Arvadını Masazırdakı moteldə bıçaqladı – CİNAYƏT İŞİ

0
694

Zəngilan rayon sakini, 1980-ci il təvəllüdlü Zöhrab İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Teleqraf.com xəbər verir ki, Zöhrab İsmayılov 2004-cü ildən nigah münasibətində olduğu həyat yoldaşı Vəfa Abdullayevanın başqa kişilərlə telefonla danışmasını, onlarla mesajlaşmasını ehtimal edib, ona xəyanət etdiyini düşünüb.

Bu səbəbdən Zöhrab İsmayılov boşanmaq barədə ərizə ilə Qaradağ rayon Məhkəməsinə müraciət edib. Həmin məhkəmənin 16 oktyabr 2014-cü il tarixli qərarı ilə nigahlarının ləğv olunub.

Buna baxmayaraq, onlar Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Z.Hüseynov küçəsi 101 ünvanında məskunlaşdığı yataq və mətbəxdən ibarət mənzildə birgə yaşayıblar, 2 azyaşlı övladlarına birgə himayədarlıq ediblər.

Zöhrab İsmayılov 16 fevral 2015-ci il tarixdə səhər yuxudan oyandıqdan sonra yaxınlıqdakı parkda gəzdiyi zaman Vəfa Abdullayevanın Biləcəri qəsəbəsindəki uşaq poliklinikasından çıxaraq “VAZ 2107” markalı, banında taksi nişanı olmayan avtomaşına əyləşdiyini görüb.

Buna görə də o, faktiki nikah münasibətində olduğu keçmiş arvadının başqa kişilərlə intim münasibətdə olması qənaətinə gəlib. O, istintaqla müəyyən edilməyən taksi avtomobilinə oturaraq, sürücüdən Vəfa Abdullayevanın əyləşdiyi avtomobilin arxasınca sürməsini xahiş edib.

İzləyərkən Zöhrab İsmayılov həyat yoldaşının olduğu avtomobilin Masazır qəsəbəsində yerləşən “ROMİ” motelinə daxil olduğunu görüb və sonra avtomaşından düşərək onların arxasınca gedib.

Zöhrab İsmayılov başında hicab və şal olan Vəfanın əvvəllər tanımadığı bir kişi ilə motelin otaqlarından birinə daxil olduğunu görüb. O, kənardan müşahidə apararaq ofisiantlardan birinin Vəfagilin olduğu otağa çay apardığını görüb və onun arxasınca gedərək otağa daxil olub.

Həmin vaxt otaqlardan birindəki çarpayının üstündə uzanmış Vəfa Abdullayevaya yaxınlaşan Zöhrab İsmayılov “sən burda nə gəzirsən”, – deyə bildirib. Zöhrab İsmayılov özündə olan bıçaqla Vəfa Abdullayevanı vurub. Vəfa aldığı çoxsaylı xəsarətlərdən hadisə yerində ölüb.

Zöhrab İsmayılov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddələri ilə ittiham edilib. Zöhrab İsmayılovun barəsində olan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb.
“Pulu gecə-gündüz işləyərək qazanmışam”

Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Zöhrab İsmayılov bildirib ki, Zəngilan rayonunun Məmmədbəyli kəndində anadan olub, orada böyüyüb: “1993-cü ildə Zəngilan rayonu işğal olunduqdan sonra bir müddət ailəm ilə birlikdə İmişli rayonunun Qaradonlu kəndində məskunlaşmışam. Təxminən bir ildən sonra Bakı şəhərinə köçdük və Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi 101 ünvanında yaşamağa başlamışam. Ailədə dörd qardaş, bir bacıyıq. Bacım subaydır, atam ilə bir yerdə yaşayır. Anam 1997-ci ildə ölüb. Atamın hazırda 79 yaşı var, təqaüdçüdür. Özüm 2000-2002-ci illərdə hərbi xidmətdə olmuşam, ordu sıralarından təxris olduqdan sonra Bakı poladəritmə zavodunda, sonra isə Gəmitəmiri zavodunda çilingər işləmişəm”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, 2004-cü ildə Vəfa Abdullayeva ilə ailə həyatı qurub: “Evləndikdən sonra atam mənə öz yaşadığı evin yanında iki otaqdan ibarət ev tikdi. Həmin nigahdan iki övladım dünyaya gəlib, hazırda onlardan böyüyünün 9, kiçiyinin isə 5 yaşı var. Hər ikisi oğlandır. Evliliyimizin ilk illərində arvadım ilə münasibətlərim yaxşı olub. Böyük oğlum ana bətnində olan zaman həkim uşağın ürəyində qüsur olduğunu bildirdi. İsmayılın 5 yaşı olanda övladımı İrana apararaq ürəyindən əməliyyat etdirdim. Bu əməliyyat üçün 30000 manat pul xərclədim. Bu pulu gecə-gündüz işləyərək qazanmışam”.

“İsmayıl anasının pis sözlər danışdığını dedi”

Zöhrab İsmayılov bildirib ki, təxminən il yarım bundan əvvəl oğlu İsmayılı parka gəzməyə aparıb: “Bu zaman İsmayıl anasının gecələr digər şəxslərlə danışdığını, onlarla mesajlaşdığını dedi. İsmayılın deməsinə görə, mən gecə növbədə olarkən anası başqa şəxslərlə danışıb. İsmayıldan Vəfanın nə danışmasını soruşdum. O, anasının “pis sözlər” danışdığını dedi. Bundan sonra evə gələrək Vəfadan ona məxsus mobil telefonu istədim. Amma Vəfa mobil telefonu gizlədərək vermədi. Bundan sonra bir neçə dəfə də oğlum İsmayıl Vəfanın mesajlaşdığını dedi. Buna görə də Vəfadan boşanmaq qərarına gələrək nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə Qaradağ rayon Məhkəməsinə müraciət etdim. Təxminən 1 il bundan əvvəl həmin məhkəmənin qərarı ilə boşanmışam”.

Zöhrab İsmayılovun sözlərinə görə, boşanmalarına baxmayaraq Vəfa ilə eyni evdə yaşamağa davam edib: “Eyni evdə yaşamağımıza baxmayaraq, Vəfa ilə ər-arvad münasibətlərimiz bitib. Övladlarımın hər ikisinə ayda 256 manat aliment ödəmişəm. Bir neçə dəfə Vəfanın mobil telefonla digər şəxslərlə danışmasının şahidi olsam da, hər dəfə əlimdən bir xəta çıxaçağından qorxaraq evdən getmişəm”.

“Otaqlar saatı 10 manata gələn müştərilərə verilir”

Təqsirləndirilən şəxs qeyd edib ki, 16 fevral 2015-ci il tarixdə səhər yuxudan oyanıb və bacısının yanında səhər yeməyini yedikdən sonra bədənində ağrılar olduğu üçün 15 saylı poliklinikaya gedib: “Oradan çıxdıqdan sonra Biləcəri qəsəbəsində yeləşən uşaq poliklinikasının yanından keçəndə Vəfanın poliklinikadan çıxdığını gördüm. Öncə buna əhəmiyyət vermədim. Lakin, sonra gördüm ki, Vəfa “VAZ 2107” markalı avtomaşına oturaraq getdi. Həmin avtomaşının üzərində taksi nişanının olmasından şübhələndim və tanımadığı bir nəfərin idarə etdiyi taksi avtomobilinə oturaraq Vəfanın olduğu avtomobilin arxası ilə getdim. Vəfanın olduğu avtomobil Masazır qəsəbəsi istiqamətində hərəkət edərək “ROMİ” motel kompleksinin həyətinə daxil oldu. Sonra mən də taksidən motelin darvazasının yanında düşdüm. Bundan sonra həyətə daxil olduqda başında hicab olan Vəfanı və onun yanında olan şəxsi arxadan gördüm. Orada olan xidmətçilərdən soruşdum ki, bu yer nə yeridir? Bildirdilər ki, moteldə olan otaqlar saatı 10 manata gələn müştərilərə, yəni kişi və qadınlara görüşmək üçün verilir”.

“Arvadımın yarıçılpaq vəziyyətdə uzandığını gördüm”

Təqsirləndirilən şəxs qeyd edib ki, bunu eşitdikdən sonra çox narahat olub: “Çünki hamı bilirdi ki, mən və Vəfa bir evdə yaşayıriq, ər-arvadıq. Xidmətçilərdən birinin Vəfa ilə başqa kişinin daxil olduğu otağa çay apardığını gördüm və onun arxası ilə gedərək içəri daxil oldum. Bu vaxt həmin şəxs birinci otaqda olub. Mən isə Vəfanın yataq otağında olan çarpayıda yarıçılpaq arxası üstdə uzandığını gördüm. Orada Vəfaya “sən burda nə gəzirsən” dedim. Vəfa məni nalayiq ifadələrlə təhqir etdi. Onun bu sözlərinə əsəbləşərək Vəfanın bədəninin müxtəlif nahiyələrinə bir neçə bıçaq zərbəsi vurdum. Həmin vaxt hirsli olduğum üçün Vəfaya neçə zərbə vurmağımı xatırlamıram”.

“Arvadımı öldürdüyümü dedim”

Zöhrab İsmayılov bildirib ki, bundan sonra otaqdan çıxaraq əl-üzünü və bıçağı yuyub: “Daha sonra Vəfanın gəldiyi “VAZ 2107 markalı avtomaşının təkərlərinin dördünü də bıçqala deşdim. Sonra Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək arvadım Vəfanı bıçaqla öldürdüyümü dedim. Polis əməkdaşları hadisə yerinə gəldikdə onlara təslim oldum”.

Zərərçəkmiş şəxsin hüquqi varisi Zenfira Eyvazova bildirib ki, təqsirləndirilən Zöhrab İsmayılov onun keçmiş kürəkəni, mərhum Vəfa Abdullayeva isə doğma qızı olub. Əvvəllər qızı ilə kürəkənini münasibətlərinin normal olduğunu söyləyən Zenfira Eyvazova bildirib ki, Zöhrabın bacısı Rahibə qızıgilin ailə işlərinə qarışdığı üçün mübahisələr yaranıb, Zöhrab heç bir səbəb olmadan dəfələrlə qızı Vəfanı döyüb: “Hətta sahə müvəkkili dəfələrlə mənə qızımın ərizəsini geri götürməsi ilə bağlı müraciət edib. Bundan başqa Zöhrab məndən tələb edib ki, satdığı evdən ona da pul verim, o da özünə maşın alsın. Məsələ ondadır ki, qızım Vəfa Zöhrabla evli olsalar da, Vəfa və uşaqları Zöhrabgilin yaşadıqları Biləcəri qəsəbəsi Y.Hüseynov küçəsi 101 ünvanda yerləşən yataqxanada deyil, mənim yaşadığım ünvanda qeydiyyatda olublar”.

“Evdə psixi xəstə varsa, o, da Zöhrabdır”

Zenfira Eyvazovanın sözlərinə görə, Zöhraba pul verməyib: “Sonra Vəfa ilə Zöhrabın arasında münasibətlər daha da korlanmağa başladı. Zöhrabdan ailəsini yaşadığı ünvana və yaxud da doğulduğu Zəngilan rayonu Məmmədbəyli kəndindəki evinə qeydiyyata aldırmasını xahiş etsəm də, onun şəraiti olmadığından bundan imtina edib. Qızım Vəfa özünün və uşaqlarının Zöhrabın qeydiyyatda olduğu Zəngilan rayonu Məmmədbəyli kəndinə qeydiyyata düşməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də, Sumqayıt İnzibati İqtisad məhkəməsi iddianı təmin etməyib. Bu proses davam edərkən Zöhrab Vəfa ilə nigahının pozulması, Vəfanı valideynlik hüququndan məhrum edilməsi barədə məhkəməyə müraciət edib. Əsas kimi isə iddia ərizəsində Vəfanın psixi problemlərinin olduğunu qeyd edib. Hətta Zöhrab evə həkim psixiatrları da dəvət edib ki, Vəfanı müayinə edərək xəstəliyi barədə saxta arayış versinlər. Lakin həkimlər Vəfa ilə söhbət etdikdən sonra Zöhraba bildiriblər ki, bu evdə psixi xəstə varsa, o, da Zöhrabdır”.

“Öldürəcəyi ilə dəfələrlə hədələyib”

Zenfira Eyvazova bildirib ki, 2014-cü ilin oktyabr ayının 16-da Qaradağ rayon Məhkəməsi qərar qəbul edərək Zöhrabla Vəfanın nigahını ləğv edib və uşaqların Vəfanın himayəsində qalmasına qərar verib: “Bundan sonra Vəfa iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Zöhrabdan aliment tələb edib. Binəqədi rayon Məhkəməsi 30 may 2014-cü il tarixdə qətnamə çıxardaraq Zöhrabdan 2 may 2014-cü il tarixdən başlayaraq hər uşağa 32 manat olmaqla, hər ay 64 manat aliment tutulması və İsmayılov İsmayıl Zöhrab oğlunun müalicəsi üçün hər ay 50 manat tutularaq Vəfaya ödənilməsi barədə qərar qəbul edib. Ümumilikdə Zöhrab aylıq maaşının 1/3-ni, yəni 256 manat aliment ödəyib. Bu məbləği 4 ay ödədikdən sonra verməyib. Bundan sonra Zöhrab həmin qərarın 50 manat hissəsindən apelyasiya şikayəti versə də, məhkəmə onun iddiasını təmin etməyib. Boşanmalarına baxmayaraq Vəfa uşaqlarla birlikdə Zöhrabın yaşadığı evdə yaşamağa davam edib. Hətta mollada kəbin kəsdirərək ər-arvad münasibətlərini bərpa ediblər. Birgə yaşadıqları dövrdə onların arasında mübahisələr, dava-dalaşlar olub. Bunlar Vəfanın həmin evdən çıxarılması üstündə olub. Dəfələrlə Binəqədi rayon Polis İdarəsinin 6-cı bölməsində onların barələrində araşdırma aparılıb. Vəfanın deməsinə görə Zöhrab onu öldürəcəyi ilə dəfələrlə hədələyib. Evlərində əlində bıçağı nümayiş etdirərək Vəfanı qorxuzurdu. Bu səbəbdən də Vəfa həftənin müəyyən günlərini bizdə yaşayıb”.

“Qızım əxlaqlı qadın olub”

Zenfira Eyvazova qeyd edib ki, 2015-ci ilin fevral ayının əvvəllərində də Vəfa uşaqları ilə birlikdə bir neçə gün onun evində qalıb: “Fevralın 10-da Vəfa uşaqlarla birlikdə evdən çıxaraq öz evinə, yəni yataqxanaya gedib. Bu müddət ərzində qızımla dəfələrlə aramızda telefon danışığı olub. Lakin, fevralın 17-də gün ərzində Vəfaya zəng etsəm də, zənglərim çatmayıb. Digər qızım Sevinc bu səbəbdən Vəfaya “Whatsapp” proqramı vasitəsilə SMS göndərsə də, cavab almayıb.

Bundan sonra qızım Şəhla ilə Vəfanın Zöhrabla yaşadığı ünvana getdik. Orada Vəfanın Zöhrab tərəfindən öldürülməsi barədə məlumat aldıq. Qızım Vəfa əxlaqlı qadın olub, namaz qılıb, başı bağlı olub. Vəfa illərdir Zöhrabın xəstə, gözü görməyən atasına qulluq edib, hətta onu çimizdirirdi. Zöhrab Vəfanı həmin gün izləyib ki, aliment ödəməməsi üçün qətlə yetirsin. Fürsət düşən kimi də niyyətini həyata keçirib”.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zöhrab İsmayılov 15 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Zöhrab İsmayılov apelyasiya şikayəti verib. O, cəzasının yüngülləşdirilməsini istəyib.

Həmçinin zərərçəkmiş şəxsin hüquqi varisi Zenfira Eyvazova da apelyasiya şikayəti verib. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün ləğv edilməsini, Zöhrab İsmayılova 20 il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini istəyib. Baş Prokurorluqda Zöhrab İsmayılovun cəzasının ağırlaşdırılması ilə bağlı apelyasiya protesti verib.

Tərəflərin şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Apelyasiya şikayətləri hakim Nazim Mövsümovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Hakim kollegiyası apelyasiya şikayətlərinin dəlillərini araşdırandan sonra qərar elan edib. Qərara görə, Zöhrab İsmayılovun apelyasiya şikayəti qismən təmin edilib və onun cəzası 11 ilə endirilib.

Məhkəmə prokurorluğun protestini və zərərçəkmiş tərəfin şikayətini təmin etməyib.

Hacı Zeynalov

BIR CAVAB BURAXIN