“Bibimin Madonna servizi” ədəbi sahədə yeni bir hadisədir

0
607

Bu günlərdə Azərbaycan Yazıçılar Birliyinin üzvü,  yazıçı- jurnalist Qvami Məhəbbətoğlunun “Bibimin Madonna servizi “ adlı kitabı işıq üzü görüb. Yazıçının ədəbi yaradıcılığında yeni səhifə hesab edilən  “Bibimin Madonna servizi” kitabı həqiqətən  ədəbi  həyatımızda yadda qalacaq hadisələrdən biri hesab edilə bilər.  Hekayədə təsvir edilən hadisə real həyatımızın bir parçasıdır və müəllif tərəfindən hadisə  olduqca şirin bir ədəbi  şəkildə qələmə alınıb. Ümumiyyətlə Qvami Məhəbbətoğlunun ədəbi-bədii yaradıcılığında satirik ruh özünəməxsus bir yer tutur  və onun tərəfindən  qələmə alınan  istənilən mövzunun ana xəttində dayanır. Bu baxımdan  “Bibimin Madonna servizi” hekayəsində təsvir olunanlar tipik bir azərbaycanlı qadınına xas olan xarakterik xüsusiyyətlərdən biridir.  Müəllifin ən böyük ustalığından biri məhz bu xarakterik xüsusiyyəti olduğu kimi oxucuya çatdırmasıdır.  Mən hekayənin digər xüsusiyyətlərinə toxunmaq istəmirəm . Yalnlz onu demək istəyirəm ki,  “Bibimin Madonna servizi”şübhəsiz ki,  ədəbi sahəmizdə özünəməxsus bir iz buraxacaq.

“Bibimin Madonna servizi”dəki  satirik ruhlu yazıların hər birində Molla Nəsrəddin ruhu yaşayır. Bu yazılarda günümüzün eybəcərlikləri  olduqca ustalıqla tənqid olunur. Əslində qeyd etdiyimiz kimi Qvami Məhəbbətoğlu satirik ruhlu yazıçıdır və günümüzdəki eybəcərliklərə Sabiranə şəkildə gülmək  onun ruhunda, canında, qanındadır. Yenə də açıq şəkildə demək istəyirəm ki, bu baxımdan  Qvami Məhəbbətoğlunu mərhum satirik şair Baba Pünhanla müqayisə etmək olar. Qvaminin satirik şeirlərinin çoxu vaxtı ilə  onun uzun illər işlədiyi  “Zaman Azərbaycan” qəzetində çap olunub.  Bu satiraların da hər misrasında, hər bəndində günümüzün eybəcərlikləri güclü şəkildə tənqid olunur. Müəllif bununla da həm özü eybəcərliklərə gülür, həm də oxucunu güldürməyi bacarır. Uzun illər Qvami Məhəbbətoğlu ilə çiyin-çiyinə çalışan biri kimi hörmətli qələm dostumuza daha böyük yaradıcılıq uğurları arzulayıram. Əminəm ki, Qvami Məhəbbətoğlu ədəbi dünyamızın Sabiri, Molla Nəsrədddin yolunun ən layiqli davamçılarından biri olduğunu yazacağı yeni satiraları və satirik ruhlu yazıları ilə bir daha təsdiq edəcək.

Əziz Mustafa, yazıçı-jurnalist, Azərbaycan Yazıçılar Birliyinin üzvü