Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: ABBASQULU AĞA BAKIXANOV 1. Yazı

0
686

XIX əsr Azərbaycan Türk ictimai və fəlsəfi fikir tarixində İslam dininə, o cümlədən Şərq mədəniyyətinə bağlı ən böyük filosofumuz, ensiklopedik alimimiz Abbasqulu Ağa Bakıxanovdur (1794-1847). 1794-cü ildə Bakı qəzasının Əmirhacıyan (Əmircan) kəndində anadan olan Bakıxanov doğma türk dili (Azərbaycan) ilə yanaşı, ərəb, fars və rus dillərini də mükəmməl öyrənmişdir. 1819-cu ildə Qafqazın baş hakimi A.P.Yermolov tərəfindən Tiflisə dəvət olunaraq Şərq dilləri mütərcim vəzifəsinə təyin olunan Bakıxanov, eyni zamanda çar Rusiyasının hərbi qulluğunda da bir sıra vəzifələr tutmuşdur. Rus-Qacar, Rus-Osmanlı müharibələrində yaxından iştirak edən Bakıxanov 1830-cu illərdə ömrünün bir hissəsini Rusiya, Polşa, Ukrayna və digər ölkələrdə səyahətlərdə keçirmişdir. Çar Rusiyası ordusundan istefaya çıxdıqdan sonra o, elmi yaradıcılıqla məşğul olmaqla yanaşı daha sonra müsəlman Şərqinə səyahətə (1846) çıxmışdır; 1847-ci ilin əvvəllərində də Məkkədən Şama qayıdarkən vəba xəstəliyindən ölmüşdü. Çar Rusiyasının Qafqazı, o cümlədən Şimali Azərbaycanı işğal etdiyi bir dövrdə yaşayan hətta, bu proseslərin birbaşa şahidi rolunda çıxış edən Bakıxanovun dünyagörüşünə şübhəsiz, iki fərqli mədəniyyətin, yəni doğma Şərq-İslam mədəniyyəti ilə yanaşı, yad Qərb-Rus mədəniyyətinin də müəyyən qədər təsiri olmuşdur. Hər halda biz onun 19-cu əsrin birinci yarısında qələmə aldığı bütün əsərlərində bu mədəniyyətlərin təsirini, xüsusilə də Şərq-İslam mədəniyyətinin üstünlüyünü çox hiss edirik. Onun başlıca əsərləri aşağıdakılardır: “Mişkatül-ənvar”, “Riyazül-Qüds”, “Qanuni-Qüdsi”, “Əsrarül-Mələkut”, “Təhzibi-əxlaq”, “Nəsihətnamə”, “Kəfül-Qəraib”, “Gülüstani-İrəm”, “Eynəl-mizan”, “Kitabi-Əsgəriyyə” və b. O, çağdaşları arasında ilk dəfə Qərb-Avropa mədəniyyəti ilə İslam-Şərq mədəniyyətini müqayisə etmiş, bütün çatışmazlıqlarına baxmayaraq üstünlüyü yenə də sonuncuya vermişdir. Fikrimizcə, bu heç də Azərbaycan türk mütəfəkkirinin İslam-Şərq mədəniyyətinə kor-koranə, ya da fanatikcəsinə bağlılığı ilə əlaqəli bir məsələ olmamışdır. Bakıxanov nəzəri təfəkkürünün və apardığı əyani təcrüblərinin nəticəsi olaraq belə bir qənaətə gəlmişdir. Əslində Azərbaycan mütəfəkkiri başlanğıcda qarşımıza öncə İslamın şiə məzhəbinin tərəfdarı, daha sonra Qərb mədəniyyətinə meyilli bir şəxs kimi çıxır. Bu cür qeyri-adiliyi nəzərə alan böyük alim, ədəbiyyatşünas Firidun bəy Köçərli «Azərbaycan türklərinin ədəbiyyatı» (1903, 1907) fundamental əsərində yazırdı ki, o, İslamda şiəlik məzəhəbindən olsa da, əslində müasiri olduğu dindaşlarına bənzəmirmiş: “Əgərçi mərhum özü şieyi-isna məzhəbində imiş, amma etiqad cəhətincə qeyri-müasirlərinə bənzəməz imiş və xüləfayi-səlaseyə, rəfzü səbb kimi nalayiq əməllərə razı olmaz imiş”. Yaradıcılığının başlanğıcında Bakıxanov şiə təəssübkeşi kmi çıxış etmiş, hətta ilk iri həcmli əsərini – «Riyazül-Qüds»ü («Qüdsi çiçəkliyi») 14 məsumə və Kərbəla faciəsində şəhid olmuş Peyğəmbərin (s) sevimli nəvələrindən İmam Hüseynə (ə) həsr etmişdir. Mərsiyə xarakteri daşıyan bu əsərini qələmə almaqda Bakıxanovun əsas məqsədi Əhli-beyt tərəfdarlarının və İmam Hüseynin (ə) şəhadət yolunun fəlsəfi-mənəvi mahiyyətini göstərmək istəyi olmuşdur. Xüsusilə, Azərbaycan Türk mütəfəkkiri çalışmışdır ki, əqidə və iman yolunda şəhid olan Peyğəmbər (s) övladının yüksək əqidəsini müsəlmanlara çatdırsın: Sənsiz siyah olur bizə bu ruzigarlər, Əldən alır inamımızı ahü zarlər. Ali-Rəsul bisərü saman qalan zaman, Qılsın nə çarə dərdinə dilfikarlər? Bakıxanovun fikrincə, Kərbəlada baş verən elə bir faciədir ki, bütün dünya, o cümlədən İslam aləmi heç vaxt onun üstündən sükutla keçə bilməz. Əksinə, Kərbəladakı matəm qəmini bu günə qədər unutmayan müsəlmanlar indən belə də, İmam Hüseynin (ə) şəhadətə qovuşduğu günü qeyd edəcəklər. Çünki Bakıxanovun təbrincə desək: Bu matəmdə yanıb könlüm ürək qəmdən olub bitab, Bu ahü nalə ardınca düşür varlıq yaman halə. Bu odlu qəlbim, ey Qüdsi, alovlu ahımın içrə, Sansan aydır, ətrafın tutubdur bir bulud halə. Azərbaycan türk mütəfəkkirinə görə, İmam Hüseyn (ə) Kərbəlada elə bir qəhrəmanlıq göstərmişdir ki, onun misli İslam tarixində görünməmişdir. Belə ki, imam var-dövlətdən, hakimiyyətdən imtina edərək özünü ali mərtəbəli və səadətverici bir qəhrəman kimi aparmışdır. Bununla da, Peyğəmbər (s) övladı vətən məhəbbətinin və Allah imanının hər bir şeydən üstün olduğunu əməli ilə sübut etmişdir. Bakıxanov yazırdı: Ol namivəri-büləndcahə, Kim mehri nəzər baxarsa mahə, Keyvandan alıb kəmali-rifət, Bercisə verərdi min səadət. Əzmində görüb fütuhi-fərcam Almazdı əlində tiğ Bəhram. Ümumilikdə, Azərbaycan alimi hesab edirdi ki, imamın şəhadəti günündə (Aşura günündə) ağlayıb-sızlamaq, yaxud da ah-nalə çəkməklə iş bitmir. Eyni zamanda, o, peyğəmbərin Əhli-beytnin, o cümlədən İmam Hüseynin (ə) apardığı müqəddəs davanın mahiyyətini dərk etməyi də vacib sayırdı. Onun fikrincə, bu baxımdan «dildə nalə, gözdə yaş, qəlbdə al qan eyləmək»lə kifayətlənmək olmaz, eyni zamanda Peyğəmbər övladının şəhadət yolunu dərk edib, bu yolu davam etdirmək lazımdır: Canə gəlmişdim Rəsul evladının dərdilə mən, Söyləməklə dərdimi yüngül və asan eylədim. Ğəm xəzanı solduranda dostların əhvalını, Min bəzəklə rəng vurub səhni-gülüstan eylədim. Son vəsi evladının meydandakı cövlanını, Vəsf edib sən də qələm atilə cövlan eylədim. Bəs, sonralar Bakıxanovun dünyagörüşündə hansı yeniliklər baş vermişdi ki, şiəlik təəssübkeşliyini davam etdirmək əvəzinə, fəlsəfi və ictimai fikir baxımından önəmli olan digər dini və dünyəvi məsələlərə üz tutmuş, bununla da müasirlərindən fərqlənmişdir? Bizə elə gəlir ki, bu sualın cavabını ilk növbədə, Bakıxanovun İslam-Şərq mədəniyyətinə sxolastik-illahiyyatçı dünyagörüşdən deyil, bir filosof və alim kimi yanaşmasında axtarmaq lazımdır. Çünki yalnız dini elmlərə yiyələnərək İslam dininə tapınanlarla, həm dini, həm də dünyəvi elmlərə malik olanların bu dinə münasibəti eyni ola bilməz. Bunu, biz yalnız Bakıxanovun deyil, hər iki məsələyə bələd olmuş Bakıxanovaqədərki və Bakıxanovdan sonrakı ayrı-ayrı mütəfəkkirlərimizin (N.Gəncə¬vi, M.Füzuli, İ.Nəsimi, M.F.Axundzadə, H.Zərdabi, Ə.Ağaoğlu və b.) irsində də müşahidə edirik. Bu məsələ ilə bağlı onu da hökmən qeyd etməliyik ki, fikrimizcə, dini elmlərlə yetərincə tanış olmayan, ancaq dünyəvi elmlərə yiyələnmiş mütəfəkkirlərin də din məsələsində tamamilə obyektiv mövqe tutması inandırıcı deyildir. Bütün bunlarla yanaşı, hesab edirik ki, dini və dünyəvi elmlərlə hansı dərəcədə tanış olmasından asılı olmayaraq, hər bir mütəfəkkirin istənilən məsələyə (din, mədəniyyət, insan və s.) özünəməxsus yanaşması, idrak prizması vardır. Bizə elə gəlir ki, Bakıxanovda baş verən dəyişikliyin əsasını ilk növbədə, onun dini elmlərlə yanaşı, dünyəvi elmlərlə də tanış olmasında axtarmaq lazımldır. Məsələn, A.A.Bakıxanov görürdü ki, dövründə xalqın əksəriyyəti heç də islam dinini olduğu kimi başa düşmür, yalnız din başçılarını, ruhaniləri təqlid etməklə kifayətlənirlər. Ona görə də “Əxlaqın saflaşdırılması” əsərində Bakıxanov yazırdı ki, insanlar İslam dininə hissi, təqlidi yanaşmadan əl çəkib, onu ağıl, idrak qüvvəsi ilə mənimsəməlidirlər. Onun fikrincə, mədrəsədə öyrədilənlərdən çoxlarının baş çıxarmamağının səbəbi savadsızlıqda deyil, adət-ənənələrdədir. Başqa sözlə, mənanı, mahiyyəti bilmədən, zahirə üstünlük verilməsindədir. Bu baxımdan filosofa görə, elm öyrənməkdə məqsəd olmalı, insan idrakını, ağlını doğru istiqamətə yönəltməli, özünü kimlərəsə oxşatmamalıdır, əks təqdirdə “insan heyvandan fərqlənməz”. Bu mənada, Bakıxanov özü də etiraf etmişdir ki, gənc yaşlarında özü də bu hissləri keçirmiş, təcrübəyə, elmə, həqiqətə, lazımlı şeylərə deyil, təsadüfə, adətə, xəyala, lüzumsuz şeylərə qapılmışdır: “O vaxtdan ədəb və bilik əldə etmək, əxlaqı təmizləyib saflaşdırmaq və təhqiqat aparmaq üçün keçmiş adamların kitablarına əl atdım”. Ancaq mütəfəkkir bundan da istədiyinə tam hasil olmamışdır. Görünür, buna səbəb ilk dövrlərdə qurtuluş yolunu yalnız dini kitablarda axtarması olmuşdur. Həmin kitablar isə Bakıxanova nicat yolu göstərmək əvəzinə, vəziyyəti bir az da mürəkkəbləşdirmişdir: “Gördüm biri zahidliyə və şübəyə qapılmış, başqa birisi hər şeyi inkar edərək, hətta inam və əqidənin zəruri işlərindən belə kənarda qalmışdır. Birisi şirindilli, amma ürəyi qərəzlidir. O birisi şöhrət qazanmaq üçün özünü tərifləyir. Bunların arasında bir neçə haqq danışana rast gəldimsə, onların da özləri maarifə və həqiqət uyğun olduğuna baxmayaraq, aralarında elə ixtilaflar var idi və bir-birlərindən elə fərqlənirdilər ki, mətləbləri tutuşdurmadan və dəilliləri araşıdrmadan onları anlamaq çətin idi”. Bakıxanov yazırdı ki, yalnız dünyanın qabaqcıl adamlarının və xalqların böyük alimlərinin əsərlərini araşıdırmağa və tədqiq etməyə başlayıb, onların dünyagörüşlərindən xəbərdar olduqdan sonra faydalar əldə etmiş, həyacan və iztirabı nisbətən yumşalmış və çətinliklərin çoxundan təsəlli yolu tapmışdır. Bu o deməkdir ki, Bakıxanovun dünyagörüşündə baş verən dəyşiklikdə həm dini, həm də dünyəvi elmlərlə tanışlığı, o cümlədən onları müqayisə etməsi mühüm rol oynamışdır. Artıq Bakıxanov anlamağa başlamışdır ki, müsəlman ölkələrindəki problemin qaynağı ilk növbədə, elm, din, əxlaq və s. şüur formalarında zahirliyə, təqlidə üstünlük verilib onların mahiyyətindən xəbərsizlikdir. Bizə elə gəlir ki, Bakıxanov “Əxlaqın saflaşdırılması” əsərini də özünün təbrincə desək, bəzi əvvəlki alimlər kimi şöhrət qazanmaq üçün deyil, məhz müsəlman cəmiyyətlərində mövcud olan əxlaq məsələlərinə aid çatışmazlıqları aradan qaldırmaq üçün qələmə almışdır. Bu anlamda Bakıxanovun dünyagörüşündə öz əksini tapmış etik-əxlaq məsələlər də daha çox məhdud, gerilikçi, sxolastik təfəkkürün məhsulu kimi ortaya çıxaraq İslam-Şərq mədəniyyətinin yenilikçi və dünyəvi ruhuna zidd olan problemlərlə bağlı olmuşdur. Bizcə, Bakıxanovun əxlaqa həsr etdiyi şeirləri, əsərləri o cümlədən “Əxlaqın saflaşdırılması”, “Nəsihətnamə” kitabları da ilk növbədə, vaxtilə İslam-Şərq mədəniyyətinin əsas təməl məsələlərindən biri olmuş etikaya münasibətdə son dövrlərdə ortaya çıxmış mənfi xüsusiyyətlərin, mənfi cəhətlərin İslam dininin ya da müsəlman xalqlarının mədəniyyətinin adına yazılmasının doğru olmaması ilə bağlı idi. Başqa sözlə, o, müasiri olduğu müsəlman-türk cəmiyyətlərində milli-dini əxlaqda yaşanan problemlərin kökünün həm əsil mahiyyətini tədqiq etmiş, həm də çıxış yollarını ortaya qoymağa çalışmışdır. Bu anlamda Azərbaycan Türk mütəfəkkiri hər hansı bir müsəlmanın riyakar ruhanilərlə üləmaların, rüşvətçi məmurların, yolunu azmış insanların mənfi əməllərinə baxmayaraq, öz həyat tərzlərində etidal, yaxşılıq, adət, şöhrət, rahatlıq, eşq aləmi, işin faydaları, rəftar qaydaları, təvazökarlıq, insaf, təvəkkül məsələlərinə diqqətli yanaşmalıdırlar.

Faiq Ələkbərli (Qəzənfəroğlu)

AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, dosent, fəlsəfə üzrə fəlsəfə doktoru

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

3 × three =