Çin ABŞ-ın sualtı dronunu tutub

0
543

Çinin hərbi dəniz donanması Cənubi Çin dənizində ABŞ-a məxsus sualtı dronu tutub.

Amerika tərəfi bildirir ki, bu sualtı dron elmi-tədqiqat axtarışı ilə məşğul idi və heç bir casusluq missiyasını həyata keçirmirdi.

Xəbər verilir ki, hadisə yaxınlıqdakı Bowditch okeanoqrafik tədqiqatlar gəmisinin dənizçilərinin gözləri qarşısında baş verib.

Heyət işini başa çatdıran dronu gəminin göyərtəsinə qaldırmağa hazırlaşırdı.

Amerika rəsmiləri deyirlər ki, avtomatik idarə olunan bu qayıq adətən dəniz suyunun duzluluğunu və temperaturunu ölçür.

Çin mətbuatı son günlər Donald Trump-ı kəskin tənqid edir

Çin mətbuatı son günlər Donald Trampı kəskin tənqid edir

Pentaqonun sözçüsü kapitan Jeff Davis deyib ki, hadisə baş verərkən dron konkret olaraq sualtı axın kanallarının xəritələnməsi ilə məşğul idi.

Sözçü deyib ki, sualtı dron tamamilə qanuni şəkildə hərbi araşdırma aparırdı.

Xəbərlərdə deyilir ki, dronu kiçik katerlə gələn Çin dənizçiləri tutublar.

Hadisə neytral sularda Filippin sahillərindən 150 kilometr şimal-qərbdə baş verib.

Çin matrosları Bowditch gəmisindən səsucaldanlarla təkrar edilən xəbərdarlıqlara məhəl qoymayıblar.

Təhlilçilər bildirirlər ki, Çin və ABŞ arasında belə bir insidentin baş verəcəyi gözlənilirdi.

Bu hadisədən bir az əvvəl ABŞ hərbiyyəsi Çinin Cənubi Çin dənizində yaratdığı süni adalar arxipelaqının havadan çəkilmiş xəritəsini dərc etmişdi.

Bundan bir həftə əvvəl isə ABŞ-da prezident seçilmiş Donald Trump Pekinin öz suveren ərazisi saydığl Tayvanın rəhbəri ilə telefon söhbəti etmiş, Vaşinqtonla Pekin arasında illərdir davam edən konsesu pozmuş və iki ölkənin gələcək münasibətlərini şübhə altında qoymuşdu.

Sözü gedən konsesusa əsasən ABŞ “vahid Çin” konsepsiyasını qəbul edir.

Donald Trump seçki kampaniyası boyunca Çini Cənubi Çin dənizində “qala” tikməkdə ittiham edirdi.

Maraqlıdır ki, əvvəllər bu adaların heç bir hərbi məqsəd daşımadığını bəyan edən Çin də Trampın bəyanatlarından sonra daha da qəzəblənib və indi sözü gedən adaları açıq şəkildə “hərbi müdafiə zərurətindən doğan qurğular” adlandırıb.

Amerika tərəfi dronun həbs edilməsi ilə bağlı rəsmi etiraz verib və sualtı qurğunun dərhal qaytarılmasını tələb edib.

Azadliq.org

BIR CAVAB BURAXIN