Azərbaycanın “Zərbə” kamikadze-dronları döyüşə hazırdır

0
565

Nazirlər Kabinetinin ilin birinci yarısının yekunlarına həsr olnmuş iclasında müdafiə sənayesi naziri Yavər Camalov prezident İlham Əliyevə raport verərək bildirib ki, onun göstərişi əsasında hərbi sənaye “Zərbə” pilotsuz döyüş sistemlərinin işlənib hazırlanmasını başa çatdırıb. Nazirin bildirdiyinə görə, bu döyüş sistemlərinin sınaqları keçirilir və yaxın vaxtlarda ordunun sərəncamına veriləcək.

“Zərbə” pilotsuz döyüş sistemlərinin-kamikadze-dronların istehsalının təşkil edilməsi aprel döyüşlərindən sonra Müdafiə Sənayesi Nazirliyinin qarşısında vəzifə kimi qoyulmuşdu. Hansı ki, 4 günlük müharibə zamanı Azərbaycan İsraildən aldığı “Harop” pilotsuz döyüş sistemlərinin ilk tətbiqini həyata keçirdi. Bu, eyni zamanda həmin kamikadze-dronların dünyada ilk döyüş tətbiqi idi.

Azərbaycan Müdafiə Nazirliyi “Harop” pilotsuz döyüş sistemlərinin 4 günlük müharibədə tətbiqinə dair şərh vermir. Bununla belə məlumdur ki, həmin pilotsuz döyüş aparatı aprel döyüşləri zamanı ermənilərin “Yerkrapa” könüllülər birliyinin döyüşçülərini daşıyan avtobusa Ağdərədə, təmas xəttindən xeyli aralıda zərbə endirib. Nəticədə azı 7 erməni döyüşçüsü məhv edilib, qalanları yaralanıb. Habelə “Harop” pilotsuz döyüş aparatı ilə ermənilərin bir və ya bir neçə tankına zərbə endirildiyi məlumdur.

Azərbaycan ordusunun aprel döyüşlərində “Harop” pilotsuz döyüş sistemlərini tətbiq etməsi dünyada geniş rezonansa və marağa səbəb oldu. Qərb mətbuatı bu haqda geniş yazdı. Pentaqon bildirdi ki, İsraildən həmin döyüş sistemlərinin ilk sınaq partiyasını alıb və gələcəkdə daha çox belə sistem sifariş verməyə hazırlaşır. İsrail ordusu da “Harop” pilotsuz sistemlərini istehsal edən İAİ korporasiyasına sifarişləri artıracağını açıqladı.

Həmin vaxta qədər Azərbaycan dünyada pilotsuz döyüş sistemlərinə malik olan iki-üç ölkədən biri idi. Azərbaycan İAİ korporasiyasından kamikadze-dronların bir neçə modifikasiyasını əldə edib. Bunlar saatlarla havada qala bilən, düşmən hədəflərini nəzarətdə saxlayan və istənilən an bu hədəflərə dəqiq zərbə endirən kamikadzeyə çevrilən pilotsuz uçan aparatlardır.Regionda, Rusiya da daxil olmaqla, heç bir ölkənin ordusunun silahlanmasında belə sistemlər yoxdur.

Lakin aprel döyüşlərindən çox keçmədən Rusiya da pilotsuz döyüş sistemlərinin istehsalını təşkil etməyi qərara aldı. TASS xəbər verirdi ki,  radarlarda çox pis seçilən, demək olar ki, səssiz və çox aşağıdan uçan pilotsuz döyüş sistemləri perpspektivdə olduqca ciddi və işə yarayan silaha çevrilə bilər. Bu səbəbdən Rusiya ordusunun həmin silahlarla təchizatı istiqamətində işlərə başlamaq qərara alınıb. Bildirilirdi ki, bunun üçün Rusiyada istehsal olan pilotsuz uçan aparatlardan birinin modifikasiyasını dəyişdirmək və onu partlayıcı ilə təchiz edərək kamikadzeyə çevirmək nəzərdə tutulur.

Rusiyada bu planın yerinə yetirilməsi istiqamətində işlərin nə yerdə olduğu məlum deyil. Lakin o məlumdur ki, Azərbaycan hərbi sənayesi cəmi 3 ay ərzində pilotsuz döyüş sistemlərinin ölkə daxilində istehsalını təşkil etməyə nail olub.

Bəs Müdafiə Sənayesi Nazirliyi bu cür qısa müddət ərzində “Zərbə” pilotsuz döyüş aparatlarının hazırlanmasına necə nail ola bilib? Nazir Yavər Camalovun çıxışında bu haqda heç nə deyilmir. Lakin məlumdur ki, Müdafiə Sənayesi Nazirliyi İsraillə əməkdaşlıq şəraitində pilotsuz uçan aparatların bir neçə modifikasiyasının seriya istehsalını həyata keçirir. Bu baxımdan ehtimal edilir ki, nazirlik məhz həmin PUA-lardan birini İsrail şirkətlərinin köməyi ilə müəyyən modifikasiyalar həyata keçirməklə kamikadze-drona çevirib.

Yaxud o da mümkündür ki, İsrailin İAİ korporasiyası “Harop” və digər bu tipli kamikadze-dronların Azərbaycanda birgə istehsalını təşkil edib. 

Nəticədə pilotsuz-döyüş aparatlarının ölkə ərazisində kütləvi istehsalı qısa müddət ərzində mümkün olub və indi bu silahları ixrac etməyə ehtiyac qalmayacaq. Deməli aprel döyüşlərində “Harop”ların tətbiqindən panikaya düşən ermənilərin indi narahatlıq keçirməyə daha çox əsasları var. Çünki Azərbaycan ordusu indiyədək İsraildən alınan yüzlərlə belə döyüş sistemi ilə yanaşı indi yerli hərbi sənayenin təqdim etdiyi “Zərbə”lərlə də silahlanacaq, nəticədə mümkün döyüş əməliyyatlarında kamikadze-dronların daha kütləvi tətbiqi mümkün olacaq.

Virtualaz.org

BIR CAVAB BURAXIN