Həm Rəsulzadə hökumətinin, həm də bolşeviklərin naziri işləmiş yeganə insan

0
615

Əhməd bəy Pepinov Azərbaycan Cumhuriyyətinin parlament və V Nazirlər Kabinetinin üzvi, əmək və torpaq naziri olub.
Pepinov ADR dövründə işğalçı Qırmızı ordunun Bakıya yürüşünü ləngitmək məqsədilə 1920-ci il aprelin əvvəllərində parlamentin digər üzvü Rəhim bəy Vəkilovla  danışıqlar aparmaq üçün Qroznı  şəhərinə göndərilib. Aprel işğalından sonra Bakıya qayıdan Pepinov Azərbaycanda mədəni-maarif və nəşriyyat işlərinə rəhbərlik edib. Amma köhnə AXC naziri kimi ona münasibət birmənalı olmayıb. Davamsız təqiblərlə üzləşən Pepinov 1930-cu ildə Ulyanovsk şəhərinə köçməyə məcbur olub. Daha sonra Alma-Ataya gedir və 1934-cü ildən etibarən  Qazaxıstan SSR maarif nazirinin müavini işləyib.
1919-cu ildə Cumhuriyyət parlamentinin sədri Həsən bəy Ağayevin qızı ilə ailə quran Pepinov 1920-ci ildə Yusifbəyli  hakimiyyətinin istefasından sonra vəzifəsindən kənarlaşdırılıb. Amma bəzi tarixi əsaslara görə sovet rejimi başqa cumhuriyyətçilər kimi Pepinova toxunmayıb, ondan öz kadrları kimi faydalanamğa çalışıb. Böyük təcrübəyə malik olan Pepinov yenidən başqa sahədə nazir vəzifəsinə gətirilsə də, bu postda çox qala bilməyib. Repressiyaya məruz qaldıqdan sonra isə ailəsinin aqibəti xeyli çətinləşib.
Araşdırmaçı Savalan Fərəcov buna misal olaraq repressiyanın digər qurbanı Tağı Şahbazi ilə bağlı hadisəni qeyd edir:
“Azərbaycandan köçməsinə baxmayaraq, bolşevik hökumətinin əl çəkmədiyi  Pepinovun məsləkdaşları da sorğu-sual edilib. Tağı Şahbazinin həbsindən sonra istintaqının ilk dörd ayında müstəntiq ondan özünü “ifşa edən”, “günahlarını səmimi etiraf edən” ifadələri ala bilmir. Müstəntiq, hətta onu bir çox adamla üzləşdirsə də, məqsədinə çata bilmir. Bu üzləşdirmələrdən biri diqqəti daha çox çəkir. 1937-ci il oktyabrın 4-də müstəntiq Tağı  Şahbazini Qubaydullinlə üzləşdirmişdi. Onun ifadəsində deyilir: “Tağı Şahbazinin əksinqilabi işdə iştirakını mən ilk dəfə 1926-cı ildə Əhməd Pepinovdan eşitmişdim. Əhməd Pepinov mənə bildirdi ki, Azərbaycanda əksinqilabi-millətçi blok formalaşıb və blok üzvlərindən bir neçəsinin adlarını, o cümlədən Tağı Şahbazinin adını çəkdi. 1927-ci ildə, həmçinin Sultan Qaliyevdən də Tağı Şahbazinin əksinqilabi millətçi təşkilatın üzvü olduğunu öyrəndim…””.
Pepinovun hazırda Bakıda yaşayan yadigarları var. Lütfəli Abdullayevin iki qızı hər zaman atalarının olduğu kimi, Cumhuriyyət naziri olan babalarının da xatirəsini yad edilər.
Maraqlı fakt kimi onu da deyək ki, Sevda xanım Azərbaycan komediya sənətinin korifeylərindən sayılan aktyor Lütfəli Abdullayevin həyat yoldaşı olub. Aktyor məhz Pepinov amilinə görə Sevda xanımla nə az, nə çox düz 9 il evlənə bilməyib. Amma öz sevgisinə sona qədər sadiq qalıb, başqaları başını dinc saxlamaq üçün  xanım Pepinovadan uzaq gəzəndə, yalnız o, sevdiyi qızı tək buraxmayıb. Sevda xanım sonralar xatirələrində bunları qeyd edəcəkdi:
“O zaman ailəmizin vəziyyəti çox da yaxşı deyildi. Babam Həsən bəy Ağayev Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin sədr müavini, atam isə Cümhuriyyət hökumətinin əmək naziri Əhməd bəy Pepinov olduğu üçün ailəmiz ”xalq düşməni” sayılırdı. 1937-ci ildə atamı güllələmişdilər. Sözsüz ki, xalq düşməninin qızına o vaxt yaxın düşən yox idi. Amma Lütfəli heç nəyə baxmadı. Onun belə mərdliyi mənə hər şeydən əziz idi. Biz 1948-ci ildə evlənmək istəsək də, bu istəyimiz ancaq 1956-cı ildə baş tutdu. Bu illər ərzində anam rəhmətə getdi, 1955-ci ildə atamın bəraətini aldım. Ondan sonra mənimlə evlənmək istəyənlərin sayı çoxaldı. Ancaq mənim onların heç birinə inamım qalmamışdı. Ona görə də dedim ki, ailə qursam, Lütfəli ilə quracağam. Bir ay nişanlı qalandan sonra toyumuz oldu. O hətta icazə vermədi ki, soyadımı dəyişim. Dedi, sənin atanın oğlu yoxdur, öz soyadını daşı”.
Mərhum aktyorun bu addımı Əhməd bəyin xatirəsinə ən böyük ithaf idi. Çünki Azərbaycanın ilk alman dili mütəxəssislərindən olan Savda xanımdan savayı Pepinov soyadını daşıyan kimsə yox idi. Çünki bu soyadın daşıyıcıları hər zaman təzyiqlərlə üzləşirdilər.

BIR CAVAB BURAXIN