ABŞ hansı ölkəyə hücum edəcək?

0
626

Əfqan əsilli ABŞ vətəndaşı olan Ömər Matinin Orlando şəhərindəki “Pulse” gecə klubuna hücumu “Vaşinqton hansı siyasəti yürüdəcək?” sualını gündəmə gətirdi. Və bu səbəbsiz deyil. Çünki 11 sentyabr hadisələrindən sonra Əfqanıstana və İraqa girən ABŞ-ın “əkiz qüllələri” bəhanə üçün özünün partlatdığı iddiaları var idi. İndiyə qədər Vaşinqton siyasətinin bu cür çalarları müşahidə olunub. İndi də məhz əfqan əsilli vətəndaşın hücum etməsi, xüsusilə onun İŞİD-ə sədaqət andı içməsi haqda iddialar diqqətdən yayınmır.
ABŞ hansı siyasəti izləyəcək, yaxud hansı ölkəyə hücum edəcək?

“Bu məsələdə islamın adının hallanması bəhanədir”

Yaxın Şərq üzrə ekspert Sədrəddin Soltan Publika.az-a açıqlamasında 2001-ci il 11 sentyabr terrorundan sonra Əfqanıstanda koalisiya qüvvələrinin birlikdə hərbi əməliyyata başlamasını xatırladıb: “1996-cı ildən Əfqanıstanı idarə edən Taliban hərəkatı həmin il hakimiyyətdən uzaqlaşdırıldı. Cinsi azlıqlar bütün cəmiyyətlərin həm də ən zəif bəndidir. Bu hadisə həm ABŞ-da belə zəif bəndlərin haqlarının qorunmasının istənilən səviyyədə olmadığını, eləcə də belələrinə cəmiyyətin dözümsüzlüyünü göstərdi. Halbuki ABŞ və Avropa İttifaqı başqa dövlətləri cinsi azlıqların haqlarının tapdanmasında tənqid edir. Ancaq bu hadisə vəziyyətin əksini sübut etdi. ABŞ-da cəmiyyətin bu təbəqəsinin hər il ənənəvi yürüşü keçirilir. Baş verən hadisə məsələnin heç də yürüşün və ya ona oxşar şounun keçirilməsi ilə bitmədiyini sübut edib. Başqa sözlə çeşidli dövlətlərdə bir mənalı qəbul edilməyən cinsi azlıqlarla bağlı problemin ABŞ cəmiyyətində həll olunmadığı məlum olub. Bu məsələdə İŞİD-in və ya islamın adının hallanması isə daha çox bəhanəyə də oxşayır. Çünki islam dini ilə yanaşı nə xristian, nə də iudaizm dinləri belə davranışları (cinsi azlıqları) qəbul etmir”.

“Bu hadisə ABŞ-ın terrorçuluğa qarşı mübarizəsinə təsirsiz ötüşməyəcək”

Politoloq hesab edir ki, bu hadisədən Respublikaçılar Partiyası noyabrda keçiriləcək prezident seçkisi qabağı təbliğat kampaniyasında yararlanmağa çalışacaq.
“Onlar demokratları vətəndaşların haqlarının qoruya bilməməkdə ittiham edəcəklər. Məsələn, respublikaçılardan prezidentliyə namizədliyə iddiaçı Donald Trampın ABŞ prezidenti Barak Obamanın istefasını tələb etməsi bu qəbildən sayıla bilər. Cinsi azlıqların müdafiəsinin dünyada güclənməsi üçün bu hadisə müəyyən stimul verə bilər. Çünki onsuz da ABŞ başda olmaqla Qərb dövlətləri bu istiqamətdə fəaliyyət göstərir. Bundan sonra ola bilər ki, insan haqlarının qorunması məsələsində ağırlığı daha çox cinsi azlıqların müdafiəsinə yönəltsinlər. Heç şübhəsiz bu hadisə ABŞ-ın terrorçuluğa qarşı mübarizəsinə də təsirsiz ötüşməyəcək. Dünyanı İŞİD bəlasından qurtarmaq üçün əlavə vəsait ayrılacaq və canlı qüvvə cəlb ediləcək. ABŞ indi hara hücum edəcək? Sadəcə terrorçuluğa qarşı mübarizə bundan sonra kəskinləşə bilər”, – deyə o qeyd edib.

İŞİD məhv ediləcək

Politoloq Natiq Miri isə Publika.az-a açıqlamasında bildirib ki, ABŞ bu hadisədən sonra İŞİD-ə qarşı siyasətini radikallaşdıracaq: “Amerika indiyə qədər İŞİD-lə mübarizənin imitasiyasını edirdi. Bu hadisədən sonra ABŞ Suriya və İraqda İŞİD-i tamamilə yox edə bilər”.
Digər tərəfdən, N. Miri hadisənin seçki ərəfəsində baş verməsinə xüsusisi diqqət çəkir.

“Bu hadisənin seçkilərə hesablandığı da şübhəsizdir. Çünki Tramp anti-müsəlman mövqeyi ilə tanınır. Ola bilsin ki, ona dəstək verən qüvvələr bu hadisəni törətməklə Trampın mövqelərini gücləndirmək istəyirlər. Hesab edirəm ki, Mərkəzi Kəşfiyyat İdarəsi bununla bağlı istintaq prosesi başlaya bilər”, – deyə politoloq vurğulayıb.

BIR CAVAB BURAXIN