Sonsuzluq: kim müalicə almalıdır-qadın ya kişi?

0
530

«Uşağın olmamasına görə 6 il müalicə olundum. Ancaq heç bir effekti olmurdu. Problem həyat yoldaşımda deyildi, özümdəydi. Nəhayət, altıncı il problemin səbəbi aşkar olundu. Məlum oldu ki, hamiləlik üçün lazım olan hormonlar sıfır həddindəymiş. Düzgün müalicə olundum və oğlumuz dünyaya gəldi».

Könül Əmirova deyir ki, uzun müddət sonsuzluqdan əziyyət çəkib. Ancaq ümidini üzməyib. Sonuncu dəfə Ukraynada müalicə alıb və övlad sahibi olub.

İndi Azərbaycanda mütəxəssislər sonsuzluğun böyük problem olduğunu deyirlər.

2005-2007-ci illərdə Azərbaycanda kişilərdə sonsuzluq halları 3 dəfə, qadınlarda isə 18 faiz artıb.

Bu barədə məlumatı Səhiyyə Nazirliyi Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun direktoru Faizə Əliyeva verib.

Bütövlükdə isə ölkədə sonsuzluğun səviyyəsi 13 faizə çatıb. Səhiyyə Nazirliyinin məlumatına əsasən, bunun 50 faizi qadın, 30 faizi kişi, 20 faizi isə hər iki tərəfin xəstəliyi ucbatından baş verib:

«Sonsuzluğun həm sayı artıb, həm də yaranma səbəblərinin sayı müxtəlifləşib. Burda kişilər arasında yeniyetməlik dövründə keçirilən infeksiyalar böyük rol oynayır. Kiçik çanaq nahiyəsindən alınan travmalar, müxtəlif xroniki xəstəliklər, cinsi yolla keçən xəstəliklər ata olmaq qabiliyyətini sıradan çıxarır. Qadınlarda travmalar azlıq təşkil edir, iltihabi xəstəliklər, cinsi yolla keçən xəstəliklər əsas rol oynayır. Bəzən bunların heç birini müəyyənləşdirmək olmur, sadəcə, sonsuzluq var. Buna «səbəbi müəyyənləşdirilməyən sonsuzluq» deyirik».

Mama-ginekoloq Təranə Həsənova deyir ki, müalicə üçün əvvəlcə sonsuzluğun səbəbi müəyyənləşdirilməlidir. Müayinədən tək qadın yox, kişi də keçməlidir, düzgün diaqnozdan sonra düzgün müalicə aparılmalıdır. Birtərəfli müayinənin heç bir effekti yoxdur.

«BİZƏ SONSUZLUQDAN ƏZİYYƏT ÇƏKƏN QADINLAR SON VAXTLAR DAHA ÇOX MÜRACİƏT EDİR»

Bunu Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova deyir. O bildirir ki, əvvəllər sonsuzluğun bir səbəbinin qadının yaşının çox olması göstərilirdisə, indi əksinə, azyaşlılar sonsuzların sayının artmasında böyük rol oynayır:

«Erkən nikahlar bu gün Azərbaycan üçün çox ciddi problemdir. Çox vaxt başa düşmürlər ki, 14-15 yaşında ailə quran qız sonsuzluqla daha tez qarşılaşır. Sonsuzluq problemiylə qarşılaşan qadınlar adətən psixoloji problemi olanlar olur. Psixoloji problemi olanın intim həyatında da problemi olur. Əsas odur ki, Azərbaycanda kişilər elementar müayinədən keçmirlər. Cinsi xəstəlikləri kişilər gətirir. Uşaq olmursa, qadın günahkardır, həkimə də qadın getməlidir».

M.Əzizova deyir ki, onlara müraciət edən əsasən qadınlar olur. Kişilər çox cüzi olur.

SONSUZLUĞUN ARADAN QALDIRILMASINA DÖVLƏT DƏ YARDIM ETMƏLİDİR

Bunu həkimlər deyir. Milli Məclisin Sosial siyasət komissiyası isə «Reproduktiv sağlamlığın qorunması və ailə planlaşdırılması haqqında» Qanun layihəsi hazırlayır.

Komissiyanın sədr müavini Musa Quliyev deyir ki, yeni qanun problemin qarşısının alınmasına xidmət edəcək:

«Sonsuzluqdan əziyyət çəkənlərin təbii yolla dünyaya uşaq gətirmə imkanlarının artırılması istiqamətində böyük tədbirlər həyata keçiriləcək. Onların müayinə və müalicəsini, dövlət tibb müəssisələrində reproduktiv sağlamlıq şəbəkəsinin yaradılmasını dövlət maliyyələşdirəcək».

Yeni qanuna əsasən, mübahisələrə səbəb olan «surroqat ana» və «donor hüceyrə» vasitəsilə süni mayalandırma qadağan olunacaq. Qanun layihəsi parlamentin payız sessiyasında müzakirə olunacaq.

BIR CAVAB BURAXIN