6 kiloqramlıq qızıl oğruluğu-məhkəmə davam edir

0
924

arxiv foto

Nəqliyyat Nazirliyində müxtəlif vəzifələrdə işləmiş, bir neçə ay öncəyədək nazirin müşaviri olan Çingiz Baxşıyevin 800 min manatlıq qızıl-brilyantının oğurlanması ilə bağlı cinayət işi dörd aydır ki, Bakı Ağır Cinayətlər Məhkəməsindədir. Əvvəlcə bu işə Rasim Sadıqovun sədrlik elədiyi hakimlər heyəti baxırdı, amma bir müddət əvvəl o, bu prosesdən uzaqlaşdırıldı. İndi də işi Əfqan Hacıyevin sədrlik etdiyi kollegiyaya veriblər.

“Qızılları özləri yerbəyer eləyib”

Çingiz Baxşıyev uzun illər nazirlikdə tabeliyində işləmiş, özünün də bildirdiyi kimi, nazirlikdəki işindən əlavə, həm də şəxsi işlərini gördürdüyü qohumu (anaları xalaqızıdır-red.) Rövşən Əhmədovu var-dövlətini oğurlamaqda suçlayır. Deyir ki, saxlamaq üçün qohumuna etibar elədiyi qızıl-brilyantın böyük bir hissəsini oğurlayıb.

Bu məsələyə görə 2016-cı ilin aprelindən həbsdə olan Rövşən Əhmədov isə ünvanına deyilənləri qəbul eləmir. Deyir ki, ona etibar olunan üç bağlama daş-qaşı elə olduğu kimi də gətirib keçmiş nazir müşavirinin qızıgilə verib. Rövşən Əhmədovun sözlərinə görə, Çingiz Baxşıyevin öz ailə üzvləri – kürəkəni ilə oğlu birləşib, qızıl-zinət əşyalarını ələ keçiriblər, sonra da günahı onun üzərinə atıblar.

“Çingiz Baxşıyevin oğlu Avstriyada yaşayır. Ziya Məmmədovun oğlu Anar Məmmədov Avstriya bankından pul götürmüşdü, bununla əlaqədar nəsə problem yaranmışdı. Ona görə Çingiz Baxşıyevin oğlu tez-tez atasına zəng eləyib deyirdi ki, nazirlə görüşsün, bu məsələ yoluna qoyulsun. Ona görə bilirdim ki, onların ciddi pul problemi var. Həm də kürəkəni ilə oğlunun birgə ticarəti də vardı, buna görə də onlara pul lazım idi. Qızılları özləri “yerbəyer eləyib”, mənim üstümə atırlar. Çingiz Baxşıyevin qızı da yaxşı bilir ki, bu məsələ əri ilə qardaşının arasında həll olunub”, – Rövşən Əhmədovun sözləridi.

200 ədəd 10-luq, 70 ədəd 5-lik, qızıl kəmər, qızıl təsbeh…

Bu cinayət işində diqqətçəkən məqamlardan biri oğurlandığı iddia olunan qızıl-zinət əşyalarının siyahısıdır. AzadlıqRadiosu həmin siyahını əldə edib. Siyahı da Çingiz Baxşıyevin dedikləri əsasında tərtib olunub.

2003-cü ildən Nəqliyyat Nazirliyində işləyən sabiq nazir müşavirinin dediyinə görə, Avstriyaya oğlunun yanına gedərkən iki kiloqramlıq qatıq vedrəsi, 500 qramlıq çayqabı və kağız torba olmaqla, üç bağlamada saxlamaqdan ötrü qohumuna verdiyi qızıl-zinət əşyalarının arasında bunlar olub: 60-70 ədəd 5-lik, 200 ədəd 10-luq, 8 ədəd 7,5-lik, 15 ədəd 15-lik, 20 ədəd qədimi medalyonlar (məcdiyə), müxtəlif qızıl saatlar, Heydər Əliyevin yubileyi ilə əlaqədar buraxılmış monetlər, qızıl 100 manatlıq, Heydər Əliyevin brilyant daşlarla bəzədilmiş döş nişanı, daha bir ədəd xırda döş nişanı, qızıl təsbeh, qızıl kəmər…

Çingiz Baxşıyev deyir ki, saxlamağa verəndə bağlamaların içindəki əşyaların çəkisi 6-7 kiloqram olardı. Amma qızıgildə bağlamalar ona qaytarılanda çəki təxminən 200 qram idi.

Rövşən Əhmədov söyləyir ki, qızılları bir neçə ay saxlayandan sonra öz evində qızının toyuna görə gəl-get çox olacağını nəzərə alaraq, əmanəti qaytarmaq qərarına gəlib. Buna görə Baxşıyevə zəng eləyəndə, o deyib ki, özləri evdə yoxdular, ona görə aparıb qızıgilə qoysun. O da aparıb, Çingiz Baxşıyevin kürəkəninə verib.

“30-40 milyon avrosunu mən gizlətmişəm”

“Mən aparıb fevralın 2-də vermişdim torbaları. Bunlar isə iki aydan sonra – martın 30-da zəng eləyiblər ki, gəl, torbalar yüngüldü. Bəs bu iki ayda torbanın içinə baxmamışdınız? Deyir ki, orada qızlarının da qızılları olub. Bəs nə əcəb, qızı bir maraqlanmayıb ki, qızılları yerindədi, yoxsa yox? İki ayın içində özləri yerbəyer eləyiblər, sonra da mənim üstümə atırlar. Mən bu adamın 20-30 milyonlarla avrosunu, dollarını, funtunu saxlamışam. Oğurlayan olsaydım, elə pul oğurlayardım da. Yaxud da Qobustanda icra başçısının ona verdiyi 900 hektar torpaq sahəsi, Neftçaladakı klinikası mənim adıma olub, lazım olsaydı, elə onları verməzdim”, – Rövşən Əhmədov bildirib.

Çingiz Baxşıyev isə deyir ki, qızı Fatimə ona torbanı verəndə yüngül olduğunu dərhal hiss eləyib: “Gördüm ki, torba həmin torba olsa da, həcm həmin həcm olsa da, çəkisi ümumilikdə 200 qram gələr. Qızımın səhhətinin pisləşəcəyindən ehtiyatlanıb, onların evində heç nə demədim. Öz evimə çatan kimi Rövşəni çağırdım. Rövşən gələndən sonra sellofan torbaları çıxarıb stolun üstünə qoydum”.

Onun sözlərinə görə, Rövşən Əhmədov deyib ki, torbaları elə aldığı çəkidə də kürəkəninə qaytarıb.

Bu işə fevralın 8-dən yeni məhkəmə tərkibi baxacaq.

BIR CAVAB BURAXIN