəti cəlb edib. İngiltərə yığma komandasının heyətində ilk dəfə 1996-cı il sentyabr ayının 1-də meydana çıxıb.

6 il ərzində (2000-2006-cı illər) İngiltərə yığma komandasının kapitanı olub. İngiltərə millisinin heyətində hamıdan çox oyun keçirib. O, FİFA tərəfindən keçirilən “İlin futbolçusu” mükafatı uğrunda səsvermədə iki dəfə ikinci olub.

Böyük futbola gedən yol

Devid Bekhem 1975-ci il may ayının 2-də İngiltərənin paytaxtı Londonda anadan olub. Onun atası milliyətcə yəhudi olan Devid Edvard Alan çilingər, anası isə saç ustası, sadə ingilis qadın Sandra Ceorcina Uestin idi. Bu ailədə bütün ingilis ailələrində olduğu kimi futbola böyük maraq var idi. Atası İngiltərə Premyer liqasının bütün oyunlarını izləyir, azarkeşi olduğu komandanın qələbəsinə sevinir, məğlubiyyətindən isə üzülürdü. Anası Sandra da futbol azarkeşi idi və o da əri kimi imkan dairəsində ölkə çempionatının oyunlarını izləməyə çalışırdı. Adətən hər hansı matçdan sonra oyunun nəticəsi və futbolçuların özlərini meydanda necə aparması barədə ər-arvad arasında qızğın müzakirələr gedərdi. Bəzən bu müzakirələr mübahisələrə, onlar arasında fikir ayrılıqlarına da gətirib çıxarardı. Yeri gəlmişkən onu da deyək ki, Devid Edvard Alan və Sandra Ceorcina Uestin “Mançester Yunayted”in azarkeşi idilər. Necə deyərlər, Bekhemin valideynləri “Mançester Yunayted”in ən çılğın azarkeşlərindən idilər və onlar və müntəzəm olaraq sevimli komandalarının oyunlarını izləmək üçün “Old Traffordd” stadionuna gedərdilər. Belə bir ailədə böyümək isə balaca Deviddə gözünü açandan və ağlı kəsəndən futbola böyük maraq oyatmışdı. Atası ona hələ ayaq tutub yeriməyə başlayan gündən top almışdı. Devid Edvar Alan topu yenicə ayaq tutub yeriməyə başlayan oğlunun qabağına qoyaraq onu topu vurmağa həvəsləndirərdi. Çox qəribə idi ki, balaca Bekhem topa var gücü ilə zərbə vurmağa çalışardı, bəzən isə güclü zərbə vurandan sonra yerə yıxılaraq ağlayar, ancaq sonra yenidən ayağa qalxar və topa var gücü ilə zərbə vurmağa çalışardı. Hər dəfə də atasının qoruduğu “qapı”dan qol keçirəndə sevincinin həddi-hüdudu olmazdı. Sonra ata oğuluna topla necə hərəkət etməyi, qabağındakını hansı yolla aldadaraq keçməyi öyrətməyə başladı. Devid asanlıqla atasının ona öyrətdiyi fəndləri yerinə yetirir və bununla bəzən onu çox təəccübləndirərdi. Adətən ata-oğul arasında gedən futbol “yarışının” azarkeşi də anası Sandra olurdu. O, oğlunun yerinə yetirdiyi hər fənddən sonra özünə xas olan ingilis soyuqqanlılığını qoruyub saxlaya bilməyərək onu alqışlayır, ruhlandırırdı. Ailədə başlayan futbola sevgisi sonda atasının balaca Devidi Bobbi Çarltonun futbol məktəbinə qoymasına gətirib çıxardı. İlk günlərdən də balaca Devid özünəməxsus driblinqləri və fintləri ilə məktəbin məşqçilərinin diqqətini cəlb etdi. Devidin atasına: “Bu uşaq gələcəyin məşhur futblçusu olacaq. Onda anadangəlmə futbolçu istedadı var. Oğlunuzu yarı yolda qoymayın, ona sona kimi futbolu davam etdirməsinə yardım edin”, – demişdilər. Balaca Devid istedadlı futboçu kimi tezliklə “İspaniyanın “Barselona” futbol klubunun uşaq məktəbinin məşqçilərinin də diqqətini özünə cəlb etdi. Onu “Barselona”nın təlim-məşqində iştirak etəməyə dəvət etdilər.

“Mançester Yunayted”də

1986-cı ildə Devid Bekhem 11 yaşında ilkən “Mançester Yunayted”in formasında “Vest Hem”li həmyaşıdları ilə oyunda meydana çıxdı. Atası o vaxt onu azarkeşi olduğu “Mançester Yunayted” komandasında oynamasını arzulayırdı. Devidə də ata və anasından “Mançester Yunayted”ə sevgi və məhəbbət keçmişdi. O da hələ uşaq yaşlarından sevimlisi olan “Mançester Yunayted”də oynamaq istəyirdi. Atasının istəyi və özünün razılığı ilə Devid 14 yaşı olanda bu komandanın futbol akademiyası ilə orada oxumaq və futbolun incəliklərini daha dərindən öyrənmək məqsədi ilə müqavilə imzaladı. Tezliklə o, “Mançester Yunayted”in məşqçilərinin sevimlisinə çevrildi. O, yaşıl meydanda futbol praktikasını artırmaq üçün “Mançester Yunayted”in futbol akademiyası rəhbərliyinin razılığı ilə yeniyetmə yaşlarında “Leyton Orient”, “Norviç Siti”, “Tottenhem Hotspur” və “Birmsdaun rovers” klubunda yaşlı futbolçularla birgə oynadı. 1992-ci ildə Gənclər arasında keçirilən İngiltərə kuboku uğrunda yarışda “Mançester Yunayted” komandasının heyətində meydana çıxdı. O, “Kristal Pelas” komandası ilə final oyununda rəqib qapısından qol keçirməklə azarkeşlərin sürəkli alqışlarını qazandı. Həmin ildə də Bekhem futbol liqasının kuboku uğrunda keçirilən oyunda meydana çıxdı. Bu oyunda göstərdiyi gözəl və parlaq oyuna görə, “Mançester Yunayted”də oynamaq barədə anlaşma imzaladı. 1993-cü ildə Bekhem yenidən gənclər arasında İngiltərə kuboku uğrunda keçirilən oyunun finalında meydana çıxdı. Ancaq Bekhemin komandası bu dəfə finalda “Lids”ə məğlub oldu.

Əziz Mustafa

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

one × four =