BMT-nin xüsusi məruzəçisinin mətbuat konfransında ETİRAZ

0
690

Ölkəmizdə səfərdə olan BMT-nin xüsusi məruzəçisi Mişel Forst Azərbaycandakı insan hüquqları üzrə araşdırmalarının ilkin nəticələrini və tövsiyələrini açıqlayıb.

 

Mişel Forst Azərbaycana səfərinin nəticələrinə həsr olunan mətbuat konfransında çıxışı zamanı deyib ki, səfər çərçivəsində o, vəkillər, hüquqşünaslar, hüquq müdafiəçiləri, jurnalistlərlə və siyasi fəallarla görüşüb:

 

“Mən Azərbaycanda insan hüquqlarının vəziyyətini araşdırıram. Buna görə də Azərbaycan hökuməti ilə əməkdaşlıq üçün təşəkkür edirəm. Prezident Administrasiyasında, Dövlət Təhlükəsizlik Xidmətində, Ali Məhkəmədə, Baş Prokurorluqda, Ombudsman Aaratında görüşlər keçirdim”.

 

Xüsusi nümayəndə qeyd edib ki, dövlətin əsas məqsədi əsas insan hüquq və azadlıqlarını qorumaqdır: “Azərbaycanda sosial mediadan istifadə edənlər artmaqdadır. Ancaq sosial mediada tənqidi fikirlərə daha dözümlü yanaşmaq lazımdır. Azərbaycanda insanların sərbəst toplaşması üçün regionlarda da imkanlar yaradılmalıdır”.

 

Mişel Forst aksiyalarla bağlı da hökumətlə müzakirələr apardığını söyləyib: “Azərbaycanda QHT-lərin maliyyələşdirilməsi sahəsində problemlər var. Qrantın verilməsi prosesi sadələşdirilməlidir”.

 

Xüsusi nümayəndə Azərbaycana səfər edərkən bir çox beynəlxalq təşkilatların hesabatları ilə də tanış olduğunu söyləyib: “Mən Azərbaycan Xarici İşlər Nazirliyində görüşdə təsisatlararası bir qurumun yaradılmasını təklif etdim ki, BMT və digər qurumların tövsiyyələri sahəsində işlənilsin”.

 

Mişel Forst daha sonra jurnalislərin suallarını cavablandırıb. Ancaq xüsusi nümayəndə jurnalistlər arasında ayrı-seçkilik edərək, yalnız müxalif yönümlü media qurumlarının təmsilçilçilərinə sual verməyə şərait yaradıb. Mişel Forstun bu hərəkəti mətbuat konfransında iştirak edən jurnalistlərin ciddi narazılığına səbəb olub.

 

Bir qrup müstəqil jurnalist, o cümlədən “APA” agentliyinin əməkdaşı Ramiz Mikayıloğlu, “Publika.az” xəbər portalının əməkdaşı Vasif Həsənli, “Azvision.az” saytının əməkdaşı Elvin Abdulqədirov, “Trend” agentliyinin əməkdaşı və digər media təmsçilçiləri çıxış üçün söz alaraq, Mişel Forsta etirazlarını bildiriblər.

 

Jurnalistlər Mişel Forsta irad tutaraq bildiriblər ki, sözügedən hesabat hazırlanarkən yalnız müxalif yönümlü QHT-lərin, partiyaların və media qurumlarının mövqeyi dinlənilib: “Bu isə qərəzli və təxribat xarakterlidir”, deyə jurnalistlər əlavə ediblər.

 

Xatırladaq ki, BMT-nin xüsusi məruzəçisi Mişel Forst 14-22 sentyabr tarixlərində insan hüquqları müdafiəsi vəziyyətini araşdırmaq üçün Azərbaycanda rəsmi səfərdədir.

Publika.az

 

BIR CAVAB BURAXIN