Rusiyada “Vostok-2018” hərbi təlimlərinə start verilib

0
705

Rusiya 300,000 nəfər şəxsi heyətin iştirakı ilə Soyuq Müharibə dövrü bitəndən bəri ən irimiqyaslı hərbi təlimlər keçirməyə başlayıb.

Arazinfo.com-un BBC.com/azeri-yə istinadən verdiyi məlumata görə, təlimlərdə ümumilikdə təxminən 300,000 Rusiya hərbçisi, mindən çox təyyarə, helikopter və pilotsuz uçan qurğu, 36000 tank və zirehli maşın, 80-ə yaxın gəmi və s. iştirak edir.

Rusiya ordusunun tərkibində 1 milyonadək hərbi qulluqçu xidmət edir. Bunu nəzərə alsaq, hərbi təlimlərdə ordunun təxminən üçdə birinin iştirak etdiyini demək olar.

Təlimlər 17 sentyabrda Rusiyanın uzaq şərqində başa çatacaq. Təlimlərə Rusiyanın müdafiə naziri Sergey Şoyqu rəhbərlik edir. Nazirliyin bildirdiyinə görə, təlimlərin məqsədi daxili hərbi qrupların sınaqdan keçirilməsidir.

Təlimlərdə həmçinin Çin və Monqolustan hərbi qüvvələri də iştirak edir.

Cənab Şoyqu bu hərbi manevrləri 1981-ci ildə Sovet İttifaqında keçirilmiş manevrlərə bənzədib.

Həmin manevrləri NATO SSRİ-nin güc nümayişi kimi qiymətləndirmişdi.

Ötən il qərb regionunda, miqyasca nisbətən kiçik Rusiya-Belarus manevrləri keçirilib.

Rusiyada hərbi təlimlərin intensivləşdirilməsi NATO ilə Moskvanın münasibətlərində gərginliyin olduğu bir zamanda keçirilir.

“Vostok-2018” miqyasına görə, İkinci Dünya Müharibəsinin ən böyük döyüşlərilə müqayisə edilə bilər.

Prezident Vladimir Putin ordunun və o cümlədən nüvə raketlərinin modernləşdirilməsini özünün prioriteti sayır.

BIR CAVAB BURAXIN