Avtomobili DYP daşıyır, ödəniş özəl şirkətə edilir

0
974

Bəylər Məcidov

Dövlət Yol Polisi İdarəsinin (DYP) əməkdaşları tərəfindən qadağan edilmiş yerlərdə saxlanılan avtomobillərin mühafizə olunan duracaqlara aparılması zamanı onların sahiblərindən evakuasiya xidmətinə (nəqliyyat vasitəsinin duracağa gətirilməsi xidməti) görə alınan haqq dövlət büdcəsinə ödənilmir. Bunu “Zaman-Azərbaycan” qəzetinə belə hallarla qarşılaşan avtomobil sahibləri bildirib. Belə halla qarşılaşan avtomobil sahiblərindən birinin bizə təqdim etdiyi ödəniş qəbzi də səslənən iradların həqiqət olduğunu göstərir. Təqdim olunan ödəniş qəbzi 1501720121 nömrəli vergi ödəyicisinə – “Evakuasiya.az” MMC-yə məxsusdur. Avtomobil sahibi bildirir ki, ona məxsus avtomobil duracağa Dövlət Yol Polisi İdarəsinə məxsus təxliyyə avtomobili ilə aparılsa da ödənişi “Evakuasiya.az” şirkətinə məxsus hesaba ödətdiriblər.

“Yol Hərəkəti Haqqında” Qanunun 52-ci maddəsinin tələblərini – dayanma və durma qaydalarını pozduğu üçün İnzibati Xətalar Məcəlləsinin 346-cı maddəsinə əsasən 20 manat məbləğində cərimə yazılıb və bununla bağlı tərtib edilən protokol sürücüyə təqdim olunub. Ancaq nəqliyyat vasitəsinin duracağa gətirilməsi xidmətinə görə alınan haqq qeyd etdiyimiz kimi “Evakuasiya.az” şirkətinə məxsus, “DəmirBank” tərəfindən verilən POS14326 nömrəli POS-Terminal vasitəsilə ödənilib.

Qeyd edək ki, bu məsələ əvvəllər də mətbuatın gündəmində olub. Bununla bağlı mətbuata açıqlama verən Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqər şöbəsinin rəisi Kamran Əliyev bildirib ki, avtomobillər mühafizə olunan duracaqlara DYP-nin “Siqnal” İstehsal Layihə İdarəsi tərəfindən təxliyyə olunurlar: “Zəruriyyət yarananda digər özəl evakuator şirkətlərinin xidmətlərindən istifadə olunur. “Siqnal” İstehsal Layihə İdarəsi həmin şirkətlərlə müqavilə bağlayır. Bu siyahıya bir neçə özəl şirkət daxil edilib. Tarif Şurasının tətbiq etdiyi 20 manat daşınma haqqı özəl şirkətin hesabına keçir”.

Ancaq təqdim etdiyimiz nümunədən belə görünür ki, DYP rəsmisinin dediyinin əksinə olaraq avtomobili duracağa özəl evakuator şirkətinə məxsus təxliyyə avtomobili ilə gətirilmədiyi halda da ödəniş özəl şirkətin hesabına edilir.

Bu məsələdə DYP rəsmisini təkzib edən başqa bir məqam odur ki, “Evakuasiya.az” şirkətinə məxsus rəsmi veb-saytda bu şirkətin DYP ilə əməkdaşlıq etdiyinə dair bir cümlə belə yoxdur. Şirkətin məlumatlarında göstərilir ki, onlar yalnız sifariş əsasında nasazlıq və ya qəzalar zamanı avtomobilləri bir yerdən digər bir yerə aparırlar.

İzahına ehtiyac olan digər bir məqam isə odur ki, “Evakuasiya.az” şirkətinə məxsus POS-Terminaldan çıxan ödəniş qəbzinin üzərində xidmət növü olaraq “Avto Cərimə Meydançası” yazılıb. Bildiyimiz kimi “Cərimə Meydançası” olaraq bilinən duracaqlar yalnız DYP-yə məxsusdur. Özəl şirkətlərin bu istiqamətdə fəaliyyət göstərməsi qanunla qadağandır. O zaman “Evakuasiya.az” şirkətinə məxsus POS-Terminaldan çıxan ödəniş qəbzinin üzərində “Avto Cərimə Meydançası” ifadəsi hansı əsasla yazılıb?

Bir məsələni də qeyd edək ki, Vergilər Nazirliyinin saytında “Evakuasiya.az” MMC-nin 24 yanvar 2011-ci ildə qeydiyyatdan keçdiyi, qanuni təmsilçisinin isə Aqil İsmayıl oğlu Zeynalov olduğu göstərilib.

Avtomobil sahiblərini zərərə salan evakuatorlar…

Mövzu ilə bağlı apardığımız müşahidələr və sürücülərlə etdiyimiz söhbətlər də onu göstərir ki, bu gün Bakı sakinlərinin və qonaqlarının ən böyük narazılıqlarından biri də evakuatorların göstərdiyi “xidmətlə” bağlıdır. Söhbət Bakı Şəhər Dövlət Yol Polisinə aid və özəl şirkətə aid olub ancaq yol polisi üçün “çalışan” evakuatorlardan gedir. Başda ona deyək ki, istər haqlı, istər haqsız yerə avtomobillərin evakuator vasitəsilə cərimə meydançasına aparılması müasir dünya ölkələrində rast gəlinməyən bir təcrübədir. Dünyanın həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrində qanunu pozan, daha doğrusu qadağan olunmuş yerdə saxlayan nəqliyyat vasitələrinə fotoşəkilləri çəkilərək cərimə yazılır. Daha avtomobil evakuator vasitəsilə yeri-yurdu naməlum olan dayanacaqlara aparılmır. Elə fikirlərini öyrəndiyimiz sürücülərin də əksəriyyəti bundan gileyləndilər.

Bakı sakini Hacıyeva Afət bizə müsahibəsində avtomobilinin hansı cərimə dayanacağına aparıldığını tapmaq üçün bir neçə yer gəzdiyini və buna görə də taksiyə xeyli pul ödədiyini bildirdi: “Avtomobilimi əsas yoldan çox aralı, yaşayış binalarının arasından aparıblar. Həmin yerdə nə xüsusi park yerləri, nə də saxlanma qadağandır işarəsi var. Maşının harada olduğunu tapmaq üçün nə qədər yer gəzdim. Avropada, dünya ölkələrində necədir? Qaydanı pozmuşam cəriməni yaz ödəyim. Mən niyə taksiyə bu qədər pul xərcləməliyəm ki, maşınımı tapım?”

Digər sürücü Natiq İsbatov isə avtomobilinin yerdəki piltələri dağıdaraq evakuatora yükləndiyini söylədi: “Səhər 11:00 radələrində avtomobilimi “Karvan” şadlıq sarayı ilə Nəqliyyat Nazirliyinin binası arasındakı hasarın yanında saxlamışdım. Günorta çıxıb gördüm ki, maşın yoxdur. Səbəb olaraq da saxladığım yerin piyadalar üçün nəzərdə tutulan səki olduğunu dedilər. Orada Nəqliyyat nazirliyinin avtobusu, maşınları dayanır. Onlara heç nə demirlər, sadə vətəndaş gətirib saxlayan kimi tez aparırlar. Qayda pozuntusunun şəklini çəkib cərimə yazsalar daha yaxşı olardı. Başqa vaxt Avropa, Avropa deyirlər. Belə şeylərdə də Avropa standartını tətbiq etsinlər də. Yoxsa mən ailəvi bir yerə gedirəm çıxıb görürəm ki, maşın yoxdur. Taksi ilə avtomobilimi axtarıram”. N.İsbatov ona yazılan cərimə ilə razı olmadığını və bu barədə Bakı Şəhəri Dövlət Yol Polisi idarəsinə müraciət etdiyini bildirdi: “Mənə yazılan cərimə ilə bağlı iki gün sonra Bakı Şəhər dövlət Yol Polisinə məktub yazdım. Məktubuma gec baxıldı. Üstündən xeyli vaxt keçdikdən sonra çağırdılar və cərimənin düzgün olduğunu bildirdilər. Getdim poçta cəriməni – 20 AZN-i ödəməyə, orada dedilər ki, 20 deyil 26 manat ödəməlisiniz. Mənim şikayətimə baxılan müddət gecikmə kimi qeydə alınıb və cərimənin üzərinə əlavə 6 azn edilib”.

Tbilisi prospekti ilə Salamzadə küçəsinin kəsişməsində yerləşən cərimə meydançasına avtomobili gətirilən başqa bir sürücü isə avtomobilinə zərər vurulduğunu bildirdi. Avtomobilinin sərnişini Samirə Məmmədova ilə söhbətimiz zamanı o, maşının antenasının evakuator vasitəsilə təxliyyə edilərkən sındırıldığını söylədi: “Avtomobilin antenası avtomatik çalışırdı. Ancaq hal-hazırda nasazlıq var. İşləmir. Antena pult vasitəsi açılıb, bağlanır indi isə tam işləmir”. Qeyd edək ki, hadisə yerinə müşahidəmiz zamanı dayanacaqdakı polis əməkdaşları vətəndaşa avtomobilin antenasını düzəltməyi təklif edirdilər. Sürücü isə onların usta olmadıqlarını əsas gətirərək, antenanın təmiri və ya yenisinin pulunu tələb edirdi.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov “Zaman-Azərbaycan” qəzetinə verdiyi açıqlamasında xüsusilə paytaxtın mərkəzi küçələrində dayanma, durma və parklanma tələblərinin pozulması ilə bağlı çox ciddi tədbirlər həyata keçirildiyini bildirdi: “Tərəfimizdən gündəlik olaraq sözügedən tələbləri pozanlar aşkarlandıqca dərhal yerindəcə inzibati qaydada protokol tərtib olunur. Ümumiyyətlə dayanma-durma ilə bağlı avtomobilin sürücüsü yanında olarkən yerindəcə inzibati protokol tərtib edilir. Yaxud avtopatrul avtomobillərinə quraşdırılmış kompyuterlər vasitəsilə düzgün parklanmayan nəqliyyat vasitəsinin sürücüsü barəsində tədbir görülməsi üçün foto materiallar hazırlanır. Həmin materiallar avtomobilin qabaq alın şüşəsinə yerləşdirilməklə sürücüyə xəbərdarlıq edilir. Bəzi yerlərdə isə avtomobil vasitələri evakuatorlar vasitəsilə müvəqqəti mühafizə olunan dayanacaqlara daşınır ki, həmin sürücülər də tələb edilən müvafiq cərimələr ödənildikdən sonra avtomobil vasitəsi dayanacaqdan buraxılır”.

V.Əsədov gün ərzində ortalama neçə avtomobilin cərimələndiyini və evakuator vasitəsilə cərimə meydançalarına aparıldığını açıqlayıb: “Gün ərzində Bakı şəhri üzrə xüsusilə mərkəzi küçələrdə əməkdaşlarımız xidməd apararkən 600-dən çox avtomobil sürücüsünə dayanma-durma və yaxud parklanma tələblərini pozduğuna görə, inzibati məsuliyyət tətbiq edilir. Evakuator vasitəsilə 60-dan çox nəqliyyat vasitəsi dayanacaqlara daşınır. Əlbəttə ki, bu sahə üzrə müəyyən narazılıqlar olur ki, gündəlik idarəmizə vətəndaşlar tərəfindən yazılı və ya şifahi olaraq müraciətlər daxil olur. Hər bir vətəndaşı qəbul edib, onu qane edəcək dərəcədə müraciətini cavablandırırıq”.

Cərimə meydançasının “qurbanı olan” piyada zolağı

Tbilisi prospekti ilə Salamzadə küçəsinin kəsişməsində yerləşən cərimə meydançasının qarşısındakı yolda piyadalar üçün nəzərdə tutulan heç bir zolaq, keçid yoxdur. Əslində Bakı-2015 Avropa Oyunlarının ərəfəsində sözügedən ərazidəki yolun hər iki istiqaməti üzrə piyada zolağı və nişan qoyulmuşdu. Ancaq cərimə meydançası açıldıqdan sonra yolun bir tərəfindəki piyada zolağı və nişan götürülb. Bu səbəbdən həmin ərazidən yolu keçməyə çalışan piyadalar yolda şütüyən avtomobillərlə sözün əsl mənasında sürət yarışına çıxırlar. Bir neçə dəqiqə ərzində apardığımız müşahidə zamanı bir neçə piyadanın yolun fərqli hissələrindən avtomobillərin qarşısından qaçaraq yolu keçdiklərinin şahidi olduq. Məsələ ilə bağlı cərimə meydançasının əməkdaşlarından fikir öyrənmək istəsək də, onlar həmin ərazidə bir vaxtlar piyada zolağının olmasından xəbərsiz olduqlarını söylədilər. Qeyd edək ki, yolun həmin hissəsində ləğv olunan piyada zolağının az da olsa izləri qalmaqdadır. V. Əsədov yalnız Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının qərarı ilə piyada zolaqlarının və nişanlarının dəyişdirilib və ya ləğv edildiyini bildirdi.

Qəza şəraiti törədən evakuatorlar və polis əməkdaşları

Yuxarı qeyd etdiyimiz cərimə meydançasında müşahidə apardığımız bir saat ərzində bir evakuatorun və polis əməkdaşlarının idarə etdikləri mülki və xidməti avtomobillər ilə yol hərəkəti qaydalarını pozduqlarının şahidi olduq. Belə ki, həm üzərində avtomobil olan evakuator, həm də polis əməkdaşları tərəfindən idarə olunan avtomobillər Salamzadə küçəsi ilə gələrək üzü Tbilisi prospekti tərəf hərəkət istiqamətinin əksinə gedərək cərimə meydançasına daxil oldular. Bu an qarşıdan gələn nəqliyyat vasitələrinin hərəkətinə mane olmaqla yanaşı qaydaları pozan evakuator və polis əməkdaşları yolu keçən piyadaların da həyatını təhlükə altına atırdılar.

Burada ortaya bir sual çıxır. Evakuator sürücüsünə və ya vətəndaşın avtomobilini idarə edən polis əməkdaşına qanunu pozaraq, insanların həyatını təhlükəyə ataraq qəza şəraiti törətmək haqqını kim verir? Burada paradoks da var. Qaydanı pozduğun üçün avtomobilini səndən alırlar, ammai daha dəhşətli nəticələri ola biləcək qayda pozuntularına səbəb olurlar.

Məsələyə münasibət bildirən V.Əsədov bütün nəqliyyat vasitələrinin növündən və onu idarə edən şəxsin kimliyindən asılı olmayaraq yol boyu bütün qanunlara riayət edilməli olduğunu vurğuladı: “Əks halda Bakı şəhər ərazisində quraşdırılmış kameralar vasitəsilə hərəkət boyu yol verilmiş hər hansı bir xəta qeydə alınarsa sürücü barəsində tədbir görülməsi üçün protokol hazırlanır. Həmin sürücü aşkarlanaraq məsuliyyətə cəlb olunur. Heç kim düşünməsin ki, idarə etdiyi avtomobilin növündən, markasından və yaxud dövlət nömrə nişanından asılı olaraq o, nəqliyyat vasitəsini istədiyi kimi idarə edə bilər. Hətta evakuator vasitələrini idarə edən sürücülər belə qaydaları pozursa bu kameralar tərəfindən qeydə alınır. Həmin görüntülər əsasında xəta varsa həmin sürücü məsuliyyətə cəlb olunur. İlin əvvəlindən bu günə evakuator idarə edən sürücülər arasında 17 fakt aşkarlanıb və sürücülər məsuliyyətə cəlb olunub. Eyni zamanda kobud formada yol hərəkət qaydalarının pozulması ilə bağlı daxil olmuş məlumar araşdırılıb və iki polis əməkdaşı işdən azad edilib.

Daşınan nəqliyyat vasitəsinə hər hansı bir maddi ziyan dəyərsə və bu evakuator sürücüsünün günahı ucbatından baş veribsə məsuliyyət tam evakuator sürücüsünün üzərinə düşür. Dəymiş maddi ziyanı həmin sürücü ödəməlidir. Heç bir polis əməkdaşı funksional vəzifəsindən asılı olmayaraq vəzifə səlahiyyətlərini aşmamalıdır”.

BIR CAVAB BURAXIN