Azərbaycan-Ermənistan müharibəsi yenidən alovlana bilər…

0
963

Mart ayının 29-da Vyanada Azərbaycan və Ermənistan prezidentləri arasında keçirilən görüşdən sonra qoşunların təmas xəttində atəşkəsin pozulmasının səngiməsinə baxmayaraq  müharibənin hər an başlaya bilməsi təhlükəsi kifayət qədərdir. Buna da səbəb Ermənistan tərəfinin vaxtaşırı olaraq münaqişə bölgəsində vəziyyəti gərginləşdirmək cəhdlərinə baş vurmasıdır. Ermənistanın aprel döyüşlərindən sonra hər vasitə ilə revanş almaq cəhdləri addımbaşı özünü hiss etdirməkdədir. Təsadüfi deyil ki, iki ölkə prezidentləri arasında Vyanada keçirilən görüşdən az sonra ABŞ-da səfərdə olan Ermənistanın müdafiə naziri David Tonoyan “yeni müharibə yeni ərazilərdir” bəyanatı ilə çıxış etdi. Bu isə Ermənistanın təcavüzkar addımlar atmaqdan çəkinməyəcəyini bir daha təsdiq edərək  Dağlıq Qarabağ münaqişəsi ətrafında hərbi ritorikanı qızışdırdı.  Təbii ki, Tonoyanın belə həyasız bəyanatına Azərbaycan da biganə qala bilməzdi. Bu müstəvidə də Azərbaycan tərəfindən verilən analoji cavablar öz  növbəsində  Ermənistanda narahatlıqlar yaratdı.
Belə ki, Ermənistan rəhbərliyinin Vyana görüşündən sonra orada tərəflər arasında əldə edilən müəyyən razılıqlara baxmayaraq təcavüzkar və qisasçılıq dolu bəyanatlarına cavab olaraq prezident İlham Əliyev “müharibə hələ bilməyib” bəyanatı verdi.

Bu isə Ermənistan əhalisi arasında çaxnaşmaya və çaşqınlığa gətirib çıxardı.  Dağlıq Qarabğda hərbi sahədə üstünlüyün Azərbaycan tərəfinə keçdiyi ordumuzun istənilən an hücuma keçərək nəinki işğal edilmiş ərazilərimizi

azad edə edə biləcəyini müdafiə naziri Zakir Həsənovun verdiyi və Ermənistana ciddi şəkildə və olduqca sərt xəbərdarlıq təsri bağışlayan bəyantı da bir daha təsdiq etdi. Müdafiə naziri Zakir Həsənov bildirdi ki, əgər ermənilər hücuma keçəcəksə, Tonoyanla İrəvanda görüşəcəm.

Zakir Həsənovun sərt xəbərdarlığı isə təbii ki, Ermənistandakı müharibə qorxusunu daha da artırıb.  Zakir Həsəonvun bu bəyanatındann sonra erməni mətbuatı Ermənistan müdafiə nazirliyinə sual ünvanladı: Tonoyan Həsənovu İrəvanda qarşılamağa hazırdırmı?

Bu baxımdan hazırda Azərbaycan ordusunun Ermənistandan üstün olduğunu Yerevanda da hiss edirlər. Təsadüfi deyil ki, məsələ ilə bağlı həyəcan təbili çalan erməni şərhçi Aram Sarkisyan yazır ki, Ermənistan ordusundakı problemlər təcili şəkildə həll olunmalıdır: “Bu gün orduda problemlər hələ də qalır. Mövcud vəziyyət ordunun müharibə aparması üçün adekvat deyil. Buna görə də Tonoyan indidən Həsənovu İrəvanda necə qarşılayacağı haqqında düşünməlidir”.

Bu arada Azərbaycan Müdafiə naziri  general-polkovnik Zakir Həsənov AzTV-yə müsahibəsində  bir daha qeyd etdi ki,  David Tonoyanın rəhbərlik etdiyi ordunun imkanlarından xəbəri yoxdur:

“Çox şey danışmaq olar, amma dediyin sözün arxasında imkanın da olmalıdır. Mənim fikrimcə, hərbçilər söz güləşdirməklə məşğul olmamalıdırlar. David Tonayan hərbçi deyil. Yəqin onun rəhbərlik etdiyi ordunun imkanlarından xəbəri yoxdur”.

Z.Həsənov vurğulayıb ki, Azərbaycanın Ordusu da, isqtisadiyyatı da, nüfuzu da günü-gündən güclənir: “Ermənistanda isə mif çöküb və xalqı yenidən hansısa vasitə ilə ruhlandırmağa çalışırlar. Ermənistan xalqı ölkədən qaçır, çünki ölkənin iqtisadiyyatı çöküb. Xalq küçələrə çıxır. Biz hər gün Ermənistanda nələr baş verdiyini televiziya vasitəsilə görürük. Ermənistanın müdafiə naziri David Tonoyan Amerikaya niyə getmişdi? Pul dilənməyə getmişdi? Ondan əvvəlkilər gedəndə deyirdilər ki, bizə pul verin bel alacağıq, xəndək qazacağıq, yoxsa türklər üstümüzə gəlirlər. İndikilər isə belin qiymətindən daha çox pul dilənirlər ki, silah alıb Azərbaycan Ordusuna hücum etməyə cəhd göstərsinlər. Ermənistanın nə iqtisadiyyatı, nə güclü ordusu, nə silahı, nə şəxsi heyəti, nə də ki, digər imkanı var. Buna görə də Ermənistan Azərbaycana hücum edə bilməz. Mən bunu eşidəndə deyirdim ki, nə olardı ki, Ermənistan ordusu hücuma keçərdi. O, boş-boş danışır və artıq erməni xalqı da onlara inanmır. Bunlar hamısı boş söhbətlərdir”.

Ermənistandan eşidilən müharibə çağırışlarına daha bir cavab isə Azərbaycan xarici işlər nazirindən gəldi.  Moskvda Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanla  görüş zamanı tərəflər arasında münaqişənin həllində razılıq əldə edilib-edilməyəcəyi barədə yerli mətbuata verdiyi açıqlamasında  Elmar Məmmədyarov: “Mənimlə anlaşmayan Zakir Həsənovla anlaşmalı olacaq”-deyərək Ermənista ictimaiyyətində daha bir vahimə yaratdı.

Tərəflər arasında əsəb müharibəsinin getdiyi bir vaxtda Azərbaycan və Ermənistanda müharibə hazırlıqları davam etməkdədir. Belə ki, son günlər Ermənistan  Azərbaycanın işğal edilmiş ərazilərində hərbi təlimlər keçirir. Azərbaycanda da ötən ay keçirilən hərbi təlimlər ordumuzun müharibə hazırlığına bir baxış oldu. Azərbaycan öz növbəsində daha bir hərbi təlimlərə hazırlaşır. Belə ki, may ayının  1-dən 3-dək Azərbaycanda  “Mustafa Kamal Atatürk-2019” Azərbaycan-Türkiyə birgə taktiki təlimləri keçiriləcək.

 İki ölkə arasında imzalanmış hərbi əməkdaşlıq haqqında Sazişə əsasən keçirilən birgə təlimlərdə iki ölkə ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, Hərbi Hava Qüvvələrinin döyüş və nəqliyyat helikopterləri, həmçinin hava hücumundan müdafiə və zenit-raket bölmələri iştirak edəcək. Buna paralel olaraq Azərbaycan Rusiya ilə də ikitərəfli hərbi əməkdaşlığı genişləndirməkdədir. BunuAzərbaycan Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyevin “Report”a müsahibəsində dedikləri də bir daha təsdiq edir. Kərim Vəliyev qeyd edib ki,Azərbaycanla Rusiya arasında hərbi əməkdaşlıq yüksək səviyyədədir. Azərbaycan-Rusiya hərbi əməkdaşlığının daha da genişləndiriləcəyinə diqqəti cəlb edən Kərim Vəliyev:

“Azərbaycan Rusiya ilə birgə digər layihələrdə də iştirak edəcək. Bu da döyüş hazırlığına aid olan məsələlərdir. Bura həm də mədəni proqramlar da daxildir. Azərbaycanda Ordu oyunları çərçivəsində keçirilən Dəniz Kuboku, həmçinin Rusiya tərəfindən təşkil edilən müxtəlif hərbi təlimlərdə iştirakdır. Xüsusilə bu il Azərbaycanın “Spasskaya Başniya” Beynəlxalq Hərbi Musiqi Festivalına qatılacağını qeyd etmək istərdim. Bir sözlə, Azərbaycan Respublikası öz maraqlarına uyğun layihələrdə iştirak edəcək”,-deyib.

Bütün bunlar da Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə  bağlı gözlənilən müharibə təhlükəsinə qarşı hazırlıqlarının daha bir mərhələsi hesab edilir. Amma bölgədə müharibəyə hazırlıq ondan kənarda da davam edir. Xüsusi ilə ABŞ-ın yuxarı dairələrində müəyyən təsirə malik erməni lobbisi hər vasitə ilə bölgədə müharibəni yenidən körükləməkdədirlər.  Bununla bağlı məsələyə münasibət bildirən ABŞ-ın Xarici siyasət şurasının baş elmi əməkdaşı Stiven Blank “Vaşinqton Tayms” qəzetində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistanın, habelə erməni lobbisinin mövqeyini sərt şəkildə tənqid edib.  Stiven Blank yazır:

“Dağlıq Qarabağ müharibəsi yalnız Cənubi Qafqazda baş vermir. O, həmçinin Birləşmiş Ştatlarda erməni diasporunun üzvləri və istənilən məsələdə onların nümayəndəsi kimi çıxış edən Amerika Erməni milli komitəsi (ANCA) kimi təşkilatlar tərəfindən oynanılır. Hər bir halda onların Dağlıq Qarabağ məsələsində mövqeyinin heç bir əsası yoxdur, çünki Ermənistan tərəfindən işğal olunan ərazilər dünyanın əksər dövlətləri tərəfindən də tanındığı kimi, Azərbaycana məxsusdur.

Problemlə bağlı olaraq ATƏT nəznində 3 ölkədən, ABŞ, Fransa və Rusiyadan ibarət “Minsk qrupu” adlanan qurum təsis edilib. Həmin qrup 2007-2009-cu illərdə münaqişənin həlli üçün “Madrid prinsipləri”ni formalaşdırıb”.

Stiven Blank ABŞ-dakı  Amerika Erməni milli komitəsi (ANCA) Madrid prinsiplərini qəbul etmədiyinə diqqəti cəlb edərk onların bu mövqeyini tənqid edib. O yazır ki, ANCA-nın əsl dərdi Madrid prinsiplərinin Dağlıq Qarabağı müstəqil ərazi olaraq qəbul etməməsidir.  Bununla əlaqədar Stiven Blank xatırladır ki, bu yaxınlarda Erməni milli komitəsi özünün Madrid prinsipləri ilə razılaşmadığı barədə bəyanat verib. Müəllif qeyd edir ki, ANKA-nın bəyanatında  nəinki müstəqillik tələbləri, həmçinin bir çox yalan və iftira dolu ittihamlar da əksini tapıb: “Əslində isə ANCA-nın istədiyi Dağlıq Qarabağın müstəqil dövlət elan edilməsi ilə ərazilərin işğalını legitimləşdirməkdir. Bu isə münaqişənin körüklənməsi deməkdir”.

Stiven Blank münaqişənin həllində ANKA ilə Nikol Paşinyanın mövqlərinin üst-üstə düşdüyünü və bunun bölgədə müharibə təhlükəsini artırdığını da xüsusi vurğulayıb. O qeyd edib ki, müharibə başlayacağı təqdirdə ondan Ermənistanın qalib çıxa biləcəyi şübhə doğurur: “Yeni müharibə Ermənistan üçün böyük bədbəxliklərə və iqtisadi fəlakətə gətirib çıxaracaq”.

Öz növbəsində tanınmış hərbi ekspert Üzeyir Cəfərov Mediainfo.az saytına verdiyi açıqlamada: “Nə qədər ki, münaqişə həllini tapmayıb, o qədər də bölgədə müharibə təhlükəsi qalmaqda davam edəcək. Əgər müharibə yenidən başlasa, Azərbaycan işğal altında olan torpaqlarını asanlıqla azad etmək imkanı əldə edəcək”,-deyib.

MURAD