Boylana-boylana/ Q.Məhəbbətoğlu

0
705

Sözün düzü, “boylanmaq” sözündən heç xoşum gəlmir. Əgər yanılmıramsa, indiyədək yazdığım yazıların heç birində həmin sözdən istifadə etməmişəm. Düşünmüşəm ki, “baxmaq” sözü olan yerdə ona nə hacət? Elə bu səbəbdən “boylanmaq” sözü dalımca boylana-boylana qalmışdı. Bu günlərdə isə yanıldığımın, daha doğrusu, bu sözə qarşı olan laqeydliyimin fərqinə vardım. Üstəlik, bu hərəkətimə görə xəcalət də çəkdim. Nöşün ki, sən demə, görməklə baxmaq arasında fərq olduğu kimi, boylanmaqla baxmaq arasında da müəyyən fərqlər var imiş. Elə bu səbəbdən onu qırmaq istəmədim, ona tərəf boylandım.

A kişilər, insafən, bizim hər şeyimiz var. Di gəl, hələ də ora-bura boylana-boylana qalmışıq. Heç uzağa getməyək, Bakının hündür bir nöqtəsindən evlərin damlarına baxın. Vallah, mat qalarsınız, onların üstündə o qədər peyk antenaları var ki, hətta dam örtükləri görünməz olub. Məgər bizim telekanallar yoxdur? Var axı, özü də yetərincə. Elə isə bəs biz niyə hələ də xarici telekanallara boylanırıq? Olmaya, onların telekanalları daha rəngli göstərir? Olmaya, onların telekanalları dərdimizi dünyaya bəyan etmək yarışına çıxıblar? Olmaya, mentalitetimizə uyğun nələrsə nümayiş etdirirlər? Yox, əksinə, xarici kanallar şüurumuza, milli əhvali-ruhiyyəmizə müəyyən təsir göstərir, bizi özününküləşdirməyə, daha doğrusu, öz damlarının altına, sovet dövründə deyildiyi kimi, öz kolxozlarına salmağa çalışırlar. Biz isə bunu dərk etmirik, hələ də onlara tərəf boylanırıq.

Bu gün sirr deyil ki, barmağımız bir balaca zədələnən kimi ah-vay içində xaricə boylanırıq. Əlacımızı oralarda axtarırıq. Olmaya, həmin ölkələrin tibb müəssisələri bizimkilərdən daha müasirdir?! Halbuki deyilənlərə görə, bizdə analoqu olmayan tibb müəssisələri var. Hərdən düşünürəm ki, bu xaricə boylanmağımızın səbəbini həkimlərimizdə axtarmaq lazımdır. O həkimlərimizdə ki, az maaş almalarını az qala hər xəstənin gözünə soxurlar. Sanki onların az maaş almalarının baiskarı xəstəliyə düçar olanlarmış. Lakin hərəsinin altında son model maşın qərar tutub. Təbii ki, onlar bunu və digər rahatlıqlarını elə camaatın ciblərinə boylana-boylana əldə edirlər.

Bu gün sirr deyil ki, bir mütəxəssis lazım olan kimi xaricə boylanırıq. Baxın, görün hansı sahəmizdə əcnəbi mütəxəssis yoxdur? Məgər özümüzün bu və ya digər sahə üzrə mütəxəssisimiz yoxdur? Var, amma nədənsə onlara tərəf boylanan yoxdur. Hətta iş o yerə çatıb ki, indi adi hesab olunan futbolu yaxşı oynamağı öyrənmək məqsədi ilə xaricilərə tərəf boylanırıq. Bir sözlə, dilimizə, mentalitetimizə bələd olmayanı elə mühüm postlara təyin edirik ki, xaricilərin özləri boylana-boylana qalırlar (Deyirəm, nə yaxşı ki, hərdən xaricilər də bizə tərəf boylanırlar. Hətta iş o yerə çatıb ki, indi imkanlılar evlərində xarici qulluqçular saxlayırlar. Bununla da özlərini belə boylanmadan xilas ediblər). Bir də axı indiyədək hansı əcnəbi bizə gün ağlayıb? Hərənin öz umacağı var da… Onlar bizə öz umacaqları daxilində boylanırlar, biz isə hələ də boylanmağımızın məqsədini bilmirik.

A kişilər, indi adi bir qoyuna, inəyə… görə də xaricə boylanırq. Onları gətirib saxlayırıq. O gün bir alimimiz deyir ki, bəs fermerlərə həmin damazlıq heyvanların sağlam şəraitdə qalmaları üçün 5 əsas şərt – hava, su, yem, işıq və stress qaydaları tövsiyə olunur. Görəsən, hansı yerli heyvanımıza bu “beşlik” tətbiq olunur, hə? Vallah, bu şərtlərə əməl olunsa, elə bizim yerli heyvanlarımızın da məhsuldarlığı çox olar… Çox məhsul verməyənlərə də həmkarları birtəhər baxar.

A kişilər, son illər bizim boylanmağımız daha dürlü-dürlü olub. Hətta iş o yerə çatıb ki, artıq boylanmaq bizi dədə-babalarımıza da düşmən etməkdədir. Bir zamanlar dədələrimiz demişdilər ki, ayağını yorğanına görə uzat. İndi isə ayağını yorğanına görə uzadanlara gülürlər. Necə deyərlər, bu qədim ölçü vahidimiz də artıq arxaikləşməkdədir. İndi hamı deyir ki, ayağını Avropaya görə uzat. Bəli, bu gün Avropa artıq hər nəsnəmizdə bizim ölçü vahidimizə çevrilib. Nə qədər qəribə olsa da, ayağını Avropaya görə uzatmayanları geridə qalmış kimi qələmə verirlər.

Eh, biz o qədər nəsnələrə boylana-boylana qalmışıq ki… Hərdən deyirəm, bütün bunlara birtəhər dözmək olar. Bunların boyuna o qədər də ziyanı yoxdur. Amma işğal altındakı torpaqlarımıza boylana-boylana baxmaqdan boynumuz əyri qalmasa yaxşıdır…

BIR CAVAB BURAXIN