Azərbaycanda şəxsi məlumatı yayanlar kimlərdi?

0
445

Türkiyədə şəxsi məlumatları qorumayan şirkət rəhbərləri həbs edilə bilər. Oktyabrın əvvəlində öz məlumat bazasını “Şəxsi məlumatların qorunması” qanununa uyğunlaşdırmaq üçün şirkətlərə verilən vaxt tamam olub.

Türkiyənin “Haberturk” saytı yazır ki, indən belə qanunu pozan şirkət rəhbərləri 5 milyon lirədən 1 milyon lirəyədək cərimələnə və ya 1 ildən 4 il yarımadək həbs edilə bilərlər.

Qanun şirkətlərin məlumatları üçüncü şəxsə və ya ölkə xaricinə ötürməsini yasaqlayır. Məlumatların istifadə müddəti bitəndən sonra onlar ya silinməli, ya da anonimləşdirilməlidir. Tutalım, şirkət əvvəllər fərqli bir məqsədlə müştərilərinə elektron məktub göndərir, həmin məqsədə çatandan sonra bu məlumatları silmir və ora email göndərməsə də, məlumat bazasında saxlayırdısa, yeni qanun bunu qadağan edir və cəza obyekti sayır.

Avropa Birliyi bu normaları sərtləşdirməyə, şəxsi məlumatları daha sıx qorumağa hazırlaşır. Bu ilin yanvarında Brüsseldə keçirilən beynəlxalq konfransda “Məlumat Müdafiəsi” adlanan qanunun yenidən işlənməsi üçün təkliflər toplanıb.

Bəs Azərbaycanın müvafiq qanunları şəxsi məlumatları necə qoruyur? Axı ölkə vətəndaşları xidmətinə ehtiyac duyduğu bütün şirkətlərə şəxsi məlumatlarını ötürür. Belə məlumatlar səhiyyə və təhsil ocaqlarından tutmuş, müxtəlif bankları, dövlət qurumlarını və s.-i əhatə edir.

“İnanmıram ki, yüzlərlə, minlərlə nömrəni uydururlar”

Bakı sakini Təranə İbadova mobil nömrəsinin üçüncü şəxslərə ötürülməsindən şikayətçidir: “Mən “Azercell” abunəçisiyəm. Arada zəng gəlir ki, su təmizləyici qurğu satmaq istəyirik, ya da deyirlər, nömrəniz filan lotereyada qalib gəlib, sizə filan malları dəyərindən ucuz verəcəyik”. Təranə İbadova deyir, soruşanda ki, nömrəsini hardan alıblar, doğru-düzgün cavab almır: “İnanmıram ki, kimsə oturub özündən yüzlərlə, minlərlə nömrə uydursun. Onların əlində bu nömrələr olur ki, oturub zəng edirlər”.

Telefon nömrələrinin üçüncü şəxsə verilməsi məsələsi yeni deyil. Bu məsələ bir müddət öncə parlament iclaslarında da müzakirə mövzusu olmuşdu. Hüquqşünas Ələsgər Məmmədlinin fikrincə, şəxsi məlumatların şəxsin icazəsi olmadan üçüncü tərəfə ötürülməsi qanunla qadağandır, ancaq təcrübədə əksini görmək mümkündür: “Bunu çox asanlıqla sübut etmək olar ki, məlumatlar ötürülür. Məsələn, siz Kürdəmirə gedirsiniz və sizə Kürdəmirdəki hansısa xidmətlə bağlı reklam gəlir, Ucara keçirsiniz, indi də ordan gəlir”.

Ələsgər Məmmədli şəxsi məlumatların ictimailəşdirilməsinə dair daha bir misal gətirir və deyir ki, ölkənin bir çox yollarında vedeokameralar quraşdırılıb:

“Bu kameralar, deyək ki, bir yol hərəkəti pozuntusunu qeydə alır, bu zaman avtomobilin içindəki şəxslərin də görüntüsünü çəkir və həmin görüntülər sürücünün evinə göndərilir. Ola bilsin, avtomobildə olan sərnişin sürücünün ailəsində arzulanmayan adamdır və sürücü də istəmir ki, ailəsi bunu bilsin. Amma evinə gedən görüntülərlə onun şəxsi məlumatı açıqlanmış olur. Əvvəllər bu məsələylə bağlı ailədaxili qalmaqallar çox olub. Amma son zamanlar müşahidə olunur ki, artıq bəzi yerlərdə maşının nömrəsi olan hissə kəsilərək göndərilir”.

Ələsgər Məmmədli bəzi sahələrdə şəxsi məlumatların paylaşıldığını və bunun qarşısının alınması üçün qanundakı boşluqlar aradan qaldırılmasının gərəkdiyini bildirir.

“Biz yalnız texniki xidmət göstəririk”

Azercell Plaza

Azercell Plaza

Azərbaycanda fəaliyyət göstərən mobil telefon şirkətlərindən birindən –“Azercell”dən AzadlıqRadiosuna deyirlər ki, onlar məlumatları üçüncü şəxsə ötürmürlər.

“Reklam xarakterli SMS-ləri birbaşa məzmun təminatçıları (3-cü tərəf) göndərir. “Azercell” şirkəti, şəbəkə təminatçısı kimi, bu şirkətlərə yalnız texniki dəstək göstərir. Abunəçilərə bu və ya digər xidmətə qoşulma haqqında təklif gəldikdə diqqətli olmaq tövsiyə edilir. Arzuolunmaz SMS-lərdən imtina etmək üçün STOP sözü 5010-a göndərilməlidir”,şirkətin mətbuat xidmətindən AzadlıqRadiosuna göndərilən açıqlamada belə deyilir.

Bəs şəxsi SMS yazışmaları, zənglərlə bağlı məlumatlar “data baza”da nə qədər saxlanır? “Azercell” bu suala belə cavab verir ki, müştəri xidmətləri ofislərində abunəçilərə “izahlı sənəd (istifadə etdiyi xidmətlər barədə daxil olanları çıxmaqla, zəng vurulan nömrələr, müddətlər, xidməthaqqı və s.) ən çoxu müraciət tarixindən yalnız əvvəlki 2 ay üçün təqdim edilir”. Şirkətin mətbuat xidmətinin açıqlamasında göstərilir ki, “telefon danışıqları, qısa mesaj, yaxud digər xidmətlərdən istifadə zamanı məzmunun əldə edilməsi, yazılması, saxlanması, eləcə də əldə edilməsi arzu olunan digər məlumatları (mobil internet xidmətindən yararlanarkən, baxılan internet səhifələri və yüklənən məlumatların məzmunu da daxil) özündə əks etdirən hər hansı xidmətin göstərilməsi Azercell tərəfindən nəzərdə tutulmayıb”.

Azərbaycanda şəxsi məlumatları yayanlar necə cəzalandırılır? Azərbaycan Cinayət Məcəlləsində göstərilir ki, şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səsyazılarının yayılmasına, satılmasına və ya başqasına verilməsinə, qanunsuz toplanılmasına görə 100 manatdan 500 manatadək cərimə və ya 240 saatdan 480 saatadək ictimai işlər, yaxud bir ilədək müddətə islah işləri kimi cəzalar tətbiq edilir.

Eyni əməlləri qulluq mövqeyindən istifadə edən vəzifəli şəxs törədərsə, o, üç ilədək müddətə müəyyən vəzifə tuta və ya müəyyən fəaliyyətlə məşğul ola bilməz. Belə şəxsə iki ilədək həbs cəzası da kəsilə bilər.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

5 × four =