Ukraynada Zelenski dövrü başlayır

0
418

Ötən bazar günü Ukraynada keçirilən prezident seçkilərində Vladimir Zelenskinin səslərin böyük əksəriyyətini alaraq qalib gəlməsi beynəlxalq aləmdə kifayət qədər tanınmış nüfuzlu siyasətçilər və politoloqlar tərəfindən belə təəccüblə qarşılanıb.

Buna da səbəb şoumen Zelenski ilə müqayisədə Poroşenkonun daha təcrübəli və xalq arasında kifayət qədər nüfuza malik olması idi. Son məlumatlara görə, Vladimir Zelenski səslərin 73,15%-ni (12973916 səs) qazanıb. Onun rəqibi, hazırkı prezidenti Petro Poroşenko isə səslərin 24,52%-ni (4350011 səs) toplayıb. Qeyd edək ki,  MSK-nın sədr müavini Yevgeni Radçenko Ukraynanın “1+1″ telekanalına müsahibəsində qeyd edib ki, seçkilərin nəticələri aprelin 30-da açıqlanacaq Onu da deyək ki, Ukraynadakı mövcud.qanuna əsasən, MSK seçkinin rəsmi nəticələrini 2019-cu il mayın 1-dən gec olmayaraq açıqlamalıdır.

Seçkilərdə Zelenskinin qalib gəlməsinə gəlincə, o öncədən rəy sorğularına əsasən Poroşenkodan xeyli irəlidə olsa da onun bu qədər üstünlüklə qalib gələcəyinə çoxları inanmırdı. Poroşenko öz rəqibini yalnız Lvov vilayətində üstələyib. Lvovda seçicilərin 62,9 faizi Poroşenkoya, 34. 49 faizi isə Zelenskiyə səs verib.  Bundan əvvəl 2014-cü ildə isə Poroşenko prezident seçkilərində səslərin 54,7 faizini alaraq qələbə çalmışdı. Bütün hallarda Ukraynada prezident seçkisinin ikinci turundan sonra ortaya çıxan mənzərə gözləniləndən çox da fərqlənməyib. Bununla yanaşı, namizədlərin son açıqlamaları Ukraynanın demokratiyanın inkişafı istiqamətində daha bir olduqca önəmli addım atdığını təsdiqləmiş oldu. Çoxları prezident seçkilərinin nəticələrinə Poroşenko və onun tərəfdarları tərəfindən etiraz ediləcəyini gözlədiyi halda Pyotr Poroşenko hələ seçkinin rəsmi nəticələri tam açıqlanmamış Vladimir Zelenskini təbrik etdi və bununla da seçkilərdən sonra Ukraynanın daxili çəkişmələr meydanına çevrilə biləcəyini gözləyənlərin ümidlərini boşa çıxarmış oldu. Əslində Pyotr Poroşenko belə bir addımı ilə bir çox postsovet ölkələri üçün hakimiyyətin heç bir qarşıdurmasız və sivil qaydada ötürülməsində günümüzə xas olan bir demokratriya nümunəsi göstərmiş oldu. Bununla bağlı  Poroşenko blokunun parlamentdəki fraksiyasının rəhbəri Artur Gerasimov mətbuata verdiyi açıqlamasında deyib ki, Poroşenko öncədən seçkinin istənilən nəticəsini qəbul etməyə hazır idi. Bu baxımdan Ukraynanı Rusiya ilə müqayisə edən Gerasimov deyib ki, Ukraynada demokratiya hökm sürür. O:“Ukrayna Rusiya deyil”,- deyib.

A.Gerasimov əlavə edib ki, Ukrayna Rusiyadan fərqli olaraq, demokratik ölkədir və bunu beynəlxalq təşkilatlar, eləcə də seçki müşahidəçiləri rəsmən təsdiqləyiblər. Prezident seçkilərində Zelenskiyə məğlub olan Pyotr Poroşenko isə siyasətdən getməyəcəyini bildirib. O deyib ki, müxalifətdə olaraq siyasi mübarizəsini davam etdirəcək. Məsələ ilə bağlı  siyasi blokun digər təmsilçisiAleksey Qonçarenko isə deyib ki, bundan sonra P.Poroşenko bütün diqqəti payızda keçiriləcək parlament seçkisinə yönəldəcək və onun partiyası yeni hakimiyyətə müxalif olacaq.  Poroşenko öz növbəsində Zelenskiyə ölkəni idarə etməkdə kömək etməyə hazır olduğunu bildirib.

Diqqəti cəlb edən bir məsələdə prezident seçkilərndə qalib gələn Zelenskinin dərhal Fransa prezidenti Emmanuel Makrona zəng edərək onunla danışması olub. Lakin danışıqların təfərrüatı açıqlanmır. Qeyd edək ki, daha əvvəl Zelenskinin seçki qərargahından onun Rusiya ilə danışıqlar aparmaq istəyi bildirilib. Belə başa düşmək olar ki, Makrona dərhal zəng etməklə Zelenski xarici siyasət sahəsində Rusiyanı qıcıqlandıran ABŞ-la deyil, Fransa ilə işbirliyinə üstünlük verəcək.

Yeri gəlmişkən onu da deyək ki, Ukrayanda prezident seçkisində qalib gələn Vladimir Zelenskinin andiçmə mərasimi mayın 28-də keçirilə bilər. Bunu onun Seçki Qərargahının nümayəndələrindən biri deyib. O əlavə edib ki, bu tarixin təyin edilməsi parlamentin buraxılmaması ilə bağlıdır. Çünki 6 aydan sonra Ukrayanda növbəti parlament seçkiləri keçiriləcək. 

Ukraynada keçirilən prezident seçkilərində qalib gələn Vladimir Zelenskinin Rusiya ilə, yoxsa Qərblə əməkdaşlıq edəcəyi xüsusi maraqla gözlənilir. Bəzi politoloqların fikrincə bütün hallarda Poroşenkonun rəqibinə məğlub olması Ukrayna uğrunda Qərblə mübarizədə Rusiyanın qələbəsi deməkdir. Bu da əsassız deyil. Poroçenko ilə müqayisədə Zelenski siyasətçi kimi çox da güclü fiqur deyil. Onun dövləti idarə etməkdə hər hansı təcrübəsi də yoxdur.  Rusiyaya düşmən mövqe tutan Poroşenko ilə müqayisədə Zelenskini tora salmaq və onun təcrübəsizliyindən istifadə edərək ölkə daxilində  qarşıdurma salmaq, Krım, həmçinin qondarma Donetsk və Luqansk respublikalarına münasibətdə hansısa güzəştlərə getməyə məcbur etmək Rusiya üçün bir o qədər də çətin hesab edilmir. Üstəlik Zelenski faktiki olaraq ölkəni idarə etmək üçün güclü  komandaya malik də deyil.  Məhz bu baxımdan Zelenskinin prezident seçkilərində qalib gəlməsi Rusiyada sevinclə qarşılanıb. Təsadüfi deyil ki, Ukraynanı xaosa sürkləyən və ölkəni qarşıdurma meydanına çevirən eks prezident Yanukoviç Zelenskinin prezident seçkilərində qələbəsini Rusiyanın qələbəsi hesab etdiyini bildirib. Zelenskini qələbə münasibəti ilə təbrik edən Yanukoviç  onunla əməkdaşlığa hazır olduğunu vurğulayıb. Lakin hələlik Rusiya prezidenti Vladimir Putin Vladimir Zelenskini təbrik etməyib. Bununla əlaqədar prezident Vladimir Putinin rəsmi nümayəndəsi Peskov deyib ki, Zelenskinin Rusiyaya münasibətdə hansı addımı atacağı məlum deyil və ona görə Kremlin rəhbəri təbrik məsələsində gözləmə mövqeyi seçib.

Yeri gəlmişkən onu da deyək ki, Putinlə müqayisədə ABŞ prezidenti Donald Tramp Zelenskini təbrik edərək onunla əməkdaşlığa hazır olduğunu bəyan edib. Ukraynaın ən böyük qonşularından olan Polşa rəhbərliyi də prezidenti  Zelenskini qələbə münasibəti ilə təbrik edərək onunla konstruktiv əməkdaşlığı davam etdirəcəyini bildirib.

Prezident seçkilərində  Zelenskinin qalib gəlməsi Ukrayna pravoslav kilsəsini Rusiyaya tabeçilikdən çıxaran Poroşenkoya düşmən mövqe nümayiş etdirən Moskvanın və bütün Rusiyanın Patriarxı Kiril tərəfindən də  sevinclə qarşılanıb. Ukraynanın yeni seçilən prezidenti Vladimir Zelenskini təbrik edən Kiril öz sevincini belə ifadə edib:

“Ukrayna xalqı sizin namizədliyinizi dəstəkləməklə həyatlarının yaxşıya doğru dəyişməsində sizə böyük ümidlər bağlayıb”.

O, Ukrayna pravoslav kilsəsinə mənsub olan ölkə vətəndaşlarının diskriminasiyaya məruz qaldığını və bu əzabın bitəcəyinə ümidvar olduğunu bildirib.

Ukrayna daxilində də Zelenskinin seçkilərdə qalib gəlməsinə münasibət birmənalı deyil. Məsələn, Poroşenkonun dövründə ölkədəki korrupsiyaya qarşı amansız müharibə aparması ilə tanınan odessalı jurnalist Yelena Rotar deyib ki, o Zelenskini müstəqil fiqur hesab etmir və onun arxasında oliqarx İqor Kolomiyski dayanır. Yelena Rotar : “Poroşenko da oliqarxdır, Kolomiyski də. Amma mən seçkilərdə Poroşenkoya səs verdim. Çünki Ukraynanın dövlət kimi müstəqlliyini qoruyub saxlaması üçün ölkəmizəPoroşenko lazım idi.  Zelenski Kolomiyskinin əlində sadəcə olaraq prezident kimi bir fiqur rolunu oynayacaq”,-deyib.

 Zelenskinin prezident kimi ilk dəstəkləyənlərdən biri də Batkivşinanın rəhbəri, prezident seçkilərində iştirak edən Yuliya Timoşenko olub.  Zelenskini prezident seçilməsi münasibəti ilə təbrik edən Yuliya Timoşenko onunla  işləməyə və ölkəni idarə etməkdə yardım göstərməyə hazır olduğunu bəyan edib. Timoşenko Zelenskini dərhal güc nazirlikləri rəhbərlərini dəyişdirməyə çağırıb. O deyib ki, Poroşenkonun əsas dayaqları hesab edilən güc nazirlikləri rəhbərləri vəzifələrində qalacaqları təqdirdə Zelenskinin hakimiyyəti üçün təhlükə davam edəcək.

Zelenskini həmçinin hazırki daxili işlər naziri erməni əsilli Arsen Avakovun da dəstəkləyəcəyi gözlənilir.  Bununla bağlı Kiyevdəki siyasi tədqiaqatlar mərkəzinin rəhbəri Vladimir Fesunenko: “Avakov və Zelenski yaxşı münasibətdədirlər və onlar arasında mehriban əlaqələr  var. Zelenski Avakov üçün Ukraynada daha güclü fiqura çevrilmək anlamına gəlir. Ona görə də belə hesab edirəm ki, Avakov ölkənin idarə edilməsində hər vasitə ilə Zelenskiyə dəstək verəcək”,-deyib.

Bütün bunlarla bərabər ortada heç kəsdən gizli olamyan bir həqiqət var. Bu da oliqarx İvanişvilinin Gürcüstanda pərdə arxasından ölkəni idarə etdiyi kimi, Kolomyskinin də eyni yolla Zelenskidən fiqur kimi istifadə edəcəyi və Ukraynanı idarə edəcəyi ilə bağlıdır.  Poroşenkonun prezidentliyi dövründə xaricə getməyə və bir müddət İsveçrədə, sonra isə İsraildə yaşamağa məcbur olan Kolomiyskinin isə xarici siyasət sahəsində Rusiyaya, yoxsa Qərbə stavka edəcəyi hələlik məlum deyil.  

Emin Axund