ABŞ-ın gizli sənədi Putinin ətrafından təcridinə xidmət edir

0
733

ABŞ-ın Rusiyaya qarşı növbəti sanksiya paketi gözlənilən addımdır. Hələ ötən il Konqres ABŞ rəqiblərinə sanksiyalar vasitəsilə əks-təsir göstərmək haqqında qanun qəbul etdi. İndi ortaya çıxan siyahının da həmin qanunun 231-ci bölməsinə uyğun olaraq tətbiq edilməsi nəzərdə tutulur.

Arazinfo.com-un verdiyi məlumta görə, bu fikirləri teleqraf.com-a təhlükəsizlik eksperti Sülhəddin Əkbər ABŞ Maliyyə Nazirliyinin Rusiyaya qarşı yeni sanksiyalar paketini şərh edərkən deyib.

Mütəxəssis qeyd edib ki, sözügedən qanun layihəsini prezident Donald Tramp 2017-ci il avqustun 2-də imzalayıb:

“O zaman Dövlət Departamentinə, Maliyyə Nazirliyinə və Milli Kəşfiyyat Departamentinə tapşırıq verilmişdi ki, bu sanksiyalar altına düşməsi gözlənilən şəxslərin siyahısını, onların prezident Putinlə əlaqələrini, korrupsiya ilə bağlılıqları və aktivləri haqqında məlumatları 29 yanvar 2018-ci ilə qədər ABŞ Konqresinə təqdim etsin.

Nəhayət, hesabat dünən Konqresə təqdim edilib. Bununla da Dövlət Departamenti ABŞ-ın rəqiblərinə sanksiyalar vasitəsi ilə əks-təsir etmək haqda qanunu əsas götürərək yeni siyahı açıqlayıb.

İkinci ən mühüm məsələ odur ki, əslində bu, gizli sənəddir. Sadəcə onun bəzi nüansları mətbuata sızdırılıb”.

Sülhəddin Əkbər hesab edir ki, bu sanksiyaları işə salmaqda ABŞ-ın əsas siyasi məqsədi Rusiya Prezidenti Vladimir Putinin ətrafına, dövlət və hökumət strukturlarında, oliqarxik sistemdə olan yaxınlarına sanksiya tətbiq etmək, habelə onların konsalidasiya olunmuş şəkildə Putinə təzyiq göstərməsinə nail olmaqdır. Bir sözlə, məqsədi Putinin yaxın ətrafını onun üzərinə qaldırmaqdır.

Siyahıdakı şəxslərə hansı sanksiyaların tətbiq ediləcəyinə gəldikdə, onların aktivlərinə həbslərin qoyulması, bank əməliyyatlarının dondurulması, vizaların verilməməsi, eləcə də mümkündür ki, qanunun açıqlanmayan hissəsində bu şəxslərin ailə üzvlərinə hansısa sanksiyaların tətbiqi nəzərdə tutulur. Hansı şəxsə və ya təşkilata sanksiya tətbiq ediləcəksə, onun ABŞ-ın əli çatan bütün maliyyə, iqtisadi, siyasi fəaliyyəti dondurulacaq. Eyni zamanda onlarla əməkdaşlıq qadağan ediləcək, onlara kredit verilməyəcək”.

Qeyd edək ki, ABŞ-ın Maliyyə Nazirliyi Konqresə Rusiya əleyhinə misli görünməmiş sanksiyalar paketi təqdim edib. Paketdəki siyahıda Rusiyanın 114 nəfər yüksək vəzifəli məmurunun, dövlət şirkəti sahiblərinin və 96 nəfər tanınmış biznesmenin adı qeyd olunub. Baş nazir Dmitri Medvedev, xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Sergey Şoyqu, energetika naziri Aleksandr Novak, Federasiya Şurasının sədri Valentina Matviyenkonun adı da həmin siyahıya salınıb.

“Kreml hesabatı” adlı sanksiya sənədində Rusiyanın digər 19 nazirinin də adı var. Burada Rusiya baş nazirinin birinci müavini İqor Şuvalov, müavinlər Sergey Prixodko, Aleksandr Xloponin, Vitali Mutko, Arkadi Dvorkoviç, Olqa Qolodes, Dmitri Kozak və Dmitri Roqozinin adları yer alıb.

BIR CAVAB BURAXIN