“Domino effekti”: Daha iki ölkədən AB-ni tərk etmək ÇAĞIRIŞI

0
606

Böyük Britaniyanın Avropa Birliyindən (AB) çıxması ilə daha iki AB ölkəsindən analoji çağırış gəlib.

 

Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, miqrantların AB-yə buraxılmasının ən qatı əleyhdarlarından olan Hollandiya Azadlıq Partiyasının lideri Qert Vilders referendumun keçirilməsini təklif edib.

 

“Ölkəmizin, pulumuzun, sərhədlərimizin və miqrant siyasətimizin nəzarətimiz altında olmasını istəyirik”, – siyasətçi deyib.

 

Qeyd edək ki, 2017-ci ilin martında Niderlandda parlament seçkiləri keçiriləcək. Son rəy sorğularına görə, Qert Vilders liderlik edir. Partiyanın və hər şeydən əvvəl Vildersin özünün ritorikası Amerika prezidentliyinə iddiaçı, anti-müsəlman mövqeyi ilə məşhur olan Donald Trampın ritorikasına oxşayır. Vilders Niderlandın sərhədlərinin miqrantların üzünə bağlanmasını dəstəkləyir və Böyük Britaniyanın Avropa Birliyindən çıxışına ümid edir.

 

“Bu, Avropa Birliyinin sonunun başlanğıcı olacaq. Britaniyanın Avropa Birliyindən çıxışı başqa ölkələri də onu izləməyə məcbur edəcək”, – Vilders bildirib.

 

Britaniyanın “Guardian”nəşri  yazır ki, hollandiyalılar arasında Avropa layihəsinə dəstəyin səviyyəsi ölkə tarixində heç vaxt olmadığı qədər aşağıdır.

 

Milli Cəbhə Partiyasının lideri Marin Le Pen də Britaniyada keçirilən referendumun nəticələrini “Twitter” səhifəsində şərh edib. O, Fransada “Frexit”in keçirilməsini təklif edib.

 

“Azadlıq qalib gəldi! İndi Fransa və Avropa Birliyinin başqa ölkələrinə analoji referendumlar  lazımdır”, – siyasətçi bildirib.

 

O, iyunun 17-də vurğulayıb ki, fransızların AB-ni tərk etməsi üçün britaniyalılardan daha çox səbəbi var. Siyasətçi hesab edir ki, qurumun bütün üzvləri AB ilə münasibətlərinə yenidən baxmalıdır.

 

Bundan başqa, Fransanın ultrasağçı Milli Cəbhə Partiyasının sədr müavini Florian Filippot “Twitter” hesabından yazdığı şərhində Britaniyanın AB-dən çıxmasını dəstəkləyib.

 

“İnsanlar azadlığı hər zaman sonda qazanır! İngiltərəyə afərin, indi növbə bizimdir”, – o, qeyd edib.

 

Xatırladaq ki, Böyük Britaniyanın AB-də qalıb-qalmayacağını müəyyənləşdirən referendumun nəticələri məlum olub. Səsvermədə iştirak edən seçicilərin 52 faizi Britaniyanın AB-dən çıxmasına, 48 faiz isə qalmasına səs verib. Beləliklə, Britaniya qurumu tərk edir.

 

BIR CAVAB BURAXIN